Üzeyirsevərlərə
hədiyyə
Beynəlxalq Muzeylər Günü hər il Üzeyir Hacıbəylinin ev-muzeyi tərəfindən maraqlı tədbirlər, təqdimatlarla qeyd olunur.
Bu il də əlamətdar gün tədbirlərlə zəngin oldu. Həmin gün muzeydə musiqi məktəblərinin iştirakı ilə konsert təşkil olundu. Sonra muzey Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Filarmoniya bağında təşkil olunan sərgidə iştirak etdi.
Bir neçə muzeyin qatıldığı bu səyyar sərgidə Üzeyir bəyin də həyat və yaradıcılığını əks etdirən müxtəlif materiallar beş planşetdə əks olunmuşdu. Burada bəstəkarın həyat və yaradıcılığından bəhs edən türk, rus, fransız, ərəb və ingilis dillərində yazılmış kitablar, onun yaratdığı opera və operettalara həsr edilmiş kitablar, notlar, Azərbaycanın Dövlət himninin müəllifləri Üzeyir bəy Hacıbəyli və Əhməd Cavadın şəkli əks olunmuş not yazısı, “Statoyl” şirkətinin hazırladığı “Mədəniyyət xəzinələri haqqında məlumat” silsiləsindən “Üzeyir Hacıbəyli” illüstrativ plakatı, “O olmasın, bu olsun” və “Arşın mal alan” operettalarından maraqlı səhnələri əks etdirən maketləri də görmək olardı. Maketlər tamaşaçıların xüsusi marağına səbəb oldu.
Üzeyirsevərlər bu sərgidə nümayiş etdirilən eksponatlar vasitəsilə dahi bəstəkarın irsi ilə bir daha yaxından tanış olmaq imkanı əldə etdilər. Ümidvarıq ki, mədəniyyətimizin təbliğində bilavasitə böyük rol oynayan belə sərgilər daha tez-tez keçiriləcək və insanların marağını muzeylərə yönəldəcək.
Təranə Həsənova,
Üzeyir
Hacıbəylinin ev-muzeyinin əməkdaşı
Mədəniyyət.-
2013.- 22 may.- S. 13.