“Qurtuluş dastanı”nın səhnə təcəssümü

 

   Bu günlər ölkəmizin hər yerində Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinin geniş şəkildə qeyd olunması ulu öndərin əziz xatirəsinə dərin hörmət və ehtiramın təcəssümüdür.

   C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının kollektivi də bu münasibətlə şair-dramaturq İftixarın “Qurtuluş dastanı” əsərinin tamaşasını hazırlamışdır. Premyerası mayın 7-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində baş tutan tamaşa Binəqədi Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə ərsəyə gəlmişdir. İftixarın “Dan yeri söküləndə”, “Körpü”, “İşıqlı, nurlu sabah”, “Soyqırımı tarixinin dastanı” əsərləri ayrı-ayrı vaxtlarda İrəvan Teatrının səhnəsində oynanılmış və tamaşaçılar tərəfindən maraqla qarşılanmışdır. İstedadlı müəllifin “Qurtuluş dastanı” epik-tarixi dramı, fikir aydınlığı, daxili ideya məzmunun parlaqlığı ilə nəzəri cəlb edir.

   Tamaşa Kreml zənginin sədaları altında SSRİ rəhbəri Mixail Qorbaçovun öz iş otağında Heydər Əliyevlə görüş səhnəsi ilə başlanır. Söhbətdə ölkədəki ictimai vəziyyət müzakirə edilir. Əsərdə təsvir olunan hadisələrin sonrakı gedişatına açar olan bu səhnədə Heydər Əliyev (aktyor İftixar Piriyev) öz qətiyyətini, mətanətini nümayiş etdirir, baş katibi mənən sarsıdır. Bu mətinliyin qarşısında duruş gətirə bilməyən M.Qorbaçov (aktyor Əjdər Zeynalov) onu hər vəchlə vəzifəsindən uzaqlaşdırmağa çalışır, bu niyyətlə də ona istefa verməsini təkid edir. Aktyor İftixar Piriyev dahi rəhbərin obrazını elə ilk gəlişdə mübarizəyə tam hazır vəziyyətdə göstərir; baş katibin riyakar, kinayəli suallarına o, ağlının, iradəsinin gücü ilə təmkin və soyuqqanlılıqla cavab verir.

   1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciənin ertəsi günü Heydər Əliyev M.Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq Azərbaycanın Moskvadakı nümayəndəliyinə gəlib bəyanatla çıxış etmiş, xalqımıza qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb etmişdir. Bu hadisənin əks olunduğu səhnədə aktyor İftixar Piriyev yüksək peşəkarlıqla rəhbərin daxili sarsıntılarını, cinayətkar rejimə nifrətini tamaşaçı nifrətinə qataraq inandırıcı şəkildə təqdim edir.

   Teatr və kinoda, bədii seriallarda yaratdığı neçə-neçə yaddaqalan obrazları ilə tamaşaçı sevgisi qazanmış İftixar Piriyevin ifasında böyük öndərin obrazı mükəmməlliyi, möhtəşəmliyi, bitkinliyi ilə qəlblərə yol açır (Qeyd edək ki, İftixar Piriyev Aqşin Babayevin «Xilaskar» əsərində dahi rəhbərin obrazının ilk ifaçısı olmuşdur). Aktyor ulu öndərin yerişini, duruşunu, maneralarını, əl hərəkətlərini, səsinin tembrini, nitqindəki pauzaları, jestlərin, sözlərin, ifadələrin deyilişindəki xırdalıqları yüksək məharətlə, incəlik və dəqiqliklə təqdim edir. Bu, əlbəttə ki, onun həm müəllif olaraq qələmə aldığı, həm də aktyor olaraq professional səpkidə obrazın daxilinə nüfuzetmə bacarığının bariz nümunəsi idi.

   Digər tərəfdən teatr və kino tarixində rəhbər obrazlarını yaradan aktyorlar qrim vasitəsilə obrazın sifət cizgilərini təsvir etmiş, özlərini həmin şəxsə bənzətməyə çalışmışlar. Bu tamaşada isə İftixar Piriyev qrimdən mümkün qədər az istifadə etməklə, Heydər Əliyevin görünüşündə obrazın daxili yaşantılarına daha çox diqqət yetirir, nəbzi Vətənin nəbzi ilə vuran dahini məhz həyatda olduğu kimi yarada bilir.

