Bir çoban ailəsindən
elm aləminə
Ötən əsrin 30-cu illərində
repressiyaya məruz qalan yüzlərlə dəyərli ziyalımızdan
biri də qeyri-adi istedad, dərin bilik sahibi, görkəmli türkoloq alim Bəkir Çobanzadə olub.
Milliyyətcə
Krım türkü olan Bəkir Vahab oğlu Çobanzadə 1893-cü il mayın 15-də
Simferopol qəzasının Qarasubazar şəhərində
anadan olub. Çoban Vahab kişinin övladları istedadlı
olsa da, onları oxutmaq imkanı yox idi. Buna baxmayaraq
o, Bəkiri oxutmaq istəyir. Onu şəhərdə molla məktəbinə qoyur. Bəkir burada ərəb, fars dillərini
mənimsəyir, Quranı
əzbər öyrənir,
Şərq klassiklərinin
əsərləri ilə
tanış olur. Sonra təhsilini kənddəki
yeni üsullu məktəbdə davam etdirir.
Bəkir Çobanzadə məktəb
illəri ilə bağlı xatirələrinin
birində yazır: “İmtahan vaxtı müəllimim şair Həsən Səbri buyurdu ki, qabağa
çıxım. Amma əynimdəki
yamaqlı geyimdən utandım və yerimdən tərpənmədim.
Bunu başa düşən müəllim mənə yaxınlaşdı. Dərhal
ayağa qalxıb uca səslə dil-dil ötməyə başladım: “Nə istəyirsiniz, soruşun! Sədidən, Hafizdən,
Füzulidən sual verin, hamısını əzbər deyəcəyəm”.
Həsən Səbri gülümsünüb köksünü
ötürdü və
mənə yaşıma
görə çətin
sayılan suallar verdi. Bir-bir sualları
cavablandırdım. Bu,
Həsən Səbrini
çox təəccübləndirdi.
O, həmkarını yanına
çağıraraq dedi:
“İsmayıl bəy
(İsmayıl Qaspralı
-red.), sən Allah, bir
baxın, burada bir dərya var!” Məndən adımı və
soyadımı soruşdular.
Adımı dedim, amma soyadım
olmadığı üçün
susdum...” Yoldaşları Bəkirin kəndin
cəsur, qurdürəkli
cəsur çobanı
Vahabın oğlu olduğunu söyləyirlər.
Müəllimləri də qərara
gəlirlər ki, onun soyadını “Çobanzadə” yazsınlar.
Beləcə, çoban
Vahabın balaca oğluna böyük bir elm, zəka dünyasına doğru addımlamasına “vəsiqə”
verirlər...
Kənddə orta təhsilini
başa çatdırdıqdan
sonra Müsəlman Xeyriyyə Cəmiyyəti
onu İstanbula - Qalatasaray liseyinə (“Sultaniyyə”) oxumağa göndərir. 1908-1918-ci illərdə burada təhsil alır. İlk qələm təcrübəsi
olan “Anan harda?” poemasını da burada yazır. Sonra İstanbul Universiteti nəzdində üçillik kursda ərəb və fars dillərini
dərindən öyrənir.
Təhsilini başa vurduqdan
sonra Macarıstana gedir. Budapeşt Universitetinin tarix-filologiya fakültəsində türk,
ərəb və macar filologiyası ilə yaxından tanış olur, türk dillərində tələffüz
qaydaları mövzusunda
dissertasiya müdafiə
edir. Bu illərdə
Türkiyə, Krım,
Orta Asiya mətbuatında müxtəlif
imzalarla ictimai-siyasi, elmi məqalələrini dərc etdirir.
1919-1920-ci illərdə Budapeştdə
Şərq Akademiyasında
türk dili müəllimi işləyir.
Krıma
döndükdən sonra
siyasi fəaliyyətə
meyl edir. Krım İnqilab Komitəsinin rəisi, Krım Maarif Komissarlığında
tatar (türk) dili və ədəbiyyatı
şöbəsinin müdiri
(1920-1922) vəzifələrində çalışır. Krım Universitetinin
yaradılmasında böyük
rol oynayır. Şərq fakültəsinin professoru
kimi Krım-tatar dili və ədəbiyyatından
mühazirələr oxuyur.
Sonra Krım Universitetinin rektoru olur. Varlı ailədən olan Dilarə adlı qızla ailə qurur. Lakin bu izdivac uzun sürmür. Çobanzadənin bundan sonrakı taleyi isə Azərbaycanla bağlıdır...
