“Lənkəran payızı” folklor festivalı

 

Lənkəran şəhər Mədəniyyət mərkəzində “Lənkəran payızı” ikinci folklor festivalı keçirilib. Festivalın məqsədi rayon klublarında folklor və sənətkarlıq işini daha da yaxşılaşdırmaq, şifahi xalq yaradıcılığını gənc nəslə tanıtmaq və əhalinin asudə vaxtını səmərəli təşkil etməkdir.

Festival iki mərhələdə “Xalq nəğmələri”, “Xalq rəqsləri”, “Xalq oyunları” və “Xalq çalğı alətləri” nominasiyaları üzrə keçirilib. Klub müəssisələrində keçirilən birinci mərhələdə 4 nominasiya üzrə qaliblər müəyyən edilib. İkinci mərhələdə rayonun 63 klubunun folklor kollektivi iştirak edib.

Şəhər Mədəniyyət mərkəzində keçirilən yekun mərhələdə münsiflər heyətinin qərarı ilə “Lənkəran payızı” ikinci folklor festivalının diplomuna layiq görülən və laureat adını qazanan kollektivlər müəyyən edilib. Lənkəran şəhər bələdiyyəsi qalib folklor kollektivlərini qiymətli hədiyyələrlə mükafatlandırıb.

 

Mədəniyyət.- 2013.- 1 noyabr.- S. 5.