140
yaşlı teatrın 130 yaşlı aktyoru
Mayın 17-də
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Mədəniyyət
və Turizm Nazirliyinin dəstəyi ilə görkəmli
aktyor, SSRİ Xalq artisti, Dövlət mükafatı
laureatı Mirzağa Əliyevin 130 illik yubileyinə həsr olunmuş
xatirə gecəsi keçirildi.
İştirakçılar əvvəlcə
teatrın foyesində görkəmli sənətkarın həyat
və yaradıcılığını əks etdirən
fotosərgi ilə tanış oldular.
Gecədə tanınmış teatrşünas, sənətşünaslıq doktoru, professor Məryəm Əlizadə Mirzağa Əliyevin həyat və yaradıcılığından danışdı: “140 yaşlı Azərbaycan teatrının tarixinə nəzər salanda görürük ki, onun çoxlu əfsanələri var. Onlardan biri də 130 yaşlı Mirzağa Əliyev əfsanəsidir. O, Azərbaycan realist teatr məktəbinin görkəmli nümayəndəsidir. Baxmayaraq ki, realist teatr məktəbinin banisi görkəmli sənətkarımız Cahangir Zeynalov olub, bu məktəbi yüksək mərtəbələrə qaldıran məhz Mirzağa Əliyevdir”.
Realist aktyor məktəbinin yetirməsi
Qeyd olundu ki, 1901-ci ildə ilk dəfə səhnəyə Nəcəf bəy Vəzirovun "Müsibəti-Fəxrəddin" əsərində Şahmar bəy rolu ilə qədəm qoyan aktyor 1906-1907-ci illərdə yaratdığı "Həmiyyət" teatr truppasında püxtələşir. Mirzə Fətəli Axundzadənin, Nəcəf bəy Vəzirovun əsərlərindəki realist-dramaturji nümunələr onun realist aktyor kimi yetişməsinə təkan verir. Sonrakı illərdə Üzeyir bəyin “Arşın mal alan”, “O olmasın, bu olsun” operettalarında bənzərsiz obrazlar yaradır.
Məryəm Əlizadə bildirdi ki, Mirzağa Əliyev ilk dəfə səhnədə “Hacı Qara” tamaşasına baxarkən Cahangir Zeynalovun oynadığı Hacı Qara roluna valeh olmuş, həmin gündən onun pərəstişkarı kimi böyük sənətə gəlməyi qarşısına məqsəd qoymuşdur: “Mirzağa Əliyev xatirələrində yazır: “Cahangir Zeynalov mənə deyirdi ki, sən heç zaman tamaşaçını güldürməyi qarşına məqsəd qoyma. Çalış obrazı düzgün yarat. Bu zaman gülüş öz-özünə doğacaq və sən bir də görəcəksən ki, zal sağlam gülüş içərisində özündən gedibdir”. Mirzağa Əliyev sənət müəlliminin bu sözlərinə ömrü boyu əməl etdi”.
Sürgün və əfv
1912-ci ildə Mirzağa Əliyev Rusiyanın Volqaboyu şəhərlərinə, Tatarıstana qastrol səfərlərinə çıxır. Elə həmin il tamaşalardan birində çar üsuli-idarəsinin əleyhinə tənqidi fikirlər söylədiyinə görə Həştərxana sürgün edilir. Bir il sonra Romanovlar sülaləsinin 300 illiyi ilə əlaqədar əfv olunur və Bakıya qayıdır.
1916-cı ildə Cəlil Məmmədquluzadə ilə görüşü onun sənət taleyində mühüm rol oynayır. Mirzə Cəlil “Ölülər” əsərini Bakı səhnəsində görmək istəyirdi. Hüseyn Ərəblinski əsəri səhnəyə qoyur və İsgəndər obrazını Mirzağa Əliyevə həvalə edir. Tamaşa cəmiyyətdə sanki bir bomba kimi partlayır və Mirzağa Əliyevin İsgəndəri misilsiz bir obraz kimi yadda qalır.
