Dünya duracaq yer deyil...

 

   M.Çəmənlinin «Ölüm mələyi» əsəri haqqında düşüncələrim

  

   İnsan sözdən incilər düzməyə başlayan gündən dünyaya ünvanladığı şeirin, bədii ricətin, bəzən də giley dolu bayatının, ağının, qoşmanın, oxşamanın, hətta cavabı bəlli sualların sayı-hesabı yoxdur. Nizamidən üzü bəri yol gələn bu poetik karvanın söz yükündə o qədər dürr və incilər var ki!.. Şair babamız İmadəddin Nəsiminin

  

   Dünya duracaq yer deyil, ey can, səfər eylə,

   Aldanma onun alına, ondan həzər eylə...

  

   misraları bu dünyanın mahiyyətini - insana bəlli olan və olmayan məqamlarını çox dürüst və aydın əks etdirib. Ovqat pəjmürdəliyimin kövrək anlarında dünya ilə bağlı şeirlər oxumaqdan bir qəlb təsəllisi tapıram. Sanki onda «dünya mənimdir» deyənlərin son aqibətinə içimdən bir qəhqəhə keçirirəm. Aşıq poeziyamızın görkəmli nümayəndəsi Aşıq Şəmşirin bir beyti tez-tez xəyalıma gəlir:

  

   Bir kəsə qalmadı dünyanın varı,

   Hanı xan xaqanlar, getdimi, getdi.

   Atanlar, tutanlar, mənəm deyənlər,

   Vuranlar, yıxanlar, getdimi, getdi.

  

   Məni bu düşüncələrin ümmanında çırpındıran tələbə və qələm dostum, qardaşım Mustafa Çəmənlinin «Ölüm mələyi» oldu. Tarixi roman janrında yazılan bu əsərin həm adı, həm də mövzusu, məzmunu məni həqiqətən dərin fikirlərə qərq etdi. Biz nəslin yaradıcılıq uğurlarına görə müəyyən məqamlarda həm bəxti gətirdi, həm də gətirmədi. Ömrümüzün «qızıl dövrü» deyilən çağları Qarabağ kartının meydana atıldığı zamanlara düşdü. Başımıza minbir zülm gəldi. Qaçqınlığın, didərginliyin, köçkünlüyün sitəmlərini çəkdik. Mən doğulduğum Zəngəzurdan, Mustafa da Qarabağdan didərgin düşdü. Bəxtimiz onda üzümüzə güldü ki, bu qovhaqovun, bu çaxnaşmanın acığına dövlət müstəqilliyimizin bərpasına nail olduq. Bir gözümüz ağlasa da, bir gözümüz güldü. Mustafa Çəmənlinin sovet dövründə cəmi üç kitabı işıq üzü görmüşdüsə, indi onun müəllifliyi ilə çap edilən nəşrlərin sayı-hesabı bilinmir.

   Bu gün qürur və iftixarla deyirəm ki, Mustafa Çəmənlinin Azərbaycan nəsrində, publisistikasında, mədəniyyətində özünəməxsus xidməti və yeri var. Bir münasibətə də sevinirəm ki, son illər onun yaradıcılığı ilə əlaqədar ədəbi tənqiddəki susqunluğa son verilib. İndi kitabları haqqında, yaradıcılığı ilə bağlı müxtəlif qələm sahibləri, tənqidçilər öz sözlərini deyir, yazıçılıq məziyyətlərini yüksək dəyərləndirirlər. Mustafa Çəmənli son dərəcə abırlı və istedadlı qələm sahibidir. Yazıçılığa Allahın ona bəxş etdiyi istedadının sayəsində gəlib. Fədakar və zəhmətkeşdir. Yaradıcılıqda əldə etdiyi uğurları ona qazandıran bitkin jurnalistliyi, səriştəli naşirliyidir. Yazıçı, jurnalist, nasir - bu üç amil onun bütün həyatında çox möhkəm vəhdətdədir. Mustafa Çəmənli yazaraq yaşamaq üçün imkan tapıb. Daha bəziləri kimi imkanına görə yazıçılıq etməyib, kiminsə əlindən halal qismətini almayıb. Adlar, titullar onun ünvanını çoxdan tapmalıydı, əgər əngəllər, qısqanclıqlar, maneələr olmasaydı... Mustafa Çəmənli əsl yazıçı taleyi yaşayır. Təmtəraqlı təqdimatlardan, hay-küylü məclislərdən, şüar deyən yazarlardan, təmənnalı təriflərdən, süni mədhiyyələrdən, saxta imiclərdən çox uzaqda dayanıb.

   Bədii yaradıcılığa tələbəlik illərindən başlamışdır. İlk hekayəsi 1973-cü ildə «Mingəçevir işıqları» qəzetində çap edilmişdir. Yaxşı xatirimdədir, jurnalistika fakültəsində oxuduğumuz illərdə müəllimlərimiz çalışırdılar ki, qabiliyyətimiz, istedadımız çatdığı sahə üzrə formalaşaq. Rəhmətlik Nurəddin Babayev hər birimizə ayrı-ayrı janrlar üzrə yazılar tapşırardı. Qismətimə resenziya və ədəbi tənqid düşərdi. Mustafanın indi kitab şəklində çap edilən neçə-neçə hekayə və povestini məhz o zamanlar oxuyub haqqında «resenziya»lar yazardım. Hər dəfə də nəsə nöqsan axtarmağa, tənqidə çalışardım. Mustafa Çəmənli sonralar məşhur yazıçı olanda da hər ikimiz bu hadisəni xatırlayar və zarafatla deyərdim: «Sənin ilk tənqidçin mən olmuşam».

