Sənətə bağlı Ömür

 

   Ötən əsrin 60-70-ci illərini haqlı olaraq milli kinomuzun intibah dövrü adlandırırlar. Həmin illərdə kinostudiyaya gələn yeni yaradıcı gənc nəslin sənətə məhəbbəti, qaynar yaradıcılıq eşqi çəkildikləri filmlərə uğur gətirir, yaradıcılıqları, illər ötsə də, tamaşaçı yaddaşından silinmir.

   İstedadlı aktyor Ömür Nağıyev də kinoya gəldiyi elə ilk illərdən maraqlı ifası, xarakterik simasına görə tamaşaçı auditoriyasının diqqətini çəkdi, yaratdığı rollarla ekran əsərlərinin məzmununun açılmasına, filmlərin baxımlı olmasına səbəb oldu. Filmlərdə daim nikbin əhval-ruhiyyə yaradan, mərd, dəli-dolu, emosional xarakterindən rollarına pay verən Ömür Nağıyevin iyunun 1-də 60 yaşı tamam olur. Həyatının 44 ilini sənətə həsr edən aktyorla yubileyi ərəfəsində görüşüb söhbət etdik.

   - Ömür müəllim, həyatınızın 60-cı baharını yaşayırsınız. Sənətə həsr etdiyiniz illərə dönüb baxanda hansı hissləri keçirirsiniz?

   - Bu illər ərzində çox hadisələrlə, insanlarla qarşılaşmışam. Küsüb, incidiyim vaxtlar da olub. Amma qəribədir ki, zaman-zaman bütün bunların hamısını unudursan. 16 yaşımdan kinostudiyaya gəlmişəm. Həmin illərin səmimiyyəti xatirimdədir. Yaradıcılığa böyük həvəsimiz vardı, öyrənməkdən, soruşmaqdan çəkinməzdik. Görkəmli sənətkarlardan Leyla Bədirbəyli, Ağasadıq Gəraybəyli, Adil İsgəndərov, Nəsibə Zeynalova, Həsənağa Turabov, Əliağa Ağayev və başqaları ilə tərəf-müqabil olmuşam. Korifey sənətkarlarla çalışdığım və peşəkar kino məktəbi keçdiyim üçün fəxr edirəm.

   - Kinostudiyaya gəlmək istəyi necə yaranmışdı?

   - O vaxtlar “Bakı” adlı axşam qəzeti nəşr olunurdu. Bir gün qəzetdə oxudum ki, kinostudiyanın direktoru, görkəmli sənətkar, pedaqoq Adil İsgəndərov kinoaktyor kursları yaradıb. Azərbaycanın ilk sənədli film rejissorlarından olan Niyazi Bədəlov qonşumuz idi. Onun həyat yoldaşı Şəfiqə xanım orta məktəbdə mənə kimya fənnindən dərs deyirdi. Niyazi müəllimin yanına getdim, fikrimi bildirdim. O da məni kinostudiyaya gətirib Rauf Hacıyevlə tanış etdi. Mən o zaman 8-ci sinfi bitirmişdim. İmtahan verib kursa qəbul olundum. Kinostudiyada yaradıcılığım belə başladı. Sonra Adil müəllim məni yeni açılmış aktyor ştatına işə götürdü. Həmin illərdə kinostudiyada Şahmar Ələkbərov, Məlik Dadaşov, Muxtar Manıyev kimi tanınmış aktyorlar çalışırdılar. Kinostudiyanın qaynar yaradıcılıq dövrü idi.

   - Xarici kinostudiyalarda istehsal olunan bir neçə filmdə çəkilmisiniz. İlk belə rolunuz Polşa filmində olub. Necə oldu ki, bu dəvəti aldınız?

