I Bakı Beynəlxalq
Turizm Filmləri Festivalının
müsabiqə proqramı açıqlanıb
Xəbər verdiyimiz kimi, 20-24 noyabr 2013-cü il tarixində Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Nizami Kino Mərkəzində I Bakı Beynəlxalq Turizm Filmləri Festivalı keçiriləcək. Festivala 38 ölkədən 140 rejissor 215 film təqdim edib.
Festivalın təşkilat komitəsi müsabiqə proqramını açıqlayıb. "Ölkə, region, şəhər" kateqoriyasında 15, "Mədəniyyət, ənənə" kateqoriyasında 16, "Ekstremal turizm" kateqoriyasında 9, "Ekoloji turizm" kateqoriyasında 13, "Reklam filmləri" kateqoriyasında 10, "TV filmləri" kateqoriyasında 15 film olmaqla ümumilikdə 78 film müsabiqə proqramına daxil edilib.
31 ölkədən (ABŞ, Almaniya, Avstriya, Azərbaycan, Birləşmiş Ərəb Əmirlikləri, Bolqarıstan, Bosniya və Herseqovina, Böyük Britaniya, Çexiya, Danimarka, Fransa, Gürcüstan, Xorvatiya, İran, İspaniya, İsveç, İsveçrə, İtaliya, Qazaxıstan, Qırğızıstan, Makedoniya, Monteneqro, Polşa, Portuqaliya, Rumıniya, Rusiya, Serbiya, Slovakiya, Türkiyə, Ukrayna, Yunanıstan) 74 rejissorun filminin iştirak etdiyi müsabiqə proqramında 14 azərbaycanlı rejissorun da ekran əsəri yer alıb. Proqramla daha ətraflı www.bitff.az saytında tanış olmaq olar.
Filmlər 20-23 noyabr tarixində Nizami Kino Mərkəzində nümayiş olunacaq. Kinematoqrafçılardan, həmçinin səyahət və turizm ekspertlərindən ibarət 7 nəfərlik beynəlxalq münsiflər heyəti hər kateqoriyada 3 filmi mükafatlandırmaq üçün müəyyən edəcək. I yerə layiq görülən filmlərə “Qızıl mükafat” (diplom, mükafat və 2000 avro pul), II yerə layiq görülən filmlərə “Gümüş mükafat” (diplom və mükafat), III yerə layiq görülən ekran işlərinə “Bürünc mükafat” (diplom və mükafat) təqdim ediləcək.
Festivalın ən yaxşı filminə isə "Qran pri" - diplom, mükafat və 4000 avro pul təqdim ediləcək.
Noyabrın 20-də keçiriləcək mətbuat konfransı ilə festival açıq elan ediləcək. Həmin gün Nizami Kino Mərkəzində açılış filmi olaraq məşhur fransız aktyoru Jerar Depardyenin iştirakı ilə Azərbaycan və Fransanın birgə istehsalı olan "Qafqaza qayıdış" filmi nümayiş olunacaq.
Festivala xaricdən 45 qonaq dəvət edilib. Bu qonaqların bir hissəsi müsabiqədə
iştirak edən filmlərin rejissorları,
bəziləri isə
dünyanın müxtəlif
yerlərində keçirilən
turizm filmləri festivallarının direktorlarıdır.
Qeyd edək ki, festival direktorlarının müsabiqə
proqramında nümayiş
edilən filmlərdən
öz festivallarının
proqramı üçün
seçim aparacağı
da istisna edilmir.
Festivalın məqsədi turizmin müxtəlif sahələrinə
həsr olunan, daxili və beynəlxalq turizmin inkişafına təkan verə biləcək filmləri təbliğ etmək, ən yaxşı filmləri aşkara çıxarmaq,
onların müəlliflərini
həvəsləndirməkdir. Festival həmin filmlərə beynəlxalq auditoriya qazandırmaq üçün
müəlliflərə dəstək
göstərir.
Bakı Beynəlxalq Turizm
Filmləri Festivalının rəsmi sponsoru
“Garant Holding”, sponsoru “Nar Mobile”,
rəsmi tərəfdaşı "JW Marriot
Absheron Baku" hoteli, informasiya dəstəkçiləri
İctimai Televiziya,
“APA Holdinq” və day.az
saytıdır.
Mədəniyyət.- 2013.- 1
noyabr.- S. 8.