“Şəxsiyyətimiz... Sərvətimiz”

 

   Mayın 18-də Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində böyük şair və mütəfəkkir Məhsəti Gəncəvinin 900 illiyi münasibətilə lirik janrda işlənən süjetli xalçaların sərgisi keçirildi.    

   Tədbiri muzeyin elmi katibi Fəridə Quliyeva açaraq bildirdi ki, Beynəlxalq Muzeylər Şurası (İCOM) Azərbaycan Milli Komitəsi rəyasət heyətinin qərarına əsasən, respublika muzeylərində “Şəxsiyyətimiz... Sərvətimiz” mövzusunda tədbirlər keçirilir: “Azərbaycan torpağı hər dövr üçün mədəniyyətimizi zənginləşdirən insanlar yetişdirib. Onlar tariximizdə silinməz izlər qoyub, dərin zəkaları, iti qələmləri və kəskin sözləri ilə tarixdə öz sözlərini deyiblər. Belə görkəmli şəxsiyyətlərdən biri də 900 illik yubileyini qeyd etdiyimiz Məhsəti Gəncəvidir”.

   “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin direktor müavini Musa Musayev qeyd etdi ki, şəxsiyyətlərimizlə yanaşı, qədim tariximizi özündə əks etdirən sərvətlərimiz də qürur mənbəyimizdir. Bu sırada xalçalarımızın və memarlıq abidələrimizin məxsusi yeri var.

   Tədbir iştirakçıları muzeyin foyesində XII-XX əsrlərə aid dünya və ölkə əhəmiyyətli abidələrdən (qalalar, karvansaralar, hamamlar, məscidlər və yaşayış evləri) ibarət “İçərişəhərin tarixi abidələri” fotosərgisi ilə tanış oldular. Böyük şairə Məhsəti Gəncəvinin 900 illiyinə ithaf olunan süjetli xalçalardan ibarət sərgi də maraqla qarşılandı.

  

   Savalan

 

   Mədəniyyət.- 2013.- 22 may.- S. 5.