Şuşanın işğalının ildönümü ilə bağlı anım tədbirləri

 

   Mayın 8-də Şuşanın erməni silahlı qüvvələri tərəfindən işğalının 21-ci ildönümü ilə əlaqədar Azərbaycanın Macarıstandakı səfirliyinin dəstəyi və Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Forumu - ASAİF-in təşkilatçılığı ilə şəhərin Qəhrəmanlar meydanında “Səsimizi sülh üçün, insanlıq üçün ucaldaqdevizi altında musiqi əsərləri səsləndirilib.

   Ferens List adına Budapeşt Musiqi Akademiyasının simli kvarteti insanların diqqətini işğal faktına cəlb etmək məqsədilə xüsusi konsert proqramı ilə çıxış edib. Ölkənin ali məktəblərində təhsil alan azərbaycanlı tələbələr dinləyicilərə kitab və bukletlər paylayıb, Ermənistanın işğalçılıq siyasətinin acı nəticələri, Şuşanın tarixi abidələri və yetirdiyi görkəmli şəxsiyyətlər barəsində məlumat veriblər.

   Şuşanın işğal günü ilə bağlı Moldovanın paytaxtı Kişineu şəhərində də anım tədbiri keçirilib. ASAİF-in, “Odlar yurdu” qeyri-hökumət təşkilatının təşəbbüsü və Azərbaycanın Moldovadakı səfirliyinin dəstəyi ilə gerçəkləşən “Sülhə və Qarabağa səs verək” kampaniyasında ölkəmizin tarixi ərazilərinin Ermənistan tərəfindən işğalı barədə yerli ictimaiyyətə məlumat verilib.

 

 

Mədəniyyət.- 2013.- 15 may.- S. 13.