Azərbaycan və Tacikistan konservatoriyaları arasında saziş imzalanıb

 

Düşənbədə Azərbaycan Milli Konservatoriyası ilə Tacikistan Milli Konservatoriyası arasında əməkdaşlıq haqqında saziş imzalanıb.

Sənədi Tacikistan Milli Konservatoriyasının rektoru Racabmad Amirov və Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi imzalayıblar. Daha sonra Tacikistan Milli Konservatoriyasının rektoru Racabmad Amirov iki ölkənin ədib və musiqiçilərinin tarixi əlaqələrindən danışıb, Azərbaycanda keçirilən muğam festivallarında tacikistanlı Sitora Karamatullonun uğurla çıxış etdiyini xatırladıb. Bu ilin 10-12 may tarixlərində Azərbaycan muğam qrupunun Tacikistanın "Şaşmakam" festival-simpoziumunda gözəl ifası xüsusi qeyd olunub.

Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi bildirib ki, imzalanan əməkdaşlıq sazişi 2014-cü ildə qüvvəyə minəcək və bundan sonra Tacikistan musiqiçilərinin Azərbaycanda, Azərbaycan musiqiçilərinin isə Tacikistanda tədris-təcrübə (tələbə, professor) mübadiləsi aparılacaq, birgə konsertlər təşkil olunacaq.

Mərasimdə iştirak edən Azərbaycanın Tacikistandakı səfiri Abbasəli Həsənov imzalanan sənədin əhəmiyyətindən danışaraq qeyd edib ki, mədəni tədbirlərin ikitərəfli münasibətlərin qurulmasında önəmi çox böyükdür.

 

Mədəniyyət.- 2013.- 24 may.- S. 4.