Muzey xidməti sahəsində təcrübə
mübadiləsi
Qala
Dövlət Tarix-Etnoqrafiya Qoruğunda və Şəkidə regional təlim keçirilib
Oktyabrın 30-da Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğunda Muzey xidməti ziyarətçilərə keyfiyyətli qulluğun əsası və muzeyin sosial rolunun gücləndirilməsinin faktoru kimi mövzusunda regional təlim keçirilib.
Tədbiri giriş sözü ilə açan UNESCO üzrə Azərbaycan Milli Komissiyasının birinci katibi Günay Əfəndiyeva bildirib ki, təlim MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun (DHƏF) və UNESCO-nun birgə layihəsi çərçivəsində təşkil olunub. Muzeylərin idarə olunması - XXI əsr: UNESCO/İCOM-un tematik regional treninqləri və muzey menecmenti potensialının inkişafı sahəsində MDB ölkələri ekspertlərinin görüşü layihəsi üzrə postsovet ölkələri muzey mütəxəssisləri üçün regional təlimlər keçirilir.
Çıxış edən mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva bildirib ki, tədbirdə Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan, Ukrayna, Moldova və Rusiya Federasiyasının muzey direktorları iştirak edirlər. Belə tədbirlərin ölkəmizdə keçirilməsinin çox önəmli olduğunu vurğulayan Sevda Məmmədəliyeva qeyd edib ki, bu cür treninqlər gələcəkdə də davam etdiriləcək.
İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Samir Nuriyev, AMEA-nın vitse-prezidenti, akademik Akif Hacıyev, UNESCO-nun Moskva ofisinin mədəniyyət proqramı mütəxəssisi Moreva Lyubava və Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin direktoru Röya Tağıyeva regional təlimin əhəmiyyətindən danışıblar.
Bildirilib ki, regional tematik təlimin məqsədi yerli tarixi-etnoqrafiya muzeylərinin sosial rolunun gücləndirilməsi, muzeylərin ekspozisiya-sərgi fəaliyyətinə müasir standartların tətbiqi və muzey işçilərinin işinin yaxşılaşdırılması, keyfiyyətli muzey xidmətlərinin göstərilməsidir. Çıxışlarda qeyd olunub ki, muzeylər arasında əməkdaşlıq və informasiya mübadiləsi, muzey işi sahəsində mütəxəssislərin hazırlanması, peşə etikası məsələlərinin daimi müzakirəsi çox vacibdir.
Tədbirdə muzeylərin ümumdünya mədəni dəyərlərinin mühafizəsi və bu sahədə hər hansı qanunsuz fəaliyyətin qarşısının alınması yolları ətrafında müzakirələr aparılıb. Rəsmi hissənin sonunda xatirə şəkli çəkdirilib.
Sonra treninq iştirakçıları Ekosfera Sosial-Ekoloji Mərkəzdə Qeyri-maddi mədəni irsin qorunması - muzey və yerli icma və İnteraktiv tədris muzeyi mövzularında sessiyalara qatılıblar.
Tədbir başa çatdıqdan sonra treninq iştirakçıları Şəki şəhərinə yola düşüblər.
* * *
Oktyabrın 31-də Şəki şəhərindəki Şəki-Palas hotelinin konfrans zalında MDB ölkələrinin muzey mütəxəssisləri üçün Muzey xidməti ziyarətçilərə keyfiyyətli qulluğun əsası və muzeyin sosial rolunun gücləndirilməsinin faktoru kimi mövzusunda regional təlim keçirilib. Tədbirdə Azərbaycan, Rusiya, Belarus, Ukrayna, Moldova, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistandan muzey mütəxəssisləri, ekspertlər iştirak ediblər.
Tədbiri şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov açaraq mühüm əhəmiyyətə malik olan regional təlimin Şəkidə keçirilməsinin heç də təsadüfi olmadığını bildirib. Qeyd olunub ki, Azərbaycanın ən qədim şəhərlərindən Şəki orta əsrlər Şərq yaşayış məntəqələrinə məxsus olan şəhərsalma mədəniyyətini özündə qoruyub saxlayıb.
UNESCO-nun Moskva ofisinin mədəniyyət proqramı mütəxəssisi Lyubava Moreva qeyd edib ki, Bakıda - Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğunda və Şəkidə keçirilən təlimlər yerli tarixi-etnoqrafik muzeylərin sosial rolunun gücləndirilməsi, onların fəaliyyətinə dəstək verilməsi, muzey əməkdaşlarının işinin daha da yaxşılaşdırılması məqsədi daşıyır. Şəkidəki təlim MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu ilə əməkdaşlıq çərçivəsində UNESCO üzrə Azərbaycan Milli Komissiyası, Mədəniyyət və Turizm Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti və Ekosfera təşkilatı tərəfindən keçirilir.
Təlim zamanı 2011-ci ildə müvafiq dövlət qurumlarının dəstəyi ilə UNESCO-nun Moskva ofisi tərəfindən həyata keçirilmiş Şəki regionunun davamlı inkişafı üçün mədəni, turizm və təhsil ehtiyatlarının 2011-2015-ci illər üçün səfərbər olunması üzrə sektorlararası layihənin təqdimatı da olub.
Daha sonra təlim iştirakçıları mövzu ilə bağlı sessiyalara qatılıblar. Muzeylərin sərgi kimi fəaliyyəti, planlaşdırma və dizaynın müasir tələbləri, auditoriyanın təşəbbüslərinə, özfəaliyyət və yaradıcı inkişafına stimul verən elmi proqramların və muzey işinin interaktiv formalarının işlənməsi və digər məsələlər müzakirə olunub.
Təlim çərçivəsində
iştirakçılar XVIII əsrə aid
tarix-memarlıq abidəsi - Şəki xanlarının
sarayı ilə tanış olmuş,
muzeylərə baş çəkmiş,
şəhərin görməli yerlərini gəzmişlər.
Mədəniyyət.- 2013.- 1
noyabr.- S. 4.