Dostluq qanadlarında”

 

   Xəbər verdiyimiz kimi, Çelyabinsk şəhərində gənclərin ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə “Azərbaycan-Rusiya: dostluq qanadlarında” devizi altında yaradıcılıq müsabiqə-festivalı təşkil edilib.

   Müsabiqə-festival Çelyabinsk vilayətinin mədəniyyət, elm və təhsil nazirliklərinin, şəhər administrasiyasının, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin birgə dəstəyi, Çelyabinskdəki “Ozan” Azərbaycan Mədəniyyət Mərkəzinin və Ümumrusiya Azərbaycan Konqresi Çelyabinsk vilayəti bölməsinin təşkilatçılığı ilə gerçəkləşib.

   BŞMTİ-nin dəvəti ilə müsabiqə-festivalın təşkilatçıları və qaliblərindən ibarət nümayəndə heyəti Bakıya gəlib.

   Mayın 15-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında müsabiqə-festivalın qaliblərinin konserti keçirilib. Tədbirdə çıxış edən festivalın münsiflər heyətinin sədri, Rusiyanın Əməkdar incəsənət xadimi, Çelyabinsk Dövlət Mədəniyyət və İncəsənət Akademiyasının kafedra müdiri, professor Rulan Xabibulin Bakıda doğulduğunu diqqətə çatdıraraq həmvətənlərini salamlayıb. O, 400-dən çox gəncin iştirak etdiyi müsabiqə-festivalın yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb.

   Mayın 13-də incəsənət ustalarımızın nümayəndə heyəti ilə müsabiqə-festivalın Çelyabinskdə keçirilmiş qala-konsertində iştirak etmiş G.Şaroyev adına 35 nömrəli 11 illik uşaq musiqi məktəbinin direktoru Yusif Vəliyev tədbir barədə təəssüratlarını bölüşüb. Bildirib ki, xoreoqrafiya, instrumental ifaçılıq, vokal, rəsm çəkmə və ədəbiyyat nominasiyalarından ibarət festival-müsabiqədə iştirakçılar Azərbaycan musiqisini, ədəbiyyatını, mədəniyyətini, təbiətini, tarixi abidələrini, adət-ənənələrini çox gözəl nümayiş etdiriblər.

   Sonra qaliblərin ifasında konsert proqramı təqdim edilib. ProqramdaÇobanlar”, “Yallırəqsləri, Azərbaycan mahnıları, Pyotr Çaykovskinin musiqisi səsləndirilib.

   Çelyabinskdən gəlmiş qonaqların ifalarından sonra R.Hacıyev adına 15 nömrəli 11 illik musiqi məktəbinin şagirdləri səhnəyə çıxıb. Konsert tamaşaçılarda xoş ovqat yaradıb.

   Mahnı Teatrının foyesində müsabiqə-festival iştirakçılarının çəkdikləri rəsmlər nümayiş etdirilib.

 

 

   Mədəniyyət.- 2013.- 17 may.- S. 5.