Elçin Hüseynbəylinin əsərləri
Litvada çap edilib
Tanınmış yazıçı və dramaturq Elçin Hüseynbəylinin dörd hekayəsi Litvanın ədəbiyyat və incəsənət nəşrlərində işıq üzü görüb. Vilnüsdə buraxılan “Siaures Atenai“ (“Şimal Afinası”) həftəlik ədəbiyyat və incəsənət qəzetində yazıçının “Nənəm, babam və kommunizm” hekayəsi çap edilib. Litva Yazıçılar Birliyinin nəşrlərindən olan “Literatura ir Menas” (“Ədəbiyyat və İncəsənət”) həftəlik jurnalında müəllifin “Sular günəşə nəğmə oxuyanda”, “Nemunas” (“Neman”) ədəbiyyat və incəsənət həftəliyində “Məzar gəlini”, “Metai” (“İlin fəsilləri”) ədəbi-bədii jurnalında isə “Gözünə gün düşür” hekayəsi oxuculara təqdim olunub.
Sözügedən hekayələrdən ikisi - “Məzar gəlini” və “Gözünə gün düşür” - Qarabağ olayları mövzusunda yazılmış əsərlərdir.
Əsərləri
orijinaldan Litva dilinə
tanınmış türkoloq alim və diplomat, Azərbaycan
Yazıçılar Birliyinin fəxri üzvü, mütərcim Halina
Kobetskayte və Litva
Azərbaycanlıları Cəmiyyətinin sədri, Azərbaycanın
Əməkdar jurnalisti Mahir
Həmzəyev tərcümə edib.
Mədəniyyət.- 2013.-
22 may.- S. 13.