   Heydər Əliyev obrazı tamaşada ilk növbədə yüksək insani keyfiyyətləri ilə yadda qalır. Ulu öndərin Bakıya döndükdən sonra Şəhidlər xiyabanını ziyarəti zamanı çöhrəsindəki qəm onun iç dünyasından süzülüb gəlir. Aktyor bu səhnəni elə inandırıcı şəkildə təqdim edir ki, o ağrı tamaşaçılara da təsirsiz ötüşmür. 20 Yanvar faciəsinin ağrıları yaşanan parça təqdim edilərkən, salonda əyləşən anaların göz yaşları içərisindəki hıçqırıqları eşidilir, aktyorlarla birgə onlar da “Qorbaçova ölüm” sözlərini təkrar edirdilər. Bizcə, tamaşanın təsir qüvvəsini izah etmək üçün bu misal kifayət edir. Buradakı hadisə və obrazların irəli sürdüyü fikirlərdən əlavə, sözlərin məna və əhəmiyyəti də şüurlara təsir edir, hissləri çulğalayırdı.

   Tamaşa teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Oruc Qurbanovun quruluşunda olduqca dinamik inkişaf edir. Rejissorun verdiyi mizanlar çox dəqiqliklə əsərin ideya məzmununun açılmasına yönəldilmişdir. Rejissor dəst-xətti, rejissor düşüncəsi, ideyası tamaşanın hər bir nöqtəsində, aktyor oyunun bütün məqamlarında özünü aydın hiss etdirir. Heydər Əliyevin çiynində palto, lampa işığında xəyalən atası Əlirza kişi (Əhliman Ərşadlı), anası İzzət xanımın (Esmiralda Şahbazova) məsləhətlərini dinlədiyi səhnələr olduqca təsirli təqdim edilir. Gənc Heydər (Rövşən Cəfərov) və gənc Zərifə (Səadət Həsənalıyeva) obrazları da əsərin ruhuna uyğun mizanlarla yadda qalır. Heydər Əliyevin xatırladığı bu görüş anları aktyorlar tərəfindən duyğusal tərzdə ifa edilir.

   Rejissor müəllif fikrini əsas tutaraq əsərin kompozisiyasını, ana xəttini baş verən hadisələrlə bağlı şəkildə açmaqla, obrazların bir-birilərinə olan münasibətləri fonunda müəllif qayəsinin tamaşaçıya dəqiq və aydın çatdırılmasına nail olur. 1993-cü ilin iyununda Milli Məclisin iclasında Heydər Əliyevin çıxışı, Gəncə hadisəsindən sonra bu şəhərə getməsi, orada həlak olan, yaralanan insanlara baş çəkməsi kimi səhnələrdə verilən mizanlar da dinamikası ilə diqqət çəkir. Bu səhnənin təqdimatında İftixar Piriyev böyük rəhbərin daxili dünyasını, qəlbinin ağrısını dəqiq, aydın çatdırmağa müvəffəq olur.

   Tamaşanın uğurlu alınmasında, əlbəttə, bədii tərtibatın da özünəməxsus yeri vardır. Səhnənin ortasında quraşdırılmış zamanın keçidinin, hadisələrin dinamik gedişatının təcəssümü olan qurğu funksionallığı ilə diqqəti cəlb edir. Bu qurğu həm Milli Məclisin iclas salonu, həm Şəhidlər xiyabanı, həm tribuna, həm də ulu öndərin əzəməti əks olunan pyedestal funksiyalarını daşıyır. Teatrın quruluş hissə müdiri Xaqani Əliyev, geyim ustası Məlahət İsmayılova, rekvizit ustası Qəmzə Ələsgərova, səs və işıq effektləri üzərində çalışan Rövşən Qurbanov və digərləri tamaşanın hazırlığı prosesində öz bacarıqlarını nümayiş etdirməyə müvəffəq olmuşlar.

   Dramaturq əsərdə ulu öndərin teatra sevgisinə də xüsusi yer ayırmış, Heydər Əliyevin teatr tamaşasına lojada əyləşərək baxmasını, sonra kollektiv üzvləri ilə görüş səhnəsini tamaşaya daxil etmişdir. Bu səhnə də maraqlı quruluşu ilə diqqəti cəlb edir. Klassik dramaturgiyadan gələn və tənqidi prosesin çox böyük dəyər verdiyi “tamaşa içində tamaşa yaratmaq” fəndi “Qurtuluş dastanı”na da rövnəq oldu.

