Musiqiyə həsr olunan ömür

 

   Bakı Musiqi Akademiyasında professor Tərlan Seyidovun yubiley gecəsi

  

   Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının böyük zalında Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, BMA-nın məktəb-studiyasının yaradıcısı direktoru, professor Tərlan Seyidovun 70 illiyinə həsr olunmuş yubiley gecəsi keçirilib.  

   Tədbirdə çıxış edən BMA-nın rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəyli yubilyarı Azərbaycanın istedadlı musiqiçilərindən və pedaqoqlarından biri kimi səciyyələndirərək onun insani keyfiyyətlərindən və peşəkarlığından danışıb. Qeyd olunub ki, Tərlan Seyidov Azərbaycan musiqi mədəniyyəti tarixinə beynəlxalq nüfuz qazanmış bir sıra layihələrin müəllifi, milli musiqimizin yorulmaz təbliğatçısı kimi daxil olub.

   Yubileydə Azərbaycanın tanınmış incəsənət xadimləri iştirak ediblər. Tədbirdə iştirak edə bilməyən sənət adamlarının, ABŞ, Almaniya, Rusiya, Bolqarıstan, Türkiyə və başqa ölkələrdə yaşayan həmvətənlərimizin təbrik məktubları oxunub. Kazan Konservatoriyasının rektoru, Rusiyanın və Tatarıstanın Xalq artisti, professor Rubin Abdullin təbrik məktubunda Tərlan Seyidovu bütöv bir nəsil yetişdirmiş musiqiçi, alim-tədqiqatçı və pedaqoq kimi yüksək qiymətləndirib. Moskva Konservatoriyasının prorektoru, Rusiyanın Xalq artisti, professor Aleksandr Bonduryanski isə yubilyarı musiqiyə təmənnasız xidmət edən sənət adamı kimi xarakterizə edib.

   Xalq artisti, Bakı Musiqi Akademiyasının kompozisiya kafedrasının müdiri, professor Arif Məlikov görkəmli ziyalı və pedaqoqun Azərbaycan musiqisi qarşısında böyük xidmətləri olduğunu, onun rəhbərlik etdiyi məktəb-studiyanın yeni musiqiçilər nəslinin yetişdirilməsinə böyük töhfələr verdiyini vurğulayıb.

   Yubiley konsertində Tərlan Seyidovun keçmiş tələbəsi, BMA-nın baş müəllimi, pianoçu və bəstəkar Sevda Məmmədli musiqili təbrikini çatdırıb. Onun müəlliminə həsr etdiyi mahnını Ofeliya Axundovanın rəhbərliyi ilə məktəb-studiyanın şagirdlərindən ibarət xor ifa edib.

   Bülbül adına orta ixtisas musiqi məktəbi direktorunun müavini Aytən Əhmədova və məktəb-studiyanın direktor müavini Sevda Məmmədova professor T.Seyidovun fortepiano sinfində təhsil aldıqları illər haqqında xatirələrini bölüşüblər. Kitab” cəmiyyətinin sədri, Əməkdar mədəniyyət xadimi, professor Zərifə Salahova, Mədəniyyət və İncəsənət Universitetinin “Musiqişünaslıq” kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Kamilə Dadaşzadə, hüquq elmləri üzrə fəlsəfə doktoru Ramiz İbrahimov yubilyarın çoxcəhətli, ideyalarla zəngin yaradıcılıq işindən danışıblar.

   Tədbir məktəb-studiyanın pedaqoqu Lalə Hüseynovanın rəhbərliyi ilə məktəb-studiyanın keçmiş məzunlarının gözəl çıxışı ilə başa çatıb. Sonda Tərlan Seyidov yubiley gecəsinə görə hamıya dərin minnətdarlığını bildirib.

 

 

   Mədəniyyət.- 2013.- 17 may.- S. 7.