Millətin istiqlalına həsr
edilən ömür
Əlimərdan bəy Topçubaşov - 150
Mayın 23-də
AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində görkəmli
ictimai-siyasi xadim, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından
biri, Cümhuriyyət
Parlamentinin sədri Əlimərdan bəy Topçubaşovun anadan olmasının 150 illiyinə
həsr olunmuş respublika elmi seminarı keçirildi.
Tədbiri muzeyin direktoru,
akademik Nailə Vəlixanlı açaraq
tədbirin Prezident İlham Əliyevin Əlimərdan bəy Topçubaşovun 150 illik
yubileyi ilə bağlı sərəncamına
uyğun olaraq keçirildiyini vurğuladı.
Qeyd olundu ki, XX əsrin əvvəllərində Azərbaycan
xalqının müstəqilliyi
uğrunda yorulmaz mübarizə aparan bu böyük şəxsiyyətin gördüyü
işlər, Rusiya Dövlət Dumasının
deputatı kimi fəaliyyəti, ilk Azərbaycan
Parlamentinin yaradılması
sahəsində səyləri
tariximizin qürur duyulacaq səhifələridir.
Sonra tarix elmləri doktoru, professor, Əlimərdan
bəy Topçubaşov
irsindən bəhs edən “Tarixi şəxsiyyətin tarixi”
kitabının müəllifi
Cəmil Həsənli
məruzə ilə çıxış etdi.
Ə.Topçubaşovun tərcümeyi-halından
söz açan alim onun 1863-cü ildə Tiflisdə tanınmış zadəgan
ailəsində anadan olduğunu, gimnaziyanı bitirdikdən sonra təhsilini Sankt-Peterburq Universitetində davam etdirdiyini, 1894-cü ildə
Bakıya köçdüyünü,
həmin il görkəmli maarifçi
Həsən bəy Zərdabinin qızı Pəri xanımla ailə qurduğunu nəzərə çatdırdı.
Bildirildi ki, XX əsrin
əvvəlində yaranan
tarixi şərait, həmin dövrün qabaqcıl ideyalarının
təsiri Ə.Topçubaşovun
həyatının əsas
istiqamətlərini müəyyənləşdirir.
O, müsəlman dünyasında
islahatların aparılması,
İslam dəyərləri
əsasında yeni təfəkkürün formalaşması,
Azərbaycan cəmiyyətinin
avropalaşdırılmasının tərəfdarına çevrilir.
Ə.Topçubaşov hələ redaktoru
olduğu “Kaspi” qəzetində dərc etdirdiyi yazılarında niyyətini açıq şəkildə bəyan
edirdi.
Onun mühüm xidmətlərindən
biri də 1901-ci ildə böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin maliyyə dəstəyi ilə müsəlman qızlar məktəbinin açılışında fəal
şəkildə iştirak
etməsidir. 1906-cı ildə Rusiya Dövlət Dumasının
deputatı kimi Rusiya müsəlmanlarının
hüquqları uğrunda,
sonrakı dövrdə
Bakı Dumasının
qlasnısı qismində
Əhməd bəy Ağayev və Fərrux bəy Vəzirovla birgə türk-müsəlman əhalisinin
şəhərin iqtisadi
və mədəni həyatında daha aktiv təmsil olunması üçün
çalışır.
1917-ci ildə çarizmin süqutundan sonra Ə.Topçubaşov Müəssislər
Məclisinin üzvü
seçilir, məclis
buraxıldıqdan sonra
Zaqafqaziya Seymində müsəlman fraksiyasının
rəhbərlərindən biri olur. 1918-ci il mayın
28-də Azərbaycan Xalq
Cümhuriyyəti elan
ediləndən sonra
o, müstəqil dövlətimizin
ilk səfiri olur. Diplomatik missiyasını əvvəlcə
Gürcüstanda, daha
sonra isə Türkiyədə davam etdirir. 1918-ci ilin dekabrında Xalq Cümhuriyyəti Parlamentinin sədri seçilir. Yüksək səviyyəli təhsil aldığına və peşəkar hazırlığa
malik olduğuna görə Azərbaycan Xalq Cümhuriyyətinin diplomatik missiyasının
rəhbəri kimi
Paris sülh konfransına
göndərilir. Ə.Topçubaşovun müstəqil Azərbaycan
dövlətinin dünya
ictimaiyyəti tərəfindən
tanınmasına yönəlmiş
fəaliyyəti 1920-ci ilin
yanvar ayında dövlətimizin Antanta
Ali Şurası tərəfindən
de-fakto tanınması
ilə nəticələnir.
1920-ci ilin aprelində Cümhuriyyətin süqutundan
sonra mühacirət həyatı yaşayan Əlimərdan bəy Azərbaycanın sovet Rusiyası tərəfindən
anneksiyası faktının
dünya ictimaiyyətinin
diqqətinə çatdırılması
uğrunda fəaliyyətini
davam etdirib. O,
1934-cü ildə Parisdə
ağır və uzun sürən xəstəlikdən sonra vəfat edib, Sen-Klo məzarlığında
dəfn olunub.
Məruzədən sonra muzeyin xəritələr sektorunun müdiri Fikrət Bağırov görkəmli dövlət xadiminə aid eksponatların, sənədlərin Ə.Topçubaşovun həyat və fəaliyyətinin öyrənilməsində rolundan bəhs etdi. Xarici əlaqələr və sərgilərin təşkili şöbəsinin müdiri Səbuhi Əhmədov görkəmli şəxsiyyətin həyat və fəaliyyətinin Azərbaycandan xaricdə təbliğinin vacibliyindən və “İrs-Nasledie” beynəlxalq jurnalının bu istiqamətdə gördüyü işlərdən danışdı. Çıxışlardan sonra mövzu ətrafında müzakirələr aparıldı.
Savalan Fərəcov
Mədəniyyət.- 2013.- 24 may.-
S. 4.