“Qızıl palma budağı” kimə qismət olacaq?

 

   Dünyanın ən nüfuzlu kino müsabiqələrindən olan Kann festivalı sona yaxınlaşır. Bu il 66-cı dəfə gerçəkləşən kino bayramına mayın 26-da yekun vurulacaq.    

   Festivala qatılan kino ulduzlarından Nikol Kidman, Vidya Balan, Odri Totu, Leonardo di Kaprio, Naomi Kavasi, hind kinosunun canlı əfsanəsi Amitabx Baççan və başqaları minlərlə pərəstişkarın alqışları ilə qarşılanıb.

   Avstraliya rejissoru Baz Lurmanın "Böyük Qetsbi" filminin nümayişi ilə başlayan müsabiqəni kino tənqidçiləri də maraqla izləyirlər. Tənqidçilərin sözlərinə görə, Leonardo di Kaprionun, Tobi Makquayerin ve Keri Malliqanın çəkildiyi "Böyük Qetsbi" ilin ən çox gözlənilən ekran əsəridir. Məşhur rejissor Stiven Spilberqin builki münsiflər heyətin rəhbərlik etməsi də maraqla qarşılanıb. O, çıxışında Kann festivalı ilə həmyaşıd olduğunu bildirib: "Mən Kann kinofestivalı ilə birlikdə böyümüşəm və bu il bizim hər ikimizin 66 yaşı tamam olur".

   Ümumilikdə 20 filmin nümayiş olunduğu əsas müsabiqə bölümündə baş mükafatı - “Qızıl palma budağı”na 8 ekran əsəri əsas iddiaçı hesab olunur. Bunlar Roman Polanskinin “Xəz içində Venera” (Fransa), Nikolas Vindinq Refnin “Yalnız Allah bağışlayacaq” (Fransa, Danimarka), iranlı Əsgər Fərhadinin “Keçmiş”, Koen qardaşlarının “Lyuin Devisin daxili” və digər ekran əsərləridir. Qeyd edək ki, festivala mayın 26-da rejissor Jerom Sallinin "Zulu" filmi ilə yekun vurulacaq.

  

   Leyla Nəzərova

 

Mədəniyyət.- 2013.- 24 may.- S. 6.