Paytaxtımızda Avropa filmləri festivalı

 

Oktyabrın 30-da “Park Bulvar” ticarət və əyləncə mərkəzində 4-cü Avropa filmləri festivalının açılış mərasimi olub.

Festival Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyi, quruma üzv olan dövlətlərin ölkəmizdəki səfirlikləri, “Park Cinemakinoteatrlar şəbəkəsinin birgə təşkilatçılığı ilə keçirilir.

Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin müvəqqəti işlər vəkili Toralf Pilts bildirib ki, bu tədbir Aİ ölkələri ilə Azərbaycan arasında mədəni əlaqələrin inkişafına, Avropa dəyərlərinin, mədəniyyətinin daha geniş şəkildə təbliğinə xidmət edir.

Noyabrın 6-dək davam edəcək festivalda Aİ-yə üzv olan 17 ölkənin filmləri nümayiş etdiriləcək. Bu ekran əsərləri barədə ekspertlər və maraqlanan tamaşaçılar arasında dialoq aparmaq mümkün olacaq. Filmlər dünyada aktual olan miqrasiya, işsizlik, bürokratiya, qlobal istiləşmə və s. mövzuları əhatə edir.

Digər çıxış edənlər festivalın əhəmiyyətdən söz açıb, ekran əsərlərinin kino sənəti ilə məşğul olan insanlar arasında yeni əlaqələrin qurulması üçün bir vasitə olacağını söyləyiblər.

Festival İsveç kinematoqrafçılarının ekranlaşdırdıqları “Antibə bir tərəfə biletfilminin nümayişi ilə açılıb. Ekran əsərini rejissor Riçart Hobert tamaşaçılara təqdim edib.

Festivalda filmlər ingilis dilində, bir neçəsi isə Azərbaycan və rus dillərində olan subtitrlərlə nümayiş olunacaq.

 

Mədəniyyət.- 2013.- 1 noyabr.- S. 4.