Tanınmış
qarmon ifaçısı Zakir
Mirzəyevin yubileyi
Oktyabrın 30-da Dövlət Mahnı Teatrında tanınmış qarmon ustası, Əməkdar artist, sənətşünaslıq üzrə fəlsəfə doktoru Zakir Mirzəyevin anadan olmasının 70 illiyinə həsr edilmiş gecə keçirilib.
Tədbirdə çıxış edən Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti Siyavuş Kərimi yubilyarı Azərbaycan muğamlarının bilicisi, öz sənətini yeni nəslə yorulmadan təbliğ edən fədakar pedaqoq və cəfakeş alim kimi səciyyələndirib, ona rəhbərlik etdiyi təhsil ocağının fəxri fərmanını təqdim edib.
Bakı Dövlət Universitetinin ilahiyyat fakültəsinin dekanı, akademik Vasim Məmmədəliyev qeyd edib ki, Zakir Mirzəyev qarmon ifaçılığında Kəlbəlayi Lətif, Əhəd, Abutalıb, Teyyub Dəmirov kimi azman sənətkarlardan sonra bu sənətdə öz dəst-xəttini yaradıb. Xalq artistləri Əlibaba Məmmədov, Arif Babayev və başqaları Zakir Mirzəyevin xalq arasında hörmət qazanmış musiqiçi və insan kimi yüksək keyfiyyətlərindən danışıblar.
Gecədə incəsənət
ustalarının ifasında xalq
mahnıları, muğam və təsniflər
ifa olunub. Sonda çıxış edən Z.Mirzəyev
tədbirin təşkilatçılarına və
iştirakçılarına minnətdarlığını bildirib.
Mədəniyyət.- 2013.- 1 noyabr.-
S. 4.