Heydər Əliyev Sarayının xeyriyyə konsertləri

 

   Heydər Əliyev Sarayı rəhbərliyinin təşəbbüsü və təşkilatçılığı ilə ümummilli liderin 90 illik yubileyinə həsr olunmuş silsilə xeyriyyə konsertləri keçirilib. Konsertlər 14, 15 və 16 may tarixlərində 22 saylı psixo-nevroloji dispanserdə (Zabrat), Bakı şəhəri Uşaq psixo-nevroloji mərkəzində və autizmdən əziyyət çəkən uşaqların iştirakı ilə Suraxanı rayonu Mədəniyyət evində baş tutub.

   Xeyriyyə konsertlərində Xalq artisti Səməd Səmədov, əməkdar artistlər Ədalət Şükürov, Gülyanaq Məmmədova, populyar müğənni Rəşad İlyasov, muğam ifaçısı Arzu Əliyeva, aşıq Samirə, gənc müğənnilər Vüqar Məmmədov, Şamil Qafarov, Taleh Yəhyayev, Rauf Bədəlzadə, “Səmumqrupu uşaqları təbrik edərək, onlara musiqili hədiyyələrini təqdim ediblər.

   Tanınmış incəsənət xadimlərinin və gənc müğənnilərin iştirakı ilə qarşıdakı günlərdə daha bir neçə xeyriyyə konsertinin keçirilməsi planlaşdırılır. Sarayın rəhbərliyi 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə keçiriləcək konsertə də kimsəsiz, fiziki qüsurlu, əlil uşaqları təmənnasız olaraq dəvət edəcək.

 

    Mədəniyyət.- 2013.- 22 may.- S. 15.