1923-cü ildə Azərbaycanda latın qrafikalı əlifbaya keçmək barədə dekret qəbul olunur. Əlifba islahatını həyata keçirmək üçün milli ruhlu güclü mütəxəssisə ehtiyac vardı. Azərbaycan MİK-in sədri Səməd Ağamalıoğlu səfərlərinin birində gördüyü Bəkir Çobanzadəni xatırlayır, onu Bakıya dəvət edir...
Bakıda yaşadığı illər Bəkir Çobanzadənin fəaliyyətinin ən qızğın və məhsuldar dövrü olur. O, Azərbaycanda Yeni Əlifba Komitəsinin sədri, Yeni Türk Əlifbası Ümumittifaq Mərkəzi Komitəsinin rəhbəri təyin edilir. Orta Asiyada, Tatarıstanda, Bolqarıstan və Krımda latın əlifbasına keçidlə əlaqədar ciddi iş aparır. Azərbaycan dilçiliyinin yaradılmasında böyük işlər görür. 1926-cı ildə Birinci Ümumittifaq Türkologiya Qurultayının təşkilində fəal iştirak edir.
Bəkir Çobanzadə Azərbaycan dilçiliyinin əsasını qoyan alimlərdən biri olub. Onun 150-dən artıq elmi əsərinin təxminən 100-ü Azərbaycan dili və ədəbiyyatına həsr olunub. Görkəmli alimin fəaliyyəti təkcə Azərbaycanla bağlı deyildi. 1930-cu ildə Fərqanədə yaradılan Ali Pedaqoji İnstitutda özbək dili və ədəbiyyatı kafedrasının müdiri vəzifəsinə dəvət edilir. 1935-ci ildə Daşkənd və Buxara universitetlərində türk dillərinin problemləri adlı xüsusi kurs keçir. Azərbaycanca-almanca-rusca lüğət (A.Tahirzadə və V.Xuluflu ilə birlikdə) işləyib hazırlayır. 1935-ci ildə SSRİ EA Azərbaycan filialının həqiqi üzvü seçilir. O həm də Paris Dilçilik Cəmiyyətinin üzvü idi. Bir sıra monoqrafik əsərlərlə yanaşı, 1932-ci ildə “Türk dilinin metodikası”, “Elmi qramerin əsasları” kitablarını digər müəlliflərlə birlikdə tərtib edir.
Bəkir Çobanzadə ikinci dəfə Azərbaycan Opera və Balet Teatrının aktrisası Ruqiyyə Abdulina ilə ailə qurur. Üç övladları (iki oğul, bir qız) dünyaya gəlir.
İstedadlı alimə qarşı təzyiqlər hələ 1930-cu ildə başlayır, “İnqilab və mədəniyyət” jurnalında əleyhinə məqalələr çap olunur. Ancaq onun həbsi üçün heç bir tutarlı dəlil-sübut tapılmır. Bədxahların təqib kampaniyası isə davam edir. 1935-ci ilin sonlarında Azərbaycan SSR-in daxili işlər üzrə xalq komissarı olan Sumbatov-Topuridze Moskvaya hesabat verir. Bildirir ki, B.Çobanzadəni həbs etmək üçün əldə heç bir sübut yoxdur.
1937-ci ildə Bəkir Çobanzadəni “Vətən xaini” elan edilmiş Ruhulla Axundovla “dost”luqda günahlandırırlar. Həmin il yanvar ayının sonunda onu Kislovodskda dincəldiyi sanatoriyada həbs edirlər. Əvvəlcə Pyatiqorsk həbsxanasında saxlanılır, sonra Bakıya gətirilir.
Dözülməz işgəncələrə məruz qalan alim türk millətçiləri ilə əlaqə saxladığını, Bakıda Türkiyə konsulu ilə tez-tez görüşdüyünü “etiraf edir”. 1937-ci il oktyabrın 12-də SSRİ Ali Məhkəməsi hərbi kollegiyası səyyar sessiyasının bağlı məhkəmə iclası olur. Bəkir Çobanzadə güllələnməyə məhkum edilir. Beləliklə, istedadlı alim, böyük ziyalı insanın həyat hekayəti başa çatır.
Stalin repressiyasının minlərlə günahsız qurbanı kimi, Bəkir Çobanzadənin də adı tarixdə yaşayacaq. Görkəmli alimin adı Azərbaycanda və ata yurdunda əbədiləşdirilib. Bakıda adını daşıyan küçə var, Simferopol vilayətinin Beloqorsk (Qarasubazar) şəhərində isə abidəsi ucaldılıb...
Savalan Fərəcov
Mədəniyyət.-
2013.- 24 may.- S. 15.