“Sənət işığında yanan ömür

 

Oktyabrın 30-da Mərdəkan Mədəniyyət sarayında Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə Əməkdar artist, Dövlət Yuğ Teatrının aktyoru Vidadi Həsənovla görüş keçirilib.

Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin tabeliyində olan mədəniyyət müəssisələrinin, Xəzər rayon məktəblərinin qatıldığı tədbirdə aktyorun sənət və həyat yolundan söhbət açılıb.

Bildirilib ki, Vidadi Həsənov 1979-cu ildən Cəfər Cabbarlı adına Gəncə Dövlət Dram Teatrında fəaliyyətə başlayıb. 1980-ci ildə dramkino aktyoru ixtisası üzrə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutuna qəbul olunub, eyni zamanda, institutun tədris teatrında aktyor kimi fəaliyyətini davam etdirib. Aktyor “Bəyin oğurlanması”, “Yalan”, “Hökmdarın taleyi” və bir çox filmlərdə yaddaqalan obrazlar yaradıb. Tədbirdə bu filmlərdən fraqmentlər nümayiş etdirilib.

Vidadi Həsənov aktyorluqla yanaşı, pedaqoji fəaliyyətini də davam etdirir, Mədəniyyət və İncəsənət Universitetinin estrada rejissoru kafedrasının dosentidir. Görüşdə onun tələbələrinin maraqlı çıxışları, kiçik səhnəciklər tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Sonda aktyor gənclərin suallarını cavablandırıb, onlarla xatirə şəkli çəkdirib.

 

Mədəniyyət.- 2013.- 1 noyabr.- S. 7.