İstirahət
mövsümü başlayır
Azərbaycanın regionlarına və
xarici ölkələrə
çoxsaylı turlar təklif olunur
Turizm artıq bütün dünyada iqtisadiyyatın ən gəlirli sahələrindən biri hesab olunur. Azərbaycanda da dövlət səviyyəsində turizmə diqqət və həyata keçirilən siyasət bu sahədə yüksək nəticələrə zəmin yaradır. Bunun nəticəsidir ki, ölkəmizə gələn turistlərin sayında ildən-ilə artım müşahidə olunur. Ötən il respublikamıza 2 milyon turist gəlib.
Hazırda respublikamızda 500-dən çox mehmanxana və mehmanxana tipli obyekt fəaliyyət göstərir. Bu obyektlərdə 32 minə yaxın yataq yeri var. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən rəsmi lisenziya əsasında fəaliyyət göstərən turizm şirkətlərinin sayı 230-a çatıb.
Monitorinq və kurslar xidmətin keyfiyyətini
yüksəldəcək
Artıq Azərbaycanın bəzi ərazilərində yay turizm mövsümünə start verilib. Bununla əlaqədar həm Mədəniyyət və Turizm Nazirliyi, həm də turizm qurumları tərəfindən bir sıra tədbirlər həyata keçirilir. Nazirliyin Turizm şöbəsindən aldığımız məlumata görə, hər il olduğu kimi, bu il də Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi və TİKA-nın Azərbaycandakı proqram koordinatorluğu ilə birgə regionlarda mehmanxana əməkdaşları üçün tədris kursları təşkil ediləcək. «Mehmanxana idarəçiliyi», «Qeyd-qəbul», «Xadiməçilik» və «Masa xidməti» ixtisasları üzrə reallaşdırılacaq kurslara mayın sonlarında start veriləcək. Türkiyədən gəlmiş peşəkar mehmanxana mütəxəssisləri tərəfindən aparılacaq kurslar şimal regionu üzrə İsmayıllıda, cənub regionu üzrə Lənkəranda baş tutacaq və iyunun ortalarına qədər davam edəcək.
Bundan əlavə, hər il nazirlik tərəfindən bölgələrdə fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli obyektlərdə monitorinqlər aparılır. Mədəniyyət və Turizm, İqtisadi İnkişaf nazirliklərinin və Azərbaycan Turizm Assosiasiyasının əməkdaşları tərəfindən həyata keçirilən monitorinqin məqsədi yay turizm mövsümünün başlaması ilə bağlı bölgələrdə fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli obyektlərdə mövsümə hazırlıq səviyyəsinin yoxlanması, göstəriləcək turist xidmətləri qiymətlərinin araşdırılmasından ibarətdir. Bu il monitorinqlərin iyunun ortalarından başlanması nəzərdə tutulur.
AZTA turizm səfərlərində
yaranan problemləri həll etməyə
çalışır
Azərbaycan Turizm Assosiasiyası da mövsümdən əvvəl həm yerli bazarda, həm də xaricə turizm səfərləri ilə bağlı monitorinqlərə başlayıb. Qurumun idarə heyətinin sədri Nahid Bağırovun sözlərinə görə, Qəbələ, Quba və Qusarda yerləşən hotel və istirahət mərkəzlərində müvafiq monitorinqlər aparılıb. Növbəti monitorinqlər cənub bölgəsini (Lənkəran, Astara, Masallı) əhatə edəcək. Monitorinqlər zamanı qiymətlərə və xidmətin keyfiyyətinə ciddi nəzarət edilir.
Assosiasiya sədri deyir ki, qiymətlərdə elə bir dəyişiklik yoxdur. Xidmətin keyfiyyəti ilə bağlı problemlər isə tədricən həllini tapır. Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Turizm Assosiasiyası bu istiqamətdə mütəmadi olaraq kurslar təşkil edir.
Xaricə turist səfərlərinə gəlincə, AZTA əməkdaşları müxtəlif turizm şirkətlərində turistlərə göstərilən xidmət, qiymət siyasəti ilə tanış olurlar: «Vətəndaşları bəzi turizm şirkətlərinin fırıldaqlarından qorumaq lazımdır. Xaricə səfər edənlər bu məsələdə ehtiyatlı olmalı, müraciət etdikləri turizm şirkətlərinin rəsmi lisenziyasının olub-olmadığı ilə maraqlanmalıdırlar”.
Türkiyə hotellərində
mayın 31-dək endirim var
Türkiyədə istirahət etmək istəyənlər üçün təklif edilən paketlərin qiyməti yalnız həmin ölkənin hotellərində qiymətlər bahalaşdıqda yüksəlir. AZTA idarə heyətinin sədri Nahid Bağırovun sözlərinə görə, Türkiyədəki hotellərin qiymətləri bahalaşmadığı üçün təklif edilən paketlərin də qiyməti artmayıb.
