“Muzeylər
günü”nə dəyərli töhfə
L. və M.Rostropoviçlərin ev-muzeyi, hər il olduğu kimi, bu ildə 18 may Beynəlxalq Muzeylər Gününü xüsusi tədbirlə qeyd etdi. Əlamətdar gün münasibətilə muzeydə “Azərbaycan bəstəkarlarının violonçel və fortepiano üçün not toplusu” adlı not kitabının təqdimatı keçirildi.
Not kitabı muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi, musiqişünas Şeyla Heydərova və Xalq artisti, violonçel ifaçısı Eldar İsgəndərovun birgə təşəbbüsü ilə ərsəyə gəlib.
Şeyla Heydərova tədbirin açılışında çıxış edərək bildirdi ki, muzey yarandığı gündən not kitabına daxil olan musiqi əsərlərini yığmağa başlayıb. Azərbaycan və ingilis dillərində işıq üzü görən nəşrə daxil olan əsərlər L. və M.Rostropoviçlərin ev-muzeyinin fond və arxiv materialları əsasında toplanıb. Violonçelçi E.İsgəndərov bu toplu üzərində illərlə çalışıb. Qeyd etmək lazımdır ki, topluda nəşr olunan əsərlər indiyədək dəfələrlə ifa olunsa da, ilk dəfə not şəklində nəşr edilir.
Direktor onu da qeyd etdi ki, Eldar İsgəndərov L. və M.Rostropoviçlər muzeyinin yaranmasında, bir çox layihələrin ərsəyə gəlməsində yaxından iştirak edib. Ş.Heydərova kitabın çapına verdiyi dəstəyə görə Mədəniyyət və Turizm Nazirliyinə təşəkkürünü bildirdi.
Tədbirdə Ü.Hacıbəylı, O.Zülfüqarov, topluya daxil olan digər bəstəkarların fotoşəkillərindən ibarət slayd-şou nümayiş olundu, “Koroğlu” operasından “Nigarın ariyası” əsasında yazılmış B.Zeydmanın “Variasiyalar”ı Sabir Əliyevin, N.Əliverdibəyovun “Elegiya”sı Eldar İskəndərovun ifasında (audio formatda) təqdim edildi.
Sonra tədbir konsert proqramı ilə davam etdi. Proqramda
Qara Qarayev, Musa Mirzəyev, Oqtay Zülfüqarov, Azər Rzayev, Sevda İbrahimova,
Əşrəf Abbasov
və başqa bəstəkarların əsərləri
səsləndi. İfaçılardan Eyyub Əliyev, Elmira Kalaşova, Aleksey Miltıx,
Səidə Tağızadə
və digərlərinin
çıxışları maraqla qarşılandı.
Muzeyin direktoru Ş.Heydərova
tədbirdə iştirak
edən qonaqlara - bəstəkarlar S.İbrahimova,
O.Zülfüqarov, M.Mirzəyev,
Ə.Əzizlinin oğlu
Ələkbər Əzizliyə,
musiqiçilərə not kitabını
hədiyyə etdi.
Görkəmli
musiqi xadimləri Oqtay Zülfüqarov, Sevda İbrahimova çıxış edərək
muzeyin M.Rostropoviçin
ənənələrini davam
etdirərək, violonçel
musiqisi ocağına çevrildiyini, burada ən yaxşı ifaların, yeni əsərlərin səsləndiyini
məmnuniyyətlə qeyd
etdilər. Bəstəkar Əziz Əzizlinin
oğlu Ələkbər
Əzizli onun ailəsini hər tədbirdə yada saldığı üçün
muzeyin rəhbərliyinə
təşəkkür etdi.
Q.Qarayev adına
8 saylı musiqi məktəbinin direktoru Kamal Paşazadə not kitabının violonçel
musiqisinin inkişafında
böyük rolu olacağını vurğuladı.
Vüsalə
Nəsrullayeva,
L.və M.Rostropoviçlərin ev-muzeyinin elmi işçisi
Mədəniyyət.-
2013.- 22 may.- S. 13.