   «Mənim dünyamın adamları» adlı hekayələr kitabı ilə 1982-ci ildə Azərbaycan nəsrində ilk addımını atan Mustafa Çəmənlinin sonralar bir-birinin ardınca xeyli əsərləri oxucuları sevindirdi. «Xallı gürzə» adlı tarixi romanı isə Qarabağ xanlığının, onun banisinin və eyni zamanda həmin dövrdə Azərbaycan xanlıqlarının həyatını, ictimai münasibətlərini əks etdirən qiymətli əsər kimi dəyərləndirildi. Qarabağ uğrunda döyüşən igidlərin həyatını bizə çatdıran «Səs qərib olmur» povesti, «Fred Asif» adlı bədii sənədli romanı isə Qarabağ haqqında yazılan ən dəyərli kitablardandır. Respublikanın xalq artistləri - Arif Babayev, Habil Əliyev, Əlibaba Məmmədov, Ağaxan Abdullayev, Canəli Əkbərov haqqında kitablar hazırlayıb. «Leyli və Məcnun» operasının səhnə həyatının 100 illik salnaməsini də məhz Mustafa Çəmənli yaratdı.

   Bu günlərdə Mədəniyyət və Turizm Nazirliyinin «Qızıl kəlmə» mükafatına layiq gördüyü «Ölüm mələyi» kitabı isə müəllifin tarixi roman janrında qələmə aldığı növbəti əsəridir. Bu janrın xüsusiyyəti elədir ki, bəhs olunan hadisələrin dürüst əksi labüddür. Vaxtilə tarixi janrda romanlar yazan Əzizə Cəfərzadənin müəllimimiz olması, bizə çox şirin, təsirli mühazirə oxuması, kitablarda yazılmayanlarla tələbələri ətraflı tanış etməsi Mustafa Çəmənli yaradıcılığında özünü göstərir. Bilmirəm, özü bunun fərqindədir, ya yox, bir oxucu kimi mən bunu duyuram. Əzizə Cəfərzadə dili ilə Mustafa Çəmənlinin qələmi arasında yaxınlıq diqqət çəkir. O yazıçını da oxuyanda yorulmurdum, həvəslə romanı başa vurmağa çalışırdım. Mustafa Çəmənlinin də əsərini başladınsa bitirməmiş ayrılmaq mümkün deyil. Bu, hər yazıçıya məxsus qüdrət deyil.

   Tarixi roman janrında Məmməd Səid Ordubadidən üzübəri çox yazıçımızın bədii nəsrini oxumuşuq. Adətən bu əsərlərdə Azərbaycan tarixində silinməz izlər əks etdirən sərkərdələrin, şahların, xanların, məşhur şəxsiyyətlərin, qüdrətli söz ustalarının həyatı, ömür yolu, apardıqları mübarizə, üzləşdikləri xəyanətlər, başlarına gələn hadisələr qələmə alınır. Mustafa Çəmənli Azərbaycan tarixinin həm mürəkkəb, həm də ziddiyyətli bir dövrünü «Ölüm mələyi»ndə bizə çatdırır. 53 il 6 ay şahlıq taxtında əyləşmiş I Şah Təhmasibin, II Şah İsmayılın, Pərixan bəyimin, Gövhər bəyimin, İbrahim Mirzənin, Hüseynqulu Xüləfanın və başqa tarixi şəxsiyyətlərin dolğun obrazlarını yaratmışdır. Müəllifi tarixi roman janrında yazan həmkarlarından fərqləndirən əsas xüsusiyyət budur ki, o, bəhs etdiyi dövrün, ictimai-siyasi həyatından daha çox mənəvi mühiti, mənəviyyatı canlandırır. Sarayda baş verən təzadlı münasibətlərə işıq salır. Pərdələr arxasında cərəyan edən hadisələri, ziddiyyətli məqamları, taxt-tac uğrunda qurulan tuzaqları, kələkləri diqqətə çəkir.

   «Ölüm mələyi» bir romandır. Amma müəllif onu ayrı-ayrı başlıqlarda elə mükəmməl işləyib ki, hər sərlövhənin içində bir hekayət söylənilir. Təsvir etdiyi təbiət lövhələri, insan mənəviyyatını zənginləşdirən ağıllı söhbətlər, döyüş səhnələri, saraydaxili didişmələr müəllif tərəfindən elə aydın canlandırılıb ki, bəzən Mustafa Çəmənlinin XVI əsrdə yaşadığına, bu hadisələri arxiv materiallarından öyrəndiyinə yox, gözləri ilə gördüyünə, duyduğuna inanırsan. Müəllifin qüdrəti də elə budur ki, qələmə aldığı hadisələri içindən keçirərək, onu duyğularına bələyərək insani hisslərlə, şirin dillə, düşündürücü tərzdə oxucuya çatdıra bilsin. Bəzən şahları, xanları, sərkərdələri elə quru, sxematik təsvir edirlər ki, onun insan olduğuna, köksündə ürək daşıdığına şübhə ilə yanaşırsan.