   Əlverişli şəraiti, məşq, qrim otaqları, lazımi avadanlıqlarla təchiz olunmuş səhnəsi, dekor, geyim, qrim, səs, rekvizit sexləri olmayan, amma buna rəğmən sənətsevər, fədakar yaradıcı və texniki heyəti ilə çalışan, böyük tarixi, zəngin ənənələri olan İrəvan Dövlət Azərbaycan Dram Teatrı güclü aktyor potensialına malikdir. «Qurtuluş dastanı» tamaşasında isə bu peşəkarlıq özünü bütün qabarıqlığı ilə göstərir: əməkdar artistlər Vidadi Əliyev, Vaqif Kərimov, Esmiralda Şahbazova, aktyorlar Səmayə Nəbiyeva, Səadət Həsənalıyeva, Niyaməddin Səfərəliyev, Əjdər Zeynalov, Elçin Hacıyev, Ceyhun Əliyev, Əhliman Ərşadlı, Ramiq Nəsirov, Rövşən Cəfərov, Əmrulla Nurullayev, Solmaz Məmmədova, Şəbnəm Mütəllimzadə bir-birini əvəz edən səhnələrdə dinamik şəkildə bir neçə obrazda öz istedadlarını nümayiş etdirirlər. Bu da şübhəsiz ki, böyük zəhmət və enerji tələb edən, heç də asan başa gəlməyən aktyor ustalığı və məsuliyyət deməkdir.

   Teatrın tarixində özünəməxsus sənətkar ampluası ilə iz qoymuş, yaratdıqları qəhrəmanların taleyini daxili dünyalarında yaşadan xalq artistləri Elmira İsmayılova və Tamella Abdullayevanın ifaları isə xüsusi qeyd edilməlidir. Tamaşanın sonunda aktyor Vaqif Kərimovun «Qalx ayağa, Azərbaycan!» sözlərini deməsindən sonra Elmira İsmayılova, Tamella Abdullayeva, Vidadi Əliyev qəlblərinin dərinliklərindən gələn səsləri ilə hayqırıb təkrarən «Qalx ayağa, Azərbaycan!» - deyərək salonu alqış sədaları altında ayağa qaldırmaları ilə əsərin mənəvi gücünü daha da artırırlar.

   Əsərin finalında səhnənin mərkəzində qurulmuş qurğunun üstünə qalxan aktyorların, İftixarın ulu öndəri vəsf edən “Müstəqil vətənin memarı” rekviyem-poemasını söyləməsi qurtuluşa stimul olan, qurtuluşun mahiyyətini özündə təcəssüm etdirən milli birliyin rəmzi nümayişi kimi təqdim edilir. Bu səhnədə Heydər Əliyev obrazı pillələrlə yuxarı qalxaraq xalqa xitab edir və əmin olduğunu bildirir ki, onun həyata keçirə bilmədiyi işləri İlham Əliyev xalqı ilə birlikdə yerinə yetirəcəkdir. Bu səhnədə İftixar Piriyev obrazın daxili təbəddülatının yüksək nöqtəsini tapa bilir ki, məhz bu nöqtə, bu pik ulu öndərin vətənin və xalqın gələcək taleyi barədə düşüncələrinin məcmusu kimi qəbul edilir.

   Əsərin belə bir sonluqla başa çatması bu gün olduqca aktual səslənir. Təməli, bünövrəsi ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan müstəqil Azərbaycanın vətəndaşları azad, qüdrətli, yenilməz dövlətimizi onun müstəqilliyinə xələl gətirmək niyyəti ilə çalışan xarici və daxili təcavüzkarlardan qorumalıdırlar. “Qurtuluş dastanı”nın davamı kimi XX əsrin ən ünlü siyasətçisi Heydər Əliyevin tövsiyə və tapşırıqlarını rəhbər tutaraq Azərbaycan dövlətçiliyini möhkəmləndirməlidirlər.

   Məhz tamaşanın bu cür yekunu yuxarıda söylədiyimiz fikirlərin bədii təcəssümü olaraq Heydər Əliyev dühasının səhnə obrazının mübaliğəsiz təqdimatı kimi qəbul olunmalıdır. Əminik ki, «Qurtuluş dastanı» tamaşası Azərbaycan teatr tarixində özünə layiqli yer tutacaqdır.

  

   Nərminə Ağayeva,

   sənətşünaslıq üzrə fəlsəfə doktoru

 

   Mədəniyyət.- 2013.- 22 may.- S. 10.