Sənətkarın yaradıcılığında 1921-ci ildə yaranan Tənqid-Təbliğ Teatrı da mühüm rol oynayır. Bu teatrın yaranması dramaturgiyada yeni aktyor tipi tələb edirdi və zaman bu missiyanı Mirzağa Əliyevin öhdəsinə buraxır: “Tənqid-Təbliğ Teatrının fəaliyyəti dövründə o, yüksək komediya ustası olduğunu sübut etdi. İstedadına xas olan improvizə qabiliyyətini cilaladı, o eyni zamanda bu dövrdə kiçik həcmli əsərlər yazmağa başladı”.
1924-cü ildə Akademik Dram Teatrına dəvət olunan aktyor ömrünün sonuna kimi burada çalışır. Mirzağa Əliyev teatrda böyük dramaturq Cəfər Cabbarlı ilə görüşür: “Bu görüş onun yaradıcılığında professionallıq mərhələsinə bir addım oldu. C.Cabbarlının “Almaz”ında Mirzə Səməndəri oynadı, “1905-ci ildə” pyesində Salamov obrazını yaratdı. Hər iki obraz Mirzağa Əliyev yaradıcılığında şah obraz sayılır. Sonralar aktyor Mirzə İbrahimov, Sabit Rəhman, İlyas Əfəndiyev, Ənvər Məmmədxanlı dramaturgiyası ilə görüşdü və bir-birindən gözəl obrazlar yaratdı”.
1933-cü ildə Xalq artisti adına layiq görülən Mirzağa Əliyev 1943-cü ildə o vaxtlar sovet ölkəsinin ən yüksək mükafatı sayılan “Stalin” mükafatı ilə təltif olunur. Mirzə İbrahimovun “Məhəbbət” əsəri əsasında hazırlanmış tamaşadakı Məşədi Qulamhüseyn obrazına görə 1947-ci ildə Mirzağa Əliyev ikinci dəfə “Stalin” mükafatına layiq görülür. 1949-cu ildə isə sənətkar SSRİ Xalq artisti fəxri adı ilə təltif olunur.
“O, gülüş mədəniyyətinin
parlaq təzahürü idi”
İstedadlı aktyor qısa müddətdə nasir-dramaturq Ə.Haqverdiyevin baş rejissorluq etdiyi teatr truppasında Kərəməli (“Hacı Qara”), Hatəmxan ağa və Xudaverdi (“Müsyö Jordan və dərviş Məstəli şah”), Xacə Məsud (“Lənkəran xanının vəziri”), Aşıq Vəli (“Yağışdan çıxdıq, yağmura düşdük” və ya “Hacı Qəmbər”), Əhməd (“Pəhləvanani-zəmanə”, N.Vəzirov), Hacı Murad (“Tamahkar”, S.S.Axundov) obrazlarını ustalıqla yaradır.
Sənətkarın komediya istedadı getdikcə özünün parlaq nöqtəsinə çatır. Çünki Mirzağa Əliyev obrazları ümumiləşdirə, tipikləşdirə, obrazlara fərdi xüsusiyyətlər tapa bilirdi. Onun yaratdığı bir obraz o birinə heç oxşamırdı. Professor Məryəm Əlizadə aktyora məxsus üç keyfiyyəti açıqladı: “Birincisi, o güclü məntiqə sahib olan aktyor idi. Bu, onun yumorunda əsas səciyyəvi cəhətlərdən biri idi. İkincisi, onun gülüşü ciddi gülüş idi, üçüncüsü, o, gerçək aktyor idi. Səhnəyə çıxıb obrazı yaradırdı və səhnədə baş verənlərə özü də son dərəcə inanırdı. O, Azərbaycan gülüş mədəniyyətinin parlaq siması olub”.
140 yaşlı Azərbaycan teatrının 130 yaşlı əfsanəvi aktyoru barədə Məryəm Əlizadənin fikirlərini Akademik Milli Dram Teatrının səhnəsində gənc aktyorlar davam etdirdilər. Gecənin ssenari müəllifi və quruluşçu rejissoru Mehriban Ələkbərzadə Mirzağa Əliyevin həyat və yaradıcılığını fərqli baxışda və yeni yozumda tamaşaçılara təqdim etdi. Gecədə sənətkarın çəkildiyi filmlərdən fraqmentlər göstərildi və xatirəsi alqışlarla yad edildi.
Təranə Vahid
Mədəniyyət.- 2013.- 22 may.-
S. 11.