Dialoqun yolları Bakıdan keçir
Azərbaycan paytaxtının ikinci dəfə ev sahibliyi edəcəyi Dünya
Forumu mədəniyyətlərarası dialoq və anlaşmaya tarixi töhfədir
29 may - 1 iyun tarixlərində Bakıda bu ilin ən mötəbər beynəlxalq toplantılarından biri - II Dünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək.
İlk dəfə 2011-ci il aprelin 7-8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü və himayəsi ilə gerçəkləşən Dünya Forumu beynəlxalq aləmdə mədəniyyətlərarası dialoq və anlaşmanın yeni vektorunun - “Bakı prosesi”nin təsdiqi idi. Bu prosesin əsası 2008-ci il dekabrın 2-3-də paytaxtımızda keçirilən Avropa Şurası ölkələri mədəniyyət nazirlərinin konfransında qoyulub. Həmin konfransa bir sıra müsəlman ölkələrinin mədəniyyət nazirləri də dəvət edilmişdi. Paytaxtımız Şərq (İslam) və Qərb dünyasının, fərqli sivilizasiyaların dialoquna məkan oldu.
Konfransda Prezident İlham Əliyev tərəfindən irəli sürülən, sivilizasiyalar və mədəniyyətlərarası dialoqun inkişafını nəzərdə tutan «Bakı prosesi» təşəbbüsünün davamı kimi paytaxtımız ilk dəfə olaraq I Dünya Forumunu - beş qitədən 100-dək ölkənin nümayəndə heyətlərini qəbul etdi. Prezident İlham Əliyevin 2011-ci il 27 may tarixli sərəncamı ilə Dünya Forumunun iki ildə bir dəfə Bakıda keçirilməsi qərara alınıb və tədbirin əlaqələndirici qurumu kimi Mədəniyyət və Turizm Nazirliyi təyin edilib.
Azərbaycan Prezidentinin himayəsi ilə «Çoxmədəniyyətli dünyada sülh şəraitində birgə yaşama» şüarı altında gerçəkləşəcək II Bakı Forumunun əsas tərəfdaşları qismində UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub Mərkəzi, İSESCO, BMT-nin Dünya Turizm Təşkilatı çıxış edir. Ötən Forumdan sonra bu dəfə mötəbər tədbirin əsas tərəfdaşlarının sırasına Dünya Turizm Təşkilatı da qoşulub.
Forumda beynəlxalq qurumlardan UNESCO-nun Baş direktoru İrina Bokova, İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri, NATO Baş katibinin müavini Kolinda Grabar-Kitaroviç, Dünya Turizm Təşkilatının Yaxın və Orta Şərq üzrə regional direktoru Əmr Əbdül Qafar, BMT-nin Sivilizasiyalar Alyansı, ASEAN, Ərəb Liqası, Amerika Dövlətləri Təşkilatı, Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası, TÜRKSOY, İslam Əməkdaşlıq Təşkilatının rəhbər şəxsləri - 100-dək ölkənin ümumilikdə 500-dək nümayəndə heyəti iştirak edəcək. Tədbir çərçivəsində ilk dəfə Dünya Forumu Nazirlər Konfransı keçiriləcək.
Qonaqlar arasında Xorvatiya və Bolqarıstanın keçmiş prezidentləri Stefan Mesiç və Georgi Pırvanov, Belçika Krallığının sahzadəsi Stefani de Vindisch-Graetz, 20-dək ölkədən nazir, o cümlədən Belarusun mədəniyyət naziri Boris Svetlov, Xorvatiya Baş nazirinin müavini, sosial işlər və gənclər naziri Milanka Opasiç, Çexiyanın mədəniyyət naziri Alena Hanakova, Latviyanın mədəniyyət naziri Zaneta Jaunzeme-Grende və başqaları yer alacaq.
Tədbirdə 10-dək ölkədən ali təhsil müəssisələrinin rəhbərləri, o cümlədən Yunanıstanın Aristotel Universitetinin rektoru Yannis Milopoulos, Malayziyanın Xarici İşlər Nazirliyinin nəzdində Diplomatiya və Beynəlxalq Münasibətlər İnstitutunun baş katibi Cafar Ku Şaari, İtaliyanın Roma Sapienza Universitetinin prorektoru Antonello Biagini, Polşanın Varşava Universitetinin rektoru Martin Pals, Qatar Diplomatiya İnstitutunun müdiri Hasan Ibrahim Al-Mohannadi iştirak edəcəklər.
Forumun
rəsmi açılışı mayın 30-da Heydər
Əliyev Mərkəzində keçiriləcək.
Mədəniyyət.- 2013.- 24 may.-
S. 3.