Hyustonda Respublika Günü

 

   ABŞ-ın Hyuston şəhərinin (Texas ştatı) meriyasında Azərbaycanın milli bayramı - Respublika Gününə həsr edilmiş qəbul təşkil olunub.    

   Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının (HBSCA) prezidenti İradə Axundova qonaqları salamlayaraq bu tarixi gününün Azərbaycan üçün əhəmiyyətindən, ABŞ ilə Azərbaycanın tarixi əlaqələrindən, əsası hələ 1976-cı ildə qoyulmuş Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasından danışıb. Assosiasiyanın rəhbəri 28 May bayramı münasibətilə şəhərin azərbaycanlı icmasını təbrik edib, Hyuston meriyasına və Texas ştatının konqresmenlərinə minnətdarlığını bildirib.

   Sonra vitse-merHyuston Şəhər Şurasının üzvü Ed Qonzales çıxış edərək iştirakçıları bayram münasibətilə təbrik edib və Azərbaycanın Hyustonla mehriban münasibətlərindən söhbət açıb. O, şəhərin meri Annis Parkerin də təbrikini çatdırıb və 2013-cü il 28 May gününüTexas ştatının Hyuston şəhərində Azərbaycan Milli Günüelan edilməsi haqqında proklamasiyanı İradə Axundovaya təqdim edib.

   ABŞ Azərbaycanlıları Şəbəkəsinin (USAN) həmtəsisçisi Yusif Babanlı Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən, 1991-ci il oktyabrın 18-də Azərbaycanın müstəqilliyinin bərpasından söhbət açıb.

   Tədbirdə şəhərin müxtəlif dövlət idarələrinin və kommersiya təşkilatlarının nümayəndələri, Türkiyə, Yunanıstan və Meksikanın konsulları, digər diplomatik missiyaların üzvləri və Hyustonun Azərbaycan icmasının nümayəndələri iştirak ediblər.

 

 

Mədəniyyət.- 2013.- 24 may.- S. 8.