Bakıda III Beynəlxalq Humanitar
Forum keçirilir
“Azərbaycan paytaxtı beynəlxalq əməkdaşlıq məsələlərinin
müzakirə olunduğu
mərkəzə çevrilib”
Oktyabrın 31-də Heydər Əliyev Mərkəzində III Bakı
Beynəlxalq Humanitar Forumu işə başlayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva açılış
mərasimində iştirak
ediblər.
Bakı Beynəlxalq Humanitar Forumu aktual humanitar
əməkdaşlıq məsələlərinin
müzakirə edildiyi
nüfuzlu bir məkandır. Mədəniyyətlər, sivilizasiyalar və
konfessiyalar arasında
zəngin əməkdaşlıq
ənənələri olan
Azərbaycan bu formatda tədbirlərin keçirilməsi üçün
ideal yerdir. Beynəlxalq tədbirin
keçirilməsi haqqında
qərar 2010-cu ilin yanvarında Bakıda təşkil olunmuş Humanitar Əməkdaşlıq
üzrə birinci Azərbaycan-Rusiya Forumunda qəbul edilib. Forumun həmsədrləri Azərbaycan
və Rusiya prezidentləridir.
III Bakı Beynəlxalq
Humanitar Forumunda müxtəlif ölkələrdən
nümayəndələr iştirak
edir. Onlar arasında nüfuzlu
ictimai-siyasi xadimlər,
sabiq dövlət başçıları, Nobel mükafatı
laureatları və digər şəxslər
var.
Forumun açılışında
çıxış edən
Prezident İlham Əliyev artıq bu tədbirin gözəl ənənəyə
çevrildiyini, ölkəmizdə
beynəlxalq əməkdaşlıq
məsələlərinə böyük diqqət göstərildiyini və humanitar əməkdaşlığın
xalqları, ölkələri
birləşdirdiyini vurğulayıb. Forumda 70 ölkədən
800-ə yaxın nümayəndənin
iştirak etdiyini diqqətə çatdıran
dövlət başçısı
qeyd edib ki, son illərdə Azərbaycan paytaxtı beynəlxalq əməkdaşlıq
məsələlərinin müzakirə
olunduğu mərkəzlərdən
birinə çevrilib.
“Bu cür tədbirlərin
Azərbaycanda keçirilməsi
təbiidir. Çünki ölkəmizdə bütün millətlərin
nümayəndələri sülh
və mehribanlıq şəraitində yaşayır”,
- deyən Prezident İlham Əliyev ölkəmizin bütün
dövrlərdə tolerantlıq
məkanı kimi tanındığını və
müasir Azərbaycanın
da bu təməllər
üzərində qurulduğunu
bildirib.
Qeyd olunub ki, multikulturalizm budəfəki forumun mərkəzi mövzusudur.
Multikulturalizm Azərbaycanda dövlət
siyasəti ilə yanaşı, həm də həyat tərzidir və bununla bağlı prinsiplər cəmiyyət
tərəfindən dəstəklənir. Hazırda dünyada
multikulturalizmin mühüm
məkanları vardır
və Humanitar Forumun Bakıda keçirilməsi bu istiqamətdə Azərbaycan
təcrübəsini göstərir.
2015-ci ildə Bakıda birinci Avropa Oyunlarının keçiriləcəyini,
bu hadisənin böyük ictimai mənasının olduğunu,
2017-ci ildə isə ölkəmizin İslam Həmrəyliyi Oyunlarına
ev sahibliyi edəcəyini deyən Prezident İlham Əliyev Azərbaycanın
bütün zamanlarda Asiya ilə Avropa arasında körpü olduğunu vurğuladı. Dövlət başçısı bir daha əminliyini
ifadə edib ki, bu Forum dünyada
beynəlxalq humanitar əməkdaşlığın gücləndirilməsinə mühüm
töhfə verəcək.