Bunu keçirilən monitorinqin nəticələri də göstərir: «Keçən illə müqayisədə bu il nə biletlərin, nə də hotellərin qiyməti artıb. Ucuz yerlər satıldıqdan sonra kimsə gəlib hoteldə qalmaq istədiyini deyir. Cavab olaraq ancaq bahalı yerlərin qaldığı bildirilir. Onda da deyirlər ki, turizm şirkətləri qiymətləri qaldırıb. Əksər xarici ölkələrin vətəndaşları 4-5 ay əvvəldən istirahət etmək istədikləri ölkənin hotelində yer rezervasiya edirlər. Təbii ki, bu zaman qiymətlər də ucuz olur. Ancaq Azərbaycanda bu təcrübə hələ geniş yayılmayıb. İstirahət üçün seçimlərini yayın ortasında edirlər. Bu da baha qiymətə başa gəlir».
Assosiasiya sədri bildirdi ki, yay aylarında Türkiyədə dincəlmək istəyənlər mayın 1-dək yerləri bronlaşdırsaydı, hotellər 20-30 faiz endirim edərdilər. Vətəndaşlar yerləri nə qədər gec bronlaşdırırlarsa, paketlərin qiyməti də bir o qədər baha olur. Qeyd edək ki, mayın 31-dək Türkiyə istiqamətində paketlərə hotellər tərəfindən endirimlər tətbiq olunur.
Turlar çox, seçim
imkanları genişdir
Yay mövsümü ilə bağlı turizm şirkətləri istirahət həvəskarlarına çeşidli istiqamətlərdə turlar təklif edirlər. «Millennium Tourism & Congress DMC»nin direktoru Ruslan Quliyevin sözlərinə görə, xaricdə istirahətə getmək istəyənlər üçün Türkiyənin turizm bölgələri, Dubay ənənəvi istiqamətlərdir: «Bu ildən bu sıra daha da genişlənib. İyunun 12-dən başlayaraq Şimali Afrikanın incisi olan Tunisə hər həftənin 3-cü günü olmaqla çarter reysləri təşkil olunacaq. Monteneqroya - Adriatik dənizinin gözəl qumlu sahillərinə də səyahətlərimiz var. Qiymətlər də münasibdir. 7 gecəlik paketlər 590 manatdan başlayır. Buraya aviabilet, mehmanxana, transfer, sığorta, viza və təyinatına uyğun qidalanma sistemi daxildir. Artıq Macarıstana, Bolqarıstana da turlar təşkil olunur. Bu istiqamətlərin açılması seçim imkanlarının geniş olmasına şərait yaradır».
Şirkət direktoru deyir ki, vətəndaşlarımızın seçimi bu baxımdan çox zəngindir: “Əsasən iki növ - müalicə və istirahət turlarımız təşkil olunur. Müalicə ilə bağlı Şimali Qafqaza, Moskva ətrafına, Ukraynaya, Sloveniyaya səfərlər, Türkiyənin, Kiprin, Tunisin, Monteneqronun istirahət mərkəzlərinə turlarımız var. Bir məqamı da qeyd edim ki, paketi 2-3 ay əvvəl əldə edəndə həm qiymətdə seçim etmək, həm də istənilən istirahət mərkəzini seçmək mümkündür».
Ölkəmizə turist səfərlərinə gəlincə, həmsöhbətimiz bildirdi ki, rəhbərlik etdiyi şirkət vasitəsilə Azərbaycana əsasən Çexiya, Bosniya-Herseqovina, Almaniya, Türkiyə, Rusiya, İran, Qazaxıstandan daha çox turist gəlir.
«SW Travel» turizm şirkətindən də vətəndaşlarımıza sərfəli təklif var. Şirkətdən aldığımız məlumata görə, Türkiyəyə xüsusi endirimlərlə səyahət paketləri təklif olunur. Təklifə görə, Antalyada 555 manatdan, Bodrumda 477 manatdan, Kuşadasında 649 manatdan, Marmarisdə 481 manatdan, İzmirdə isə 880 manatdan başlayan qiymətlərlə bir həftə istirahət etmək olar. Qeyd edək ki, bu qiymətlərə aviabilet, hoteldə gecələmə, transfer, səhər yeməyi və sığorta daxildir.
Ölkəmizin daxilində də artıq müxtəlif turlara start verilib. İstirahət həvəskarlarına populyar turizm regionlarımızdan olan Qəbələ, İsmayıllı, Şəki, Xaçmaz və Masallı istiqamətində həftəsonu 2, 3 günlük turlar təklif olunur.
Beləliklə, istirahət üçün həm ölkə daxilində, həm də xaricdə məkanlar çoxdur. Seçim isə vətəndaşlarımızın öz əlindədir. Hər kəsə cibinə uyğun istirahət arzulayırıq.
Fəxriyyə Abdullayeva
Mədəniyyət.-
2013.- 22 may.- S. 6.