“Bütün musiqi janrlarında improvizə
olmalıdır”
“Klassik musiqiyə, hətta daha qədim
musiqi parçalarına bu yolla yeni həyat vermək olar”
Oktyabrın 29-da Mədəniyyət və Turizm
Nazirliyinin və Azərbaycan Mədəniyyət Fondunun birgə
təşkilatçılığı ilə keçirilən
Bakı Caz Festivalı çərçivəsində daha bir
maraqlı konsert proqramı gerçəkləşdi. Bakı Caz Mərkəzində
budəfəki musiqi gecəsinin qonağı avstriyalı
pianoçu, cazmen Kristof Çex idi. Tanınmış
ifaçı öz repertuarından “Vağzalda qatarı
gözləmə”, “Sözsüz ifa”, “Karle”, “Bettametta”,
“Static” əsərlərini cazsevərlərə təqdim
etdi.
Ahəstə caz musiqisinin sehrinə toplaşmış
bu janrın vurğunları alqış səsləri ilə
ifaçıları daha da həvəsləndirməyə
çalışırdılar. Caz musiqisinin
xiridarı olmasam da, avstriyalı pianoçunun canlı
ifası, səsləndirdiyi əsərlər məndə də
xoş ovqat yaratdı. Axırıncı
musiqi nömrəsindən sonra sürəkli alqışlar
bütün zalın eyni qənaətdə olduğunu təsdiqlədi.
Belə maraqlı konsertdən sonra səbəbkarla yaxından
tanış olub müsahibə almaq istədim.
Avstriyalı qonaq təklifimi müsbət
qarşıladı. Bakı festivalında ilk dəfə
iştirak etdiyini deyən Kristof Çex öncə
özü haqqında məlumat verdi:
-
Avstriyanın paytaxtı Vyanada dünyaya göz
açmışam, obrazlı desəm, 53-cü
payızımı yaşayıram. İki dəfə ailə
qurmuşam və bu evliliklərdən 5 övladım
dünyaya gəlib, 4 oğlum, 1 qızım var. Böyük
oğlum skripka ifaçısıdır, klassik musiqi ilə məşğuldur,
öz sahəsində kifayət qədər uğurlar da
qazanıb.
- Bir qədər
sənət fəaliyyətiniz, keçdiyiniz sənət
yolundan bəhs edərdiniz.
- Peşəkar
fəaliyyətimə gəldikdə, onu deyə bilərəm
ki, caz və klassik musiqi sahəsinə marağım
doğulub böyüdüyüm mühitdən qaynaqlanıb,
Vyanada yaşayıb klassik musiqi ilə maraqlanmamaq
qeyri-mümkündür. Yeddi yaşımdan
pianoda ifa etməyə başlamışam. Artıq 12 yaşımda böyük rus bəstəkarı
və pianoçusu Dmitri Şostakoviçin 5-ci
simfoniyasını ifa edirdim, özü də not dəftərinə
baxmadan. Eyni zamanda ifa zamanı sol əlimdən
istifadə etmədim. Düzdür,
tamaşaçılar bunun o qədər də fərqinə
varmadılar, ancaq müəllimlərimin gözündən
yayınmadı. Deyə bilərəm ki,
klassik musiqi karyeram bu ifa ilə də bitmiş oldu, pianoda caz
ifa etməyə başladım. Caz bir
musiqi janrı kimi beləcə mənim həyatıma daxil
oldu. Müəllimlərim də mənə
bu sahədə cəsarət verdilər. Artıq sağ
əlimlə orijinal əsəri ifa edərkən, sol əlimlə
improvizələr etməyə başladım. Heç
də pis alınmırdı. Bu həm məndə
əlavə yaradıcılıq ilhamı yaradırdı, həm
də müəllimlərim və tamaşaçılar
razı qalırdılar.