   Əsərin elə ilk səhifəsindən öyrənirik ki, I Təhmasib Şah ömrünün son günlərini yaşayır. Əlli üç ildən artıq hakimiyyətdə olmuş bu tarixi şəxsiyyət ömrünün ötənlərinə boylanır. Həmin anlar romanda belə qələmə alınıb: «Hə, ömür beləcə keçdi... Əgər vaxt tapsaydı, əcəldən möhlət olsaydı, bir az da nəqqaşlıqla məşğul olardı. Bu halında özünü ən çox nəqqaşlığa az vaxt ayırmağına görə qınayırdı». Maraqlıdır, deyilmi? Nələr görmüş, hansı döyüşlərdən keçmiş, bir şah kimi varidatlara sahib olmuş, bitib-tükənməyən döyüşlərdə iştirak etmiş, səltənətinə görə ona paxıl gözlər dikilən, qılıncının dalı da, qabağı da ovxarlı olan I Şah Təhmasib ömrünün sonunda şahlıq arzusunda yox, məhz qəlbinin can atdığı, ürəyinin sevdiyi sənətin - nəqqaşlığın həsrətini çəkir. Doğrudan da, qalan sənətdi, şahlar gəlib-gedərdi. Romanda təsvir olunan obrazların hər birinin özünəməxsus xarakteri var. Müəllif çalışıb ki, qələmə aldığı hər bir tarixi şəxsiyyəti öncə insan kimi canlandıra bilsin. Bəzən mənəviyyat məsələsinə o qədər diqqət yetirilir ki, şahın öz taxt-tacını idarə etmək funksiyaları, qabiliyyəti arxa plana keçir. Bəzən sənə elə gəlir ki, qarşındakı əzazil bir səltənət sahibi yox, qəlbi şeirlə çırpınan, sevgi ilə döyünən yaradıcı insandır. Xüsusilə də ailə çərçivəsində, şəxsi münasibətlərdə, sevgi macəralarında bu məsələlər daha çox hiss edilir.

   Səfəvilər sülaləsinin hökmdarlarından biri II Şah İsmayıl da bir faciə qəhrəmanı kimi qələmə alınmışdır. Atasına qarşı etdiyi dönüklüyə görə gözdən düşüb illərlə həbsxanada ömür sürən, hökmdarlıqdan, dövlətdən, döyüş meydanından, saraydan, sevgidən, əyləncədən uzaqlaşdırılan II Şah İsmayıl əslində müəllifin təsvirindəki kimi və özünün söylədiyinə görə Yer üzünə göndərilmiş bir əzrayıldır: «Mən Allahın Yer üzündəki ölüm mələyiyəm...» İnsanı bu hala gətirən, onu qansıza, əzrayıla, caniyə çevirən düşdüyü mühit, çəkdiyi əzab, üzləşdiyi vəhşət, düçar olduğu zor və zülmdür. İstənilən vaxt hakimiyyət hərisliyi bu cür ölüm mələklərinin doğulmasına şərait yaradar. Doğrudur, İsmayıl keçmişini, sabahını, düşmənlərini unutmaq üçün tiryək çəkir, şərab içir, amma keçirdiyi ağır həyatı unutmaq mümkün deyil. Özü də öz halının səbəbini etiraf edir: «Məşəqqətli günlər yaşayanın ürəyində mərhəmət, şəfqət olarmı Bax, elə müəllifin demək istədiyi əsas fikir də budur. Hər bir idarəetmənin, münasibətin mayasında ədalət və haqq dayanmalıdır. Hətta cinayətkara, səhv etmişə, günahkara cəza verəndə belə onu halallıq məqamından keçirib insani nöqteyi-nəzərindən təsdiqləmək gərəkdir. Atalar deyib: «Qanı qanla yox, su ilə yuyarlar». Bu mənada müəllifin demək istədiyi mətləblərin ahəngində, bax, bu məqsəd dayanıb!

   Romanın epiloqunda müəllif bir el nəğməsini oxucunun diqqətinə çatdırır:

  

   Nə baxırsan gülə-gülə,

   Mən də baxdım gülə-gülə.

   Uçacaqsan sən də bir gün,

   Baxacaqlar gülə-gülə.

  

   Əlbəttə, kitabın məzmununu danışmaq fikrim yoxdur. Sadəcə bir həqiqətin - «udar padişahdan gədaya kimi, eyləməz kimsəyə güzəşti dünya» mesajını unutmayanlar daha ədalətli və mərhəmətli olurlar. Çünki bu dünya, doğrudan da, qalacaq yer deyil!

  

   Flora Xəlilzadə,

   Əməkdar jurnalist

 

Mədəniyyət.- 2013.- 24 may.- S. 13.