“Komissar” geriyə baxmağı xoşlamır
Bir zaman SSRİ-də də maraqla izlənən teleserialın qəhrəmanı olub, çoxlarının sevimlisinə çevrilib. Söhbət komissar Korrado Kattanidən - məşhur italyan aktyoru, rejissor, prodüser Mikele Plaçidodan gedir.
Mikele Plaçido 1946-cı il mayın 19-da İtaliyanın cənubundakı Askoli-Satriano şəhərində kasıb ailədə dünyaya göz açıb. Ailədə ondan savayı yeddi uşaq böyüyürdü. Əvvəlcə kilsə məktəbində oxuyan Mikele sonra kollecdə təhsilini davam etdirir. Uşaqlıqdan aktyor olmaq istəyirdi. Artıq hərbi xidmətdə olarkən bu barədə qəti qərara gəlir. Bəxti də gətirir. Hərbi xidməti Romada polis sistemində keçirdi. Qulluğunu davam etdirməklə yanaşı, Milli Teatr İncəsənəti Akademiyasına imtahan verir və qəbul olur.
Plaçido ilk dəfə 25 yaşında “Piçotto” televiziya filminə dəvət alır və film uğur qazanır. Sonralar Moniçelli, Rozi, Belokkio, Lidzani, Komençini kimi məşhur rejissorlarla işləyir.
1974-cü ildə Mario Moniçellinin “Xalq romanı” komediyasında oynadığı rolla tanınır. Sonra “Zəfər marşı” (1976), “Ernesto” (1978, Berlin kinofestivalının mükafatçısı), “Üç qardaş” (1981) və başqa filmlərdə bir-birindən maraqlı rollar oynayır.
“Sprut” teleserialındakı komissar Korrado Kattani rolu isə ona dünya şöhrəti gətirir. Teleserialın rejissoru Damiano Damiani 1984-cü ildə bu filmi çəkməyə başlayanda əvvəlcə Kattani rolunu italyan aktyoru Franko Herona təklif etmək istəyir, sonra nədənsə fikrindən daşınaraq Mikele Plaçidonu dəvət edir.
Sonralar Mikele Plaçido etiraf edir ki, bu rola çox da hazırlıqlı olmayıb, lakin rejissor onu inandırıb ki, o, rolu gözlədiyindən də yaxşı oynayacaq. “Səni səndən yaxşı tanıyıram”, - deyən rejissor Mikele Plaçidoya inanır və çəkilişlərdə həmişə ona təskinlik verir. Bu inam da özünü doğruldur. Mikele Plaçido bu serialda dörd mövsüm - ümumilikdə 48 seriyada oynayır. Aktyor müsahibələrinin birində rejissora serialda Kattanini öldürməyi özünün təklif etdiyini də deyib və bu “ölümə” görə karyerasında yüksəldiyini vurğulayıb.
Mikele Plaçido 1991-ci ildə Vladimir Bortkonun “Əfqan çatı” filmində desantçı rus zabiti mayor Mixail Bandura roluna çəkilir. Çəkilişlər Tacikistanın dağlarında aparılır. Aktyor bu filmin çəkilişi zamanı təhlükə ilə üzləşir. Yaradıcı qrup dağlarda çəkilişdən qayıdanda silahlı kütlənin əhatəsinə düşür. Oradan birtəhər canlarını qurtarıb aeroporta gedirlər.
Məşhur aktyor 1990-cı illərdə rejissorluqla da məşğul olmağa başlayıb, indiyədək 10-dan çox film çəkib.
Plaçidonu Romada tapmaq çox
asandır. Çünki o, çox mehriban,
ürəyiaçıq adamdır.
Hamı ilə ünsiyyətə
girməyi xoşlayır.
Xasiyyətcə nə qədər
sakit, mülayim olsa da, cəsur,
qəddar, qorxmaz insan obrazlarını məharətlə oynayır.
Şəxsi həyatı haqqında
danışmağı isə
xoşlamır.
Yeri gəlmişkən, aktyor iki dəfə
ailə həyatı qurub. Birinci dəfə aktrisa
Simonette Stefanelli ilə evlənib, bu nikahdan üç
uşaqları dünyaya
gəlib. İkinci dəfə
isə Federika Vinçenti ilə həyatını bağlayıb.
60 yaşında yenidən ata olan aktyorun Gabriel adında oğlu dünyaya gəlib. O
vaxtdan İtaliya və Fransada kinorejissorluqla məşğul
olan Plaçido hazırda teatrda “Kral Lir” tamaşasında
oynayır.
Mikele Plaçido geriyə
baxmağı, keçmiş
barədə danışmağı
xoşlamır, gələcək
barədə daim nikbin düşünməyə
çalışır. Bu yaxınlarda 67 yaşını
qeyd edən aktyor deyir ki,
hazırda öz işi və ailəsi ilə məşğuldur: “Altı
övladım var, böyük qızım Violante Plaçido aktrisadır, mənim yolumu davam etdirir”.
Səbinə
Əlibalaqızı
Mədəniyyət.-
2013.- 24 may.- S. 11.