   - Təsadüfən küçədə iki xanım mənə yaxınlaşdı. Çətinliklə rus dilində başa saldılar ki, sabah köhnə “İnturist” mehmanxanasına gələrsən, səni kinoya çəkəcəyik. Mən də getdim, baxdılar, bəyəndilər və “İkinci Dünya müharibəsi necə başlanır” filmində “Kapitan W” roluna çəkdilər. Buna qədər “Dəli Kür” filmində tələbə, “Yeddi oğul istərəm”də kənd sakini roluna çəkilmişdim. Kino təcrübəm var idi. Bu rolu oynamaq mənim üçün çətin olmadı. 1972-ci ildə isə görkəmli kinorejissor Şamil Mahmudbəyovun “Həyat bizi sınayır” filmində Fərəc roluna çəkildim. Şamil müəllim bizə ata kimi yanaşırdı, düzgün istiqamətləndirirdi. Sənətə vurğunluğum bu filmdən sonra başladı. 1975-ci ildə isə Moskvaya - Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutuna aktyorluq təhsili almağa getdim. Oranı bitirdikdən sonra rejissorluq təhsili aldım.

   - Milli kinomuzun qaynar dövründə kinostudiyaya gəldiniz. Rollarınızdan sənət sevgisi nəzərə çarpır. Lakin yaradıcılıq potensialınız tam açılmadı, rejissorlar yaradıcılığınızı niyə amplua çərçivəsinə saldılar?

   - Mənə qarşı bir laqeydlik vardı. Kinostudiyaya yeni gələndə aylıq məvacibim 20 manat idi. Filmə çəkiləndə də 600 manat qonorar alırdım. Ancaq yenə də kinoda sözümü deyə biləcək rolumu gözləyirdim. Moskvada təhsil alıb geri qayıdanda isə mənə 12 manat maaş verdilər. Soruşdum, dedilər ki, yeni gələn gənclər də belə alır. Gərək hamı eyni məvacib alsın. Niyə belə elədilər bilmirəm, lakin bu məni həvəsdən salırdı. Hansı rola dəvət edirdilərsə, çəkilirdim. Çünki mənim üçün rolun böyüyü-kiçiyi yox, ağırı-çətini var idi. 1980-ci ildə Sankt-Peterburq Dövlət Teatrına dəvət aldım. Məni qoymadılar getməyə ki, bu aktyorun gələcəyi var. Bir tərəfdən gələcəyi var deyib, saxlayırdılar, digər tərəfdən isə mənə ərköyündür deyib, rol vermirdilər. Aktyor müxtəlif xarakterli ola bilər. Bu o demək deyil ki, Ömür ərköyündürsə, ona ciddi rollar vermək olmaz. Aktyor kövrək insandır. Onu küsdürmək yox, xarakterini açıb səhnə, ekran üçün istifadə etmək lazımdır.

   - Bələdiyyə Teatrına getməyinizin səbəbi nədir?

   - Mən kino aktyoruyam. Düzdür, bizim teatrımız vardı, ancaq professional səviyyədə deyildi. Buna görə də 1995-ci ildə Bələdiyyə Teatrının direktoru, Xalq artisti Amaliya Pənahovadan xahiş etdim. Sağ olsun ki, o da məni bu teatra işə götürdü. Orda peşəkarların içərisində böyük təcrübə keçdim. İki il sonra isə Rus Dram Teatrının baş rejissoru Aleksandr Şarovski məni bu teatra dəvət etdi.

   - Rus Dram Teatrında sizə verilən rollar ürəyinizcədir?

   - Çox. Rollarımdan da, kollektivdən razıyam.

   - Bir aktyor kimi ekrana yaraşan cəhətləriniz çoxdur. Niyə rejissorluğa başladınız?

   - Yaxşı bir söz var, deyirlər, “istedadlı aktyor yarımçıq rejissordur”. 1990-cı illərdə ölkədə yaşanan ictimai-siyasi böhran zamanı kinoda bir boşluq yarandı. Mən digər aktyorlar kimi filmlərə az-az çəkilirdim. Darıxırdım. Bir az şaxələnmək, inkişaf etmək istədim. Həm rejissorluq təhsilim olduğuna görə bu sahədə olan bacarığımı göstərməkdən çəkinmədim. Rejissor olmaq üçün mən rəssamlığı, musiqini, operator, inzibatçı sənətini öyrəndim. Bu da asan sənət deyil.

   - Rejissorlar adətən sənədli kinodan başlayıb sonra bədii film çəkirlər. Siz isə ilk dəfəBəxtəvərqısametrajlı bədii filmini çəkdiniz. Sonra isə yalnız sənədli filmlər ekranlaşdırdınız...