17 yaşımda artıq ayrı-ayrı musiqiçilərlə
rok və cazın sintezindən ibarət konsertlər verməyə,
çıxışlar etməyə başladıq. O vaxt rok və cazın
Avropada çox populyar olduğu dövr idi. Daha
sonra öz qrupumuz üçün mahnılar bəstələməyə
başladım. O vaxt fikirləşirdim ki, bizim sahəyə
maliyyə yardımı göstərilməsini necə təmin
etmək olar? Müasir musiqi janrlarında
mahnı bəstələyən bəstəkarlara dövlət
tərəfindən müəyyən qədər vəsait
ayrılırdı. Ağlıma
maraqlı bir fikir gəldi ki, müasir musiqi ilə sintez
olunmuş caz mahnıları bəstələyim. Bu ideyadan yola çıxaraq 3 opera yazdım,
böyük orkestrlər üçün simfoniyalar bəstələdim.
Ancaq improvizə etməyi heç bir zaman
dayandırmadım. Hesab edirəm ki,
bütün musiqi janrlarında improvizə olmalıdır və
bu sahəyə daha çox peşəkar cəlb edilməlidir
və ayrıca bir yaradıcılıq növü kimi
özünə yer qazanmalıdır. Klassik
musiqiyə, hətta daha qədim musiqi parçalarına bu
yolla yeni həyat vermək olar.
- Bugünkü
ifanızda da improvizə məqamları kifayət qədər
hiss olunurdu. Bu, auditoriya tərəfindən də
maraqla qarşılandı. Bir qədər
repertuarınız barədə məlumat verərdiniz.
- Konsertdə
repertuarımız demək olar ki, bütünlüklə mənim
bəstələrimdən ibarət idi. Yalnız
bir parça mənimlə bu konsertdə iştirak edən
kontrabas ifaçısı Piterin, son iki parça isə
saksafon ifaçımız Fabianın bəstəsi idi. Mənə məxsus olan parçaların əksəriyyəti
2010-cu ildə işıq üzü görmüş “Sərgimin
şəkilləri” (“Bilder meiner Ausstellung”) albomundan
seçilmişdi.
-
Auditoriyadan necə, razı qaldınızmı? Məncə, bir ifaçı üçün ən
önəmli məqam məhz elə budur.
- Sizin
auditoriya bir qədər fərqlidir. Mən fikir
verdim ki, musiqinin daha çılğın hissələrində
reaksiya o qədər güclü olmur. Bu yəqin
ki, sizin dinləyicinin təbiətindən irəli gəlir, o
qədər də hislərini büruzə verməyə
meylli deyillər. Avropa dinləyicisi isə
musiqidə daha çox bu cür çılğın məqamları
axtarır, ona reaksiya verir, hislərini bu yolla ifadə edir.
Sizin auditoriya daha çox həzin cazı sevir,
ahəstə səslənən hissələri daha həssaslıqla
dinləyir. Ahəstə ifalar zamanı
zaldakı səssizlik də bunu göstərdi.
Ümumiyyətlə isə, klassik musiqini, cazı anlayan
auditoriyanız var. Sizin
tamaşaçının klassik musiqi duyumu yüksəkdir.
- Azərbaycanlı
caz ifaçıları, onların
yaradıcılığı ilə
tanışsınızmı?
-
Çox təəssüf ki, tanış
deyiləm. Burada Vaqif Mustafazadə və digər
Azərbaycan cazmenləri haqqında məlumat aldıq. Avstriyaya qayıdandan sonra sizin caz
ifaçılarının yaradıcılığı ilə
maraqlanacağam. Özümlə onların
albomlarını götürmək fikrim var. Bəlkə bu mənim
yaradıcılığımda yeni sintezlərin, improvizələrin
yaranmasına da səbəb ola bilər.
- Bu
gün dünyada pop musiqisinə daha böyük maraq var, nəinki
klassik musiqiyə. Avstriyada necə, bu tendensiya
hiss olunurmu və sizin buna münasibətinizi bilmək
maraqlı olardı.
