Eksperimental teatr festivalı davam edir
Xəbər
verdiyimiz kimi, oktyabrın 28-dən Bakıda Azərbaycan Teatr
Xadimləri İttifaqının (ATXİ) təşəbbüsü,
Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə
“2+1” eksperimental teatr festivalı keçirilir. İkinci dəfə
keçirilən festivalda ölkənin səkkiz teatr kollektivi
doqquz tamaşa ilə iştirak edir.
Oktyabrın
30-da Azərbaycan Teatr Xadimləri İttifaqında teatrşünasların
iştirakı ilə dəyirmi masa təşkil edilib. Tədbirdə
ATXİ-nin sədri, Xalq artisti Azər Paşa Nemətov,
teatrşünas Vidadi Qafarov, Bakı Uşaq Teatrının
direktoru və baş rejissoru İntiqam Soltan, festivalda
nümayiş etdirilmiş tamaşaların rejissorları
çıxış edərək mövzu ilə
bağlı fikirlərini bölüşüblər. Dəyirmi
masada festivalın ikinci günü nümayiş etdirilmiş
F.Kafkanın “Varyete” tamaşası (Bakı Uşaq Teatrı)
müzakirə olunub. Azər Paşa Nemətov gənclərə
istər səhnə, istər də aktyor oyunu
baxımından daha çox yeni ampluada, novator və avanqard
üslubda əsərlərin səhnəyə gətirilməsini
tövsiyə edib.
Oktyabrın 31-də festival çərçivəsində
ATXİ-nin səhnəsində Mingəçevir Dövlət
Dram Teatrı aktyorlarının təqdimatında türk
yazıçısı Turqay Narın “Zibillik” tamaşası
nümayiş olunub.
Mədəniyyət.- 2013.- 1
noyabr.- S. 3.