Tarixi-mədəni
irsimizi yaşadan məkanlar
18 May - Beynəlxalq
Muzeylər Günü çeşidli
tədbirlərlə qeyd olunacaq
Mayın
18-i dünyada Beynəlxalq Muzeylər Günü kimi qeyd olunur. 1977-ci ildə
UNESCO yanında Beynəlxalq Muzey
Şurasının (İnternational Council of Museums
- ICOM) qərarı ilə təsis olunan əlamətdar
günün məqsədi bəşəriyyətin
tarixi-mədəni irsinin qorunmasında
muzeylərin rolunu bir daha diqqətə çatdırmaq, bu istiqamətdə beynəlxalq mədəni
ictimaiyyətin səylərini birləşdirməkdir.
1978-ci ildən bu bayram hər il 150-dən çox ölkədə qeyd edilir. Həmin gün bütün muzeylərdə “Açıq qapı” elan olunur. 2001-ci ildən Avropanın 39 ölkəsinin qatıldığı “Muzeylər baharı” adlı aksiya Fransanın Mədəniyyət və Kommunikasiya Nazirliyinin təşəbbüsü ilə keçirilir. 2002-ci ildə Azərbaycanın da qoşulduğu bu aksiya 2005-ci ildən “Muzeylər gecəsi” adlanır.
Bu il də Beynəlxalq Muzeylər Günü ölkəmizin muzeylərində, tarixi-mədəni irsimizi yaşadan məkanlarda çeşidli tədbirlərlə qeyd olunacaq.
Filarmoniya bağında “Muzeylər gecəsi”
Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi və Muzey Mərkəzinin təşkilatçılığı ilə Beynəlxalq Muzeylər Günü ilə əlaqədar Filarmoniya bağında mayın 18-də saat 18-dən 23-dək “Muzeylər gecəsi” aksiyası keçiriləcək. Tədbirdə ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş “Azərbaycan xalçası: qayğı ilə yaşayan sərvət” adlı slayd-şou nümayiş etdiriləcək, xalq mahnıları, kompozisiyalar, rəqslər təqdim ediləcək, “Ənənələr yaşayır” adlı sərgi təşkil ediləcək. Sərginin ekspozisiyasına şagirdlərin əl işləri, muzeylərin nəşrlərindən ibarət kitab və fotosərgi, eləcə də milli geyimlər daxildir.
“Açıq qapı” günü
Mayın 18-də Beynəlxalq Muzeylər Günü münasibətilə Mədəniyyət və Turizm Nazirliyinin tövsiyəsinə əsasən, respublikanın muzeylərində “Açıq qapı” günü keçiriləcək. Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində təşkil olunacaq “Açıq qapı” günündə iştirakçılara milli səhnə sənətimizin tarixində xüsusi yeri olan teatr rəssamlarının çəkdikləri rəsm əsərlərindən ibarət video çarx nümayiş olunacaq. Muzeydə çalışan gənc rəssamların çəkdikləri rəsm əsərlərindən ibarət sərgi açılacaq. Axşam saatlarında isə muzey açıq havada şəhər sakinlərinə öz çap məhsullarını nümayiş etdirəcək.
İstiqlal Muzeyində “Yeni
adlar”
Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında Beynəlxalq Muzeylər Gününə həsr olunmuş “Yeni adlar” adlı sərgi açılacaq. Sərgidə 70-dən çox əsər nümayiş olunacaq. Tədbirdə rəssamlar, Azərbaycan Turizm İnstitutunun, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbələri, Gənc Turizm və Diyarşünaslıq Mərkəzinin nümayəndələri və digər qonaqlar iştirak edəcəklər.
Abdulla Şaiqin mənzil-muzeyində tamaşa
Abdulla Şaiqin mənzil-muzeyində əlamətdar gün görkəmli ədibin uşaqlar üçün yazdığı “Tülkü həccə gedir” əsəri əsasında hazırlanmış kukla tamaşası ilə qeyd olunacaq. Tamaşanın quruluşçu rejissoru Elgün Seyidzadə, bədii tərtibatçısı rəssam Sabir Qasımovdur. Musiqi tərtibatında Azərbaycan xalq mahnı və rəqs musiqisindən istifadə edilib. Rolları Abdulla Şaiqin mənzil-muzeyinin əməkdaşları səsləndirəcəklər.
Tədbirdə 6 nömrəli məktəb-lisey kompleksinin şagirdləri, Yasamal rayonundakı 184 nömrəli bağçanın uşaqları iştirak edəcəklər. Tamaşanın sonunda bütün qonaqlar muzeyin ekspozisiyası ilə tanış olacaqlar.
“Şəxsiyyətlərimiz... sərvətimizdir”
Beynəlxalq Muzeylər Günü münasibətilə C.Məmmədquluzadənin ev-muzeyi “Şəxsiyyətlərimiz... sərvətimizdir” devizi ilə “Açıq qapı” günü keçirir. Ziyarətçilər muzey fondlarında mühafizə olunan sərvətlərin orijinalları ilə tanış olacaq, C.Məmmədquluzadə və mollanəsrəddin ədəbi məktəbinin nümayəndələri haqqında maraqlı mühazirə dinləyəcəklər. Tədbirə Əzim Əzimzadənin xatirə muzeyi də “Ə.Əzimzadə mollanəsrəddinçi karikatura ustasıdır” sərgisi ilə qatılacaq.
İçərişəhərdə
“Canlı tarix” festivalı
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı ilə Beynəlxalq Muzeylər Günü münasibətilə “Canlı tarix” adlı birinci beynəlxalq festival keçiriləcək. Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş festival mayın 18-19-da Qoşa qala qapısı meydanında təşkil olunacaq. Dünyanın 20-dən çox ölkəsindən nümayəndələrin iştirakının nəzərdə tutulduğu festival tarixi məkanların, milli-mədəni dəyərlərin geniş təbliğinə imkan yaradacaq. Festival, eyni zamanda, müxtəlif ölkələrdən olan insanların bir araya gəlməsi, millətlərin yaxınlaşması və mədəniyyətlərarası dialoqun genişlənməsi baxımından da olduqca əhəmiyyətlidir.
Festivalın rəngarəng proqramında milli oyunlar, pantomima tamaşaları, milli rəqslər nümayiş olunacaq, meydan boyu festivalda iştirak edən ölkələrə məxsus müxtəlif dövrlərin milli geyimində olan obrazlar, əfsanəvi və xalq folkloru personajları iştirak edəcəklər. Muğam, milli musiqimiz, o cümlədən tədbirdə iştirak edən ölkələrə məxsus milli musiqilər səsləndiriləcək.
Həmçinin
Beynəlxalq Muzeylər Günü
münasibətilə ənənəvi “Açıq qapı”
günü də keçiriləcək.
Tariximizlə yaxından tanış olmaq
istəyən hər kəs üçün
“İçərişəhər” Dövlət
Tarix-Memarlıq Qoruğu ərazisində
yerləşən muzey və tarixi abidələrə giriş
ödənişsiz olacaq.
Mədəniyyət.-
2013.- 17 may.- S. 3.