Tbilisidəki Azərbaycan
Mədəniyyət Muzeyində bayram tədbiri
Tbilisidəki
M.F.Axundzadə adına Azərbaycan Mədəniyyət
Muzeyində iki ölkənin istiqlal bayramına - Respublika
Gününə həsr olunmuş tədbir
keçirilib. Muzeyin direktoru
Leyla Əliyeva iştirakçılara iki dost ölkənin
müstəqillik uğrunda mübarizəsindən,
əldə etdiyi uğurlardan
danışıb, ulu öndər Heydər
Əliyevin Azərbaycanla yanaşı, Gürcüstanın
müstəqillik tarixində də əvəzsiz xidmətlərindən
söz açıb.
Tbilisidəki “İntellekt” nəşriyyatı
tərəfindən bu günlərdə nəfis şəkildə
işıq üzü görmüş “Heydər Əliyev
Gürcüstanda” kitabının təqdimatını iki
dövlətin müstəqillik bayramına ən böyük
hədiyyə kimi qiymətləndirilib.
Gürcüstan mədəniyyət və abidələrin mühafizəsi nazirinin birinci müavini Marina Mizandari deyib ki, əsaslı bərpa işlərindən sonra fəaliyyətə başlamış Azərbaycan Mədəniyyət Muzeyində xalqlarımızın əzəli arzusu olan müstəqillik bayramının qeyd edilməsi əlamətdar hadisədir.
Tədbirdə çıxış edən Milli Məclisin deputatı Qənirə Paşayeva hər iki ölkə üçün çox önəmli olan bayramın M.F.Axundzadə adına Azərbaycan Mədəniyyət Muzeyində qeyd olunmasını dostluq əlaqələrimzin təcəssümü kimi qiymətləndirib. Bildirilib ki, Azərbaycan kimi, Gürcüstanın da ərazi bütövlüyü pozulub, hər iki dövlət separatizmdən əziyyət çəkir, biz çalışmalıyıq ki, bütün qüvvələri bu problemlərin həllinə yönəldək.
Millət vəkili “Heydər Əliyev Gürcüstanda” kitabının təqdimatının bu tədbirə təsadüf etməsini mühüm hadisə adlandırıb və çoxlarına nümunə göstərilən Azərbaycan-Gürcüstan münasibətlərinin əsasının məhz Heydər Əliyev tərəfindən qoyulduğunu və bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib.
Gürcüstan parlamentinin deputatları Mahir
Dərziyev, Demur Başeleişvili,
SOCAR-ın məsul əməkdaşı Şövqi
Mehdizadə, məşhur rejissor Tengiz Txilava və
başqaları Azərbaycan və gürcü
xalqlarının əbədi arzusu olan müstəqilliyimizin qorunub
saxlanılması üçün bütün qüvvələri birləşdirməyin
vacibliyini vurğulayıblar. Sonda iştirakçılar ulu
öndərə həsr olunmuş “Dənizdən
dənizə” filminə baxıblar.
Mədəniyyət.- 2013.- 24 may.-
S. 8.