- Öncə
onu deyim ki, Avstriyada, xüsusilə, paytaxt Vyanada klassik musiqi
daha populyardır və daha çox dinlənilir. Hətta bu musiqi ölkəyə ildə kifayət qədər
turist də cəlb edir. Dünyanın bir
çox ölkələrindən Vyanaya klassik musiqi dinləməyə
gəlirlər. Bunun əsas səbəbi
isə, heç şübhəsiz, peşəkar
ifaçıların olmasıdır. Bundan
əlavə, Avstriyada Şərq musiqi nümunələri ilə
çox maraqlanırlar, çalışırlar ki, müəyyən
sintezlər etsinlər, Şərq musiqisinin zənginliklərindən
yararlansınlar. Məncə, bu səbəbdəndir
ki, turistlərin əksəriyyəti əsasən Asiya ölkələrindən
olur. Bizim ölkəmizdə dinləyicinin
də klassik musiqi bilgiləri, duyumu, tələbləri
yüksəkdir. Bu baxımdan deyə bilərəm
ki, peşəkar dinləyicimiz var. Musiqini duyan və anlayan
dinləyici qarşısında çıxış etmək
isə maraqlı, eyni dərəcədə də məsuliyyətlidir.
Bizdə klassik musiqiyə çox ciddi yanaşılır, 5 ali təhsil ocağı sadəcə bu sahə
üzrə peşəkar kadr hazırlığı ilə məşğuldur.
Mən özüm də bu universitetlərin
birində caz departamentinin müdiriyəm, eyni zamanda, müəllim
kimi fəaliyyət göstərirəm, professoram. Mənimlə Bakı konsertinə gələn həmkarlarımdan
biri rəhbərlik etdiyim kafedranın müəllimi, digəri
isə keçmiş tələbəmizdir.
- Daimi
olaraq bu üçlüklə çıxış edirsiniz,
ya sadəcə Bakı konserti üçün bu format
seçilib?
- Bizim bir
çox beynəlxalq layihələrimiz olur ki, onlardan biri də
Bakı Caz Festivalında iştirakdır. Hər
bir konsert üçün ayrıca format müəyyənləşdirilir,
fərqli musiqiçilərlə çıxış edirik.
Birlikdə bir çox layihələrimiz olub,
dünyanın bir çox ölkəsində bərabər
çıxış etmişik. Hansısa
sabit komanda ilə daimi çıxışımız olmur,
bu əsasən konsertdən asılı olaraq müəyyənləşir.
- İnternetdə sizinlə bağlı axtarış edərkən
daha çox “Big map” (“Böyük xəritə”) layihəniz
barədə məlumatlar gördüm. Bu barədə
sizin özünüzdən məlumat almaq istərdik.
- Bu layihə
mənim rəhbərliyimlə bir müddət əvvəl irəli
sürülüb. Əsas məqsəd
uşaqlara improvizə vərdişlərini aşılamaqla
onlarda yaradıcılıq qabiliyyətini inkişaf etdirməkdir.
Artıq bu layihəyə Avstriyada bir sıra tədris
ocaqları qoşulublar. Bundan əlavə,
elmi cəhətdən sübut olunub ki, klassik musiqi şagirdlərin
öyrənməsinə, beynin inkişafına xüsusilə
müsbət təsir göstərir. İmprovizə
bu baxımdan daha da inkişaf etdirilmiş metoddur. Bilirsiniz ki, bütün dünyada şagirdlər bəzi
dərsləri mənimsəməkdə çətinlik
çəkirlər, əylənərək öyrənmək
istəyirlər. Biz də bu yolla
şagirdlərimizin yaradıcılıq qabiliyyətini daha da
inkişaf etdirməyə çalışırıq. O
qənaətdəyəm ki, bu universal metoddur, sizin təhsil
sisteminizdə də tətbiq oluna bilər.
-
Paytaxtımıza ilk səfərinizdir. Bakı,
ümumiyyətlə, ölkəmiz barədə təəssüratlarınız
necədir?
- İlk təəssüratlarım olduqca müsbətdir,
ancaq daha geniş məlumat verə bilməyəcəyəm,
çünki hələlik şəhəri gəzmək
imkanımız olmayıb. Yəqin ki, növbəti
günlərdə şəhərinizi doyunca gəzəcəyik,
mətbəxinizdən dadacağıq. İnanıram
ki, bir turist kimi də səfər ürəyimcə olacaq.
Sadiq Musa
Mədəniyyət.- 2013.- 1
noyabr.- S. 6.