* * *
Rusiya Prezidenti
Vladimir Putinin III Bakı
Beynəlxalq Humanitar Forumunun iştirakçılarına
müraciətini prezidentin
humanitar məsələlər
üzrə xüsusi nümayəndəsi Mixail
Şvıdkoy səsləndirib. BMT-nin baş katibi
Ban Ki-Moonun müraciətini
isə qurumun Bakıdakı rezident əlaqələndiricisi səlahiyyətlərini
icra edən Daq Siqurdson diqqətə
çatdırıb. Sonra UNESCO-nun baş direktoru İrina Bokovanın videomüraciəti təqdim
olunub.
İSESCO-nun
baş direktoru Əbdüləziz bin Osman
əl-Tuveycri çıxışında
Prezident İlham Əliyevin rəhbərliyi
ilə ölkəmizin
dünyada beynəlxalq
humanitar əməkdaşlığa
töhfə verdiyini deyib.
Türkiyənin 9-cu Prezidenti Süleyman Dəmirəl son illər Azərbaycanın elmin və iqtisadiyyatın inkişaf mərkəzinə
çevrildiyini, bu tərəqqidə insan amilinin mühüm yer tutduğunu bildirib.
* * *
Sonra III Bakı
Beynəlxalq Humanitar Forumunun birinci plenar iclası keçirlib.
İclasda iştirak edən sabiq dövlət başçıları bir
sıra məsələlərə
dair fikirlərini bildirib.
Azərbaycanın xarici işlər
naziri Elmar Məmmədyarovun sədrliyi
ilə keçirilən
iclasda çıxış
edən Estoniyanın sabiq Prezidenti Arnold Rüütel ölkəsində
həyata keçirilən
islahatlardan danışıb,
davamlı inkişaf, elmi-texniki innovasiyalardan geniş istifadə və sosial məsələlərin həlli
ilə bağlı fikirlərini çatdırıb.
Xorvatiyanın keçmiş Prezidenti Stepan Mesiç bildirib ki, indi
vahid Avropanı multikulturalizmsiz düşünmək
çox çətindir. Yalnız bu
halda Avropa İttifaqını səmərəli
qurum kimi qəbul etmək olar.
Rumıniyanın sabiq Prezidenti Emil Konstantinesku cəmiyyətlərdə
savad və bilik məsələlərinə
toxunaraq bunun inkişafın təməli
və lokomotivi olduğunu deyib.
Latviyanın keçmiş Prezidenti Valdis Zatlers də dünyada multikulturalizm ənənəsinin
davam etdirilməsinin, onun ilk növbədə həyat tərzinə çevrilməsinin vacibliyini
vurğulayıb.
Bolqarıstanın sabiq Prezidenti Georgi Pırvanov Bakı Humanitar Forumunu ideyaların və təcrübə mübadiləsinin laboratoriyası
kimi xarakterizə edib.
Serbiyanın keçmiş Prezidenti
Boris Tadiç beynəlxalq
ictimaiyyəti təhdid
edən münaqişələrin
həllinin vacibliyinə
diqqəti cəlb edib.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov
müzakirələrə qoşularaq
Prezident İlham Əliyevin nitqində səsləndirdiyi multikulturalizm
ideyasının əslində
bütün çıxışların
təməl prinsipinə
çevrildiyini, bu ideyanın alternativinin olmadığını qeyd
edib.
Günün ikinci yarısında Forum müxtəlif mövzular üzrə dəyirmi masalarla işini davam etdirib.
Noyabrın 1-də başa çatacaq tədbirin proqramına
“Texnologiyaların konvergensiyası və gələcəyin
konturları: XXI əsrin əsas
çağırışları”, “İqtisadi
inkişafın humanitar aspektləri”, “Elmi innovasiyalar və
onların təhsil mühitinə transferi”,
“Multikulturalizm və özgünlük:
cəmiyyətdə dəyər konsensusu
axtarışında” - ümumilikdə səkkiz mövzu üzrə dəyirmi masa
daxildir.
Mədəniyyət.- 2013.- 1
noyabr.- S. 2.