Kann kinofestivalında Azərbaycan pavilyonu
Xəbər verdiyimiz kimi, mayın 15-də
Fransanın Kann şəhərində
66-cı beynəlxalq kinofestival
açılıb. Mayın 26-dək davam
edəcək festivalda Azərbaycan
nümayəndə heyəti də iştirak
edir.
Heyətə Mədəniyyət və
Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsinin Kino
yaradıcılığı sektorunun müdiri Yusif Şeyxov,
Cəfər Cabbarlı adına "Azərbaycanfilm"
kinostudiyasının direktoru Müşfiq Hətəmov,
"Azanfilm"in direktoru Fariz Əhmədov, kinorejissor Ayaz
Salayev və digər şəxslər daxildir.
Kannın məşhur Kruazet xiyabanında təşkil olunmuş festival şəhərciyində Azərbaycan pavilyonu fəaliyyətini davam etdirir. Azərbaycan nümayəndə heyəti festivalda təmsil olunan ölkələrin bir sıra kino şirkətlərinin nümayəndələri ilə işgüzar görüşlər keçirib. "Azərbaycanfilm" kinostudiyasının direktoru Müşfiq Hətəmovun müştərək film istehsalı ilə bağlı Türkiyə, Fransa, ABŞ, Rusiya, Ukrayna, Serbiya, İran prodüserləri ilə apardığı danışıqlar zamanı ilkin razılaşmalar əldə olunub və bu razılaşmaların sonrakı mərhələlərdə konkret layihələrə çevrilməsi üçün zəmin yaranıb.
Azərbaycan pavilyonunu ziyarət edən qonaqlar
ölkəmizin turizm imkanları
haqqında geniş məlumat verən
bukletlər, reklam açıqcaları və
filmlərimizin əks olunduğu videoçarxlara böyük
maraq göstərirlər.
Mədəniyyət.-
2013.- 22 may.- S. 3.