İstiqlal Muzeyində Cümhuriyyət tariximizin səhifələri

 

   Mayın 28-də müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 95 ili tamam olur.

   1918-ci ildə Məhəmməd Əmin Rəsulzadə və onun fədakar silahdaşlarının başçılığı altında yaradılan milli dövlətimiz cəmi 23 ay yaşamasına baxmayaraq, özündən sonra yaddaşlarda qalacaq izlər qoydu. Xalq Cümhuriyyətinin tarixdə qalan yadigarlarından biriİstiqlal Muzeyidir. 95 illik yubileyi ərəfəsində muzeyə baş çəkərək şanlı tariximizin səhifələrinə bir daha nəzər saldıq.

   Məlumat üçün qeyd edək ki, İstiqlal Muzeyi Azərbaycanda yaradılan ilk rəsmi dövlət muzeyidir. 1919-cu il dekabrın 7-də Cümhuriyyət Parlamentinin quruluşunun birinci ildönümü münasibətilə elə parlamentin binasında açılıb. Xalq Cümhuriyyəti devrildikdən sonra muzey də fəaliyyətini dayandırıb. Ancaq 71 il sonra müstəqilliyimizlə birlikdə muzeyin işi də bərpa edilib. 1991-ci il yanvarın 9-da Azərbaycan İstiqlal Muzeyi yenidən yaradılıb. Hazırda Muzey Mərkəzində yerləşir.

   Fəaliyyətə başladığı ilk dövrlər muzeyin cəmi 7000 eksponatı olub, indi isə eksponatların sayı 20 mini keçib. Muzeyin ekspozisiyası 6 zalda nümayiş etdirilir. İkinci zalda Xalq Cümhuriyyətinə aid sənədlər sərgilənir.

   Ümumilikdə bu zalda tariximizin XIX əsrin ikinci yarısından XX əsrin əvvəlinədək olan dövrünə aid materiallar yer alıb. Eksponatlar arasında Cümhuriyyətin yaradıcılarından Məhəmməd Əmin Rəsulzadə, Fətəli xan Xoyski, Əlimərdan bəy Topçubaşov, Nəsib bəy Yusifbəyli və digər görkəmli şəxsiyyətlərin tarixi anlarını əks etdirən fotolar var. Guşədə ümummilli lider Heydər Əliyevin Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı dediyi dəyərli sözlər də öz əksini tapıb.

   Muzeyin elmi katibi Nigar Qazızadə deyir ki, 1919-cu ildə yaradılan muzeydən heç bir eksponat qalmayıb. Hazırda muzeydə Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra Cümhuriyyət tarixi ilə bağlı əldə olunan nümunələr sərgilənir. Eksponatlar arasında həmin dövrün mətbu orqanlarının nümunələri var. Burada 1917-ci ildə nəşrə başlamış “Müsavat” qəzetinin nüsxəsini, “Tərəqqi” qəzetində M.Ə.Rəsulzadənin mövcud rejim əleyhinə yazdığı yazılar yer alıb. “Difai” təşkilatının üzvlərinin də fotoşəkilləri eksponatlar sırasındadır.

   Guşədə xüsusilə diqqətçəkən nümunə isə Azərbaycan Xalq Cümhuriyyəti yarandığı dövrdə qəbul edilmiş bayraqların fotoşəkilləridir. 1918-ci il iyunun 24-də qəbul edilmiş qırmızı rəng üzərində ay və səkkizguşəli ulduz əks olunmuş ilk bayrağımızla yanaşı, həmin il noyabrın 9-da qəbul olunanbu gün başımız üstündə dalğalanan üçrəngli bayrağımızın fotoşəkli tariximizin yadigarıdır. Həmin dövrdə qəbul edilmiş bayraqların nümunələri isə muzeydə yoxdur. Nigar Qazızadə qeyd edir ki, muzey fəaliyyətə başladığı dövrlərdə də həmin nümunələr olmayıb.

   Guşənin bir hissəsində isə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, fəaliyyəti və süqutu haqqında yazılmış müxtəlif kitablar yer alıb.

   Qısa müddət ərzində çox işlər görməyə nail olmuş milli dövlətimizin ordusunu, əsgərlərin geyimlərini əks etdirən fotolar da maraqlıdır. Siz burada həmin dövrün müxtəlif hadisələrini əks etdirən materiallara da rast gələ bilərsiniz.

   Muzeydə həmçinin Xalq Cümhuriyyəti dövründə istifadə edilən poçt markaları nümunələri də sərgilənir. Dövrün milli rəmzləri də burada yer alıb.

   Təəssüfedici məqam isə ondan ibarətdir ki, muzeydəki sənədlərin heç biri orijinal deyil. Bütün sənəd və həmin dövrü əks etdirən nümunələr surəti çıxarılmış materiallardan ibarətdir. Muzeydə həmin dövrə aid olan yeganə orijinal əşya 1918-1920-ci illər ərzində dövriyyəyə buraxılan 50, 100 və 500-lük əsginaslardır.

   Bütövlükdə muzeyin Xalq Cümhuriyyətinə həsr olunmuş guşəsi elə də zəngin və əhatəli olmasa da, buraya gələn ziyarətçilərə tariximizin qürurverici səhifələrinə səyahət etmək imkanı yaradır.

  

   Nigar İxtiyarqızı

 

Mədəniyyət.- 2013.- 24 may.- S. 8.