   - 90-cı illərdə çəkilən filmləri sponsorlar maliyyələşdirirdi. Bir tammetrajlı film üzərində işləməyə başladım. Lakin rol seçimi edəndə mənə sifarişlər gəlməyə başladı ki, biz istəyən aktyorları çəkməlisən. Rejissorun işinə müdaxilə edilməsini sevmirəm. Buna görə sənədli filmlər çəkməyə başladım. Kinostudiyada Azərbaycantelefilmyaradıcılıq birliyində sənədli filmlər çəkdim, AzTV-də veriliş rejissoru işlədim.

   - Görkəmli sənətkarlarla işləmisiniz, çoxillik təcrübəniz var. Pedaqoji fəaliyyət göstərməməyinizin səbəbi nədir?

   - Böyük məmnuniyyətlə sənətimi tədris edərdim. Gərək məni dəvət etsinlər ki, mən gedim. Mənim vaqonum hələ gözləyir, getməyib. Hərdən tək qalanda öz-özümə hesabat verirəm ki, bu illər ərzində etmişəm. Fəaliyyətsiz dayanmağı sevmirəm.

   - Teatr fəaliyyətiniz kino yaradıcılığınızda olan boşluğu doldururmu?

   - Yox. Çox darıxıram, teatrda da, kinoda da. Daha çox rollar yaratmaq, görmək istəyirəm. Sənət adamıyam, belə doğulmuşam, başqa sənət dalınca gedə bilmərəm.

   - Hazırda çəkilən seriallara dəvət alırsınızmı?

   - Alıram. R.Fətəliyevin dəvəti iləSirrserialına çəkildim. Amma daha seriallara çəkilmək istəmirəm.

   - Niyə?

   - Həmyaşıdlarım olan kinematoqrafçılar film çəkmirlər. Gənclər yeni nəsə demək istəmirlər. Sənətdə daim yeni söz olmalıdır. Yaradıcı insan qədər peşəkar olsa da, daim öyrənmək istəyir. Axı sənət durmadan inkişaf edir, yeniləşir. Əgər rejissor aktyordan az bilirsə, onda onun filmində çəkilməyə dəyməz.

   - Ailəniz haqqında bizə heç məlum deyil.

   - Həyat yoldaşım Xatirə xanım mənim əziyyətimi çox çəkib. Sənət kaprizlərimə, çətinliklərimə çox dözüb. Qızım Dünya kopyuter mütəxəssisidir. Onlar mənə dayaq olmasaydılar, bəlkə bu gün burda olmazdım, sənət intriqalarına, çətinliklərə dözməzdim. Bu yaxınlarda qızımın toyu olacaq. Kürəkənim İbrahim kapitandır. Hazırda orduda xidmət edir. Ailəmlə fəxr edirəm.

   - 30-dan çox filmdə müxtəlif xarakterli rollar yaratmısınız, 10-dan artıq sənədli filmin rejissorusunuz. Gələcək sənət arzularınızı bilmək istərdik?

   - Filmlər çəkmək istəyirəm. Onlardan biri Qarabağ mövzusunda olan lirik komediyadır. Hadisələr bir kənddə cərəyan edir. Tibb İnstitutunu bitirən gənc bir qızın təyinatını kəndə verirlər. O, yaşlı qoca qarının evində qalmalı olur. Hadisələr bu ailə daxilində komik nüansda cərəyan edir. Çalışmışam ki, sadə hadisələr daxilindən böyük, tutarlı fikirlər, millimən”imizi ifadə edən xüsusiyyətlər, adət-ənənələr oxunsun. Komediya daxilində ciddi mesajlar, fikirlər diqqət çəksin.

   - Ömür müəllim 60 yaşında sənət barədə düşünür?

   - Mən özümü köhnə aktyor məktəbinə aid edirəm. Əməkdar artist adını 57 yaşımda almışam, zəhmətimlə qazanmışam. Böyük-kiçikliyindən asılı olmayaraq, səhnə ekran rollarımı həmişə sevə-sevə yaratmışam.

  

   Şəhla Bürcəliyeva,

   Kinoşünas

 

   Mədəniyyət.- 2013.- 24 may.- S. 10.