Beynəlxalq sərginin qaliblərinə mükafatlar təqdim edilib

 

Çexiyanın Liditse şəhərində hər il ənənəvi uşaq rəsmlərinin sərgi-müsabiqəsi təşkil olunur. Beynəlxalq sərgi 1942-ci ildə Liditse kəndində faşistlər tərəfindən qətlə yetirilmiş, habelə hərbi münaqişələrdə həlak olmuş uşaqların xatirəsinə ehtiram əlaməti olaraq 1967-ci ildən keçirilir. Sərgidə dünyanın müxtəlif ölkələrindən 4-16 yaşlı şagirdlər, o cümlədən azərbaycanlı uşaqlar iştirak edirlər.

Müsabiqəyə 60-70 ölkədən təqribən 25 min rəsm qəbul edilir. Münsiflər heyətinin seçdiyi ən uğurlu rəsmlər diplom, fəxri fərman və “Liditsa qızılgülü” memorial medalı ilə təltif olunur. Mükafatlandırma mərasimi Liditse Memorialının qalereyasında keçirilir. Əsas sərgi başa çatandan sonra ekspozisiya Çex Respublikasının və xarici ölkələrin sərgi salonlarında və qalereyalarında nümayiş etdirilir.

Oktyabrın 30-da Çexiyanın Bakıdakı səfirliyində 41-ci Liditse uşaqlarının rəsm əsərlərinin beynəlxalq sərgisinin qalibi olmuş gənc Azərbaycan rəssamlarına mükafat və hədiyyələrin təqdim edilməsi mərasimi keçirilib. Mərasimdə səfir Radek Matula, Mədəniyyət və Turizm Nazirliyinin Elm və təhsil şöbəsinin müdiri Yaşar Əliyev iştirak edib.

Səfir Radek Matula çıxış edərək bildirib ki, hər il sərginin mövzusu elan edilir. 2013-cü ildə UNESCO-nunQeyri-maddi mədəni irsin qorunması haqqında” Konvensiyasının 10 ili tamam olur. Bu münasibətlə uşaq rəsmlərinin 41-ci beynəlxalq sərgisi üçün “Ölkəmin xalqının ənənələri və irsimövzusu təklif edilib. Səfir vurğulayıb ki, Azərbaycan zəngin tarixə və ənənələrə malik ölkədir və azərbaycanlı uşaqlar bu mövzuda maraqlı əl işləri təqdim ediblər. Ümumilikdə yeniyetmə rəsm həvəskarlarımız bu ilLiditse beynəlxalq sərgisinə böyük maraq göstəriblər. Münsiflər heyəti qeydiyyata alınmış 387 azərbaycanlı iştirakçının beş nəfərini rəsm, rəngkarlıq kateqoriyasında mükafatlara, o cümlədən 4-ünü fəxri fərmana, 1 nəfərini “Liditse qızılgülü” medalına layiq görüb.

Səfir uşaqların yaradıcılıq nailiyyətlərində müəllimlərinin böyük rolu olduğunu qeyd edib, övladlarının rəssamlıq istedadını inkişaf etdirməyə çalışan valideynləri təbrik edib.

Müsabiqənin Azərbaycandan olan qaliblərini təqdim edirik: Rəna Abdullayeva (10 yaş, rəngkarlıq kateqoriyasında “Liditse qızılgülü” medalı), Nigar Müslümova (13 yaş, rəngkarlıq kateqoriyasında fəxri fərman), Elvinə Nəbiyeva (15 yaş, fəxri fərman), Adil Baxşəliyev (11 yaş, fəxri fərman), Rəhman Əliyev (13 yaş, fəxri fərman).

Tədbirin sonunda bildirilib ki, 42-ci Liditse uşaq sərgi-müsabiqəsinin mövzusu “Ailəvi əkinçilik və ya bizim bağçölolacaq.

 

Mədəniyyət.- 2013.- 1 noyabr.- S. 5.