Bölgələrdə
teatr həyatı
“Məşədi
İbad” Qusar səhnəsində
Üzeyir Hacıbəylinin məşhur qəhrəmanı bu mövsümdən etibarən Qusar Dövlət Ləzgi Dram Teatrının səhnəsində görünəcək. Tamaşaçılara bir sıra yeniliklər vəd etdiklərini deyən teatrın direktoru Faiq Qardaşov mövsümü yerli dramaturqlardan Şafiddin Gereyxanın “Eşqin odu” əsəri ilə açdıqlarını bildirdi. Klassik sənət nümunələri isə hər zaman tamaşaçılar tərəfindən maraqla qarşılanır: “Ötən mövsümdə görkəmli dramaturq Mirzə Fətəli Axundzadənin “Hekayəti-xırs-quldurbasan” komediyasını səhnələşdirdik. Dövlət sifarişi ilə hazırlanan, Bakıdan dəvət olunmuş rejissor Ağalar İdrisoğlunun quruluş verdiyi tamaşa bizim uğurlu səhnə əsərlərimizdən biri kimi yerli teatrsevərlər tərəfindən rəğbətlə qarşılandı.
Hazırda Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” musiqili komediyası əsasında “Məşədi İbad” adlı tamaşanın son məşqləri gedir”.
Direktor qeyd etdi ki, ləzgi dilində hazırlanan tamaşa teatrın daxili imkanları hesabına ərsəyə gələcək. Tamaşaya Faiq Qardaşov və teatrın gənc quruluşçu rejissoru Bağır Əhmədov birgə quruluş verirlər: “Noyabrın sonlarında teatrsevərlər qarşısına çıxacaq səhnə əsərinin tərtibat işləri də yekunlaşır. Onu da deyim ki, hazırlanan dekorasiyalar maraqlı və yenidir. Biz səhnədə Məşədi İbad və Rüstəm bəy üçün ev quracağıq”.
Səhnə əsərində Məşədi İbadı Bağır Əhmədov, Gülnazı Kifayət Yusifova, Sənəmi Rübabə Qasımova, Qoçu Əsgər rolunu isə Pirverdi Pirverdiyev oynayacaq. Vokal hissələri dəvət olunmuş yerli ifaçılar səsləndirəcək.
Mingəçevirdə
yeni mövsümün
tamaşaları
Bu il 45-ci teatr mövsümünü yaşayan Mingəçevir Dövlət Dram Teatrında səhnələşdirilən yeni tamaşalar barədə teatrın direktoru, Əməkdar mədəniyyət işçisi Həsən Həsənovdan məlumat aldıq. Mövsümün ilk günündə teatrsevərlər qarşısına yazıçı Əli Əmirlinin “Mən səni sevirəm” adlı ikihissəli pyesi ilə çıxdıqlarını deyən direktor tamaşanın sevildiyini dedi. Tanınmış rejissor Bəhram Osmanovun quruluş verdiyi səhnə əsərinin rəssamı Sevinc Həsənova, rəqs tərtibatçısı Vüsal Mehrəliyevdir. Baş rolları teatrın aparıcı aktyorları - əməkdar artistlər Asim Məmmədov və Afət Əliyeva canlandırıblar. Direktor bu ilin yeni nümunələri sırasında Türkiyə dramaturqu Turqay Narın eyniadlı pyesi əsasında hazırlanan “Zibillik” tamaşasının olduğunu dedi.
Mərhum rejissorumuz Vaqif İbrahimoğlunun xatirəsinə həsr olunan tamaşaya teatrın baş rejissoru Günay Səttarova quruluş verir. Pyesi Osmanlı türkcəsindən Azərbaycan dilinə yazıçı-tərcüməçi Mehman Musabəyli çevirib.
Birhissəli psixoloji dram əsərinin süjet xətti yuxuyozmaları əsasında qurulub. Tamaşanın quruluşçu rəssamı Yusif İmamverdiyev, musiqi tərtibatçısı Elnur Rəsulov, rejissor assistenti Gülnarə Məhərrəmovadır. Səhnə əsərində Fəridə Məmmədova (Aymələk), Asim Məmmədov (İsrafil) və Afiq Yusifov (Xaço) rol alıb. Hadisələr də məhz bu gənclərin ətrafında cərəyan edir. Gənclər zibillikdə yaşayır, həyatda qalmaq uğrunda mübarizə aparırlar. Faciəvi sonluqla bitən tamaşada rol alan gənc aktyorlar hər bir obrazın xarakterini peşəkarlıqla təqdim edirlər.
Həmidə
Mədəniyyət.- 2013.- 1
noyabr.- S. 5.