Xalq rəssamından məktəb-liseyə
hədiyyə
Mayın 23-də Xalq rəssamı Arif Hüseynov öz rəsm əsərlərini 6 nömrəli məktəb-liseyə hədiyyə edib. Azərbaycan Xalq Cümhuriyyətinin 95 illiyinə həsr edilmiş tədbir Rəssamlar İttifaqının və Bakı şəhərindəki 6 nömrəli məktəb-liseyin “Uşaqlara hədiyyə” adlı birgə layihəsi çərçivəsində keçirilib.
Tanınmış miniatürçü rəssam, illüstrasiyaçı, “Xətai” miniatür sənət qalereyasının direktoru Arif Hüseynov bildirib ki, miniatürlərin yaradılması metodlarından, prinsip və fəlsəfəsindən istifadə etməklə təsviri sənətin bu növünü yeni səviyyəyə qaldırmaq, itirilmiş ənənələri dirçəltmək lazımdır. 6 nömrəli məktəb-liseyin direktoru Gülşən Orucova qiymətli hədiyyəyə görə rəssama təşəkkürünü bildirib. Qeyd edib ki, Arif Hüseynovun 20 əsərinin reproduksiyaları şagirdlərin estetik tərbiyəsinə, onların milli mədəniyyətlə tanışlığına şərait yaradacaq.
Xalq rəssamı, Rəssamlar İttifaqının katibi, Rəssamlıq Akademiyasının prorektoru Səlhab Məmmədov qeyd edib ki, qurum hər bir məktəbdə, internatda, ali məktəbdə Azərbaycan rəssamlarının əsərlərinin mini-qalereyasını yaratmaq kimi maraqlı bir təşəbbüs irəli sürüb. C.Naxçıvanski adına hərbi liseyə və Suraxanı qəsəbəsindəki uşaq evinə indiyə qədər 40 rəsm əsəri hədiyyə edilib.
“Mədəniyyət və caz” jurnalının baş redaktoru Leyla Əfəndiyeva, Kubanın Azərbaycandakı səfiri Omar Semon Medina Kinteron, tanınmış yazıçı Natiq Rəsulzadə, Əməkdar incəsənət xadimi, sənətşünas Ziyadxan Əliyev uşaqların yaradıcılığa cəlb edilməsinin vacibliyini vurğulayıblar.
Arif Hüseynovun 6 nömrəli məktəb-liseyə hədiyyə edilmiş əsərləri arasında Azərbaycan nağıllarına illüstrasiyalar, generallar Əliağa Şıxlınski, Səməd bəy Mehmandarov və Cəmşid Naxçıvanskinin portretləri, məşhur italyan şairi Francesko Petrarkanın şeirlərinə illüstrasiyalar var.
Rəssam öz əsərlərinin kataloqlarını avtoqrafla şagirdlərə hədiyyə edib.
Mədəniyyət.- 2013.- 24 may.-
S. 2.