Sözə
doğma - musiqiyə həmdəm
İslam Səfərli
- 90
Bağçamıza
gəldi bahar,
Yaşıl
xalı sərdi bahar,
Gəl dedim, gəlmədin, yar.
Gəlmədin, yar...
Doğrudan
da, o, Azərbaycan poeziyasına bahar kimi daxil oldu. Onun nə bu
dünyaya gəlişi, nə də dünyadan cismən
gedişi bahara təsadüf etməmişdi. Ancaq söz və
musiqi təbiətinin həmişəyaşıl
ağacı olan İslam Səfərli poeziyası bu gün də
güllük-gülüstanlıqdır.
İslam
Səfərlidən bədii nümunə xatırlayanda nədənsə
misraları həm də zümzümə edirsən... Sonra
istəyirsən yuxarıdakı misraların ardınca “Məni
yada salsan, a yar, Ürəyimi alsan, a yar!..” - deyə
haraylayasan. Bu, şairin “nəğməkar”, “məmləkət
duyğularına tərcüman” və s. adlarla təyinlənməsi
ilə bağlı deyil. Bu misralar bir-birinə elə məhrəmcə
birləşib harmoniya yaradır ki, sanki hansısa bəstəkarın
qələmindən çıxıb...
“Məsləyim tərcümeyi-halımdır...”
İslam
Əhməd oğlu Səfərli 1923-cü il fevralın 12-də
Naxçıvanın Şəkərabad kəndində
dünyaya gələndə Xıdır Nəbi el bayramı
qeyd olunurdu. Yəni qış ömrünü
yarılamış, bahara ümidlər
çoxalmışdı. Sonralar İslamın poetik vüsətinin
sirrini mifik yaddaşa sığınaraq zimistanın “əsəblərinin
sakitləşdiyi” vaxtda keçirilən bu ritualla əlaqələndirirdilər...
O, “mərcan
gözlü Batabat” yaylağından
çağlaya-çağlaya Araza can atan
Naxçıvançayın zümzüməsi ilə
yatır, onun avazıyla oyanırdı. Ağlı kəsəndən
özündən böyüklərlə ünsiyyətdə
olur, ulularından gələn ağayanalıq (yaxşı mənada)
və qüruru ilə həmyaşıdlarından
seçilirdi. Əsil-nəcabətdən söz
düşmüşkən, qeyd edək ki, İslam Səfərlinin
anası Hökümə xanım Naxçıvan xanları nəslindən,
daha dəqiqi, Ehsan xanın nəvəsi Hüseyn xanın
qızı olub. Hüseyn xan onu daş-qaş içində
böyütsə də, bu xanım-xatın qız həmişə
var-dövlətə laqeyd olub, atasına deyərmiş ki,
“bir belə ağır qızıl pulları verincə,
“palazqulaq Nikolay pulları” versən, daha yaxşı olar...”
Belə
gözü-könlü tox mühitdə böyüyən
İslam da mənəvi zənginliyin, ədəbiyyatın,
sözün peşində idi. Hələ Şəkərabad
məktəbində oxuduğu müddətdə
“beşaddımlıq”dakı Naxçıvan şəhərində
tədris keyfiyyəti də, nömrəsi də “1” olan orta məktəbdə
təhsil almaq həvəsi ilə yaşayırdı. Az
keçmir ki, sonralar adını daşıyacaq bu məktəbdə
təhsilini davam etdirir. Məktəbli ikən sözün,
şeriyyətin, elmin sorağına düşsə də,
1941-ci ildə orta məktəbi bitirən İslamın ali təhsil
sevdası puç olur. Ana yurdumuzdan da “böyük vətən”
hesab etdiyimiz imperiyanın müdafiəsi üçün səfərbərliyə
alınır. Və söz, ifadə, poetika
axtarıcısı dönüb olur sovet kəşfiyyatçısı.
416-cı diviziyanın tərkibində Şimali Qafqaz,
Krım, Ukrayna cəbhələrində
döyüşür. Lirik duyğuları hərb havasına
bürünür. Top-tüfəng səsi gənc şairin
ilhamına hədələr yağdırsa da, onun təbi
qalib gəldi, istedadı kükrəməkdə davam etdi.
“Bir könül
sındırmışam”
- deyən
şair, görəsən, minlərin, milyonların
könlünü “imarət eylədiyini”
düşünürdümü?! Xəyalına gətirirdimi
ki, şöhrəti, ünü bəlli neçə-neçə
görkəmli bəstəkarın “bədii mətn
gölü”ndə üzməsinə səbəb olub. Bunu
tanınmış bəstəkar Ramiz Mirişli belə etiraf
edirdi: “Onunla işləmək mənə xüsusi zövq
verirdi. Şeiri musiqiyə yatımlı idi. Sözləri
ütüləmək, hamarlamaq, yonmaq lazım gəlmirdi.
Birlikdə xeyli mahnı yazmışıq”.
Humanist
düşüncə, mənəvi zənginlik mühitində
böyüyən, sonradan müharibənin barıt iyini,
“qıpqırmızı” rəngini görən gənc
şairin qəlbi insanlığa sevgi, bəşəri
sülhə çağırışla
dolub-daşırdı. İslamın şair təbiətini
birinci olaraq dünya şöhrətli bəstəkarımız
Üzeyir Hacıbəyli Naxçıvanda olarkən, xalq
deputatı kimi seçicilərlə görüşü
zamanı görmüşdü. Cəbhədən yenicə
qayıdan və sinəsi orden-medalla dolu olan gəncin pafosla
oxuduğu şeirlər dahi musiqiçinin qəlbini titrətmiş,
onu Bakıya, ali təhsil almağa dəvət etmişdi. Hətta
Azərbaycan Dövlət Universitetinə (indiki BDU) qəbulu
üçün rektor, akademik Abdulla Qarayevə
tapşırmışdı. Beləliklə, İslam Səfərli
1946-1951-ci illərdə Azərbaycan Dövlət Universitetinin
filologiya fakültəsində təhsil almışdı.
Poetika
ümmanı Səməd Vurğun, nəsr dəryası
Süleyman Rəhimov və kimlər, kimlər bu “qaynar təbi
ayazımayan” (M.Araz) şairin aşiqi deyildi. Şəkərabadın
şirin övladını çox sevən Səməd
Vurğun: “Ayə, sən mənə oxşayırsan!” - deyərək
onu “Qara İslam” çağırırmış. İslam Səfərli
də böyük Azərbaycan Vurğununun (!)
poeziyamızdakı yerini qiymətləndirərək
“Dağlar” şeirində yazırdı:
Ona qanad verən öz xəyalıydı,
Məskəni dağların
yaşıl yalıydı.
O, şerin ağsaçlı bir
qartalıydı,
Zirvəndə doyunca süzmədi,
dağlar!
Səməd
Vurğun poeziya məktəbinin istedadlı yetirməsi kimi
İslam Səfərlinin də ilham mənbəyi, dilinin virdi
dağlar, meşələr, çaylar, bulaqlar, bir sözlə,
ana yurdun bütün nemətləri idi. “Söyüdlər
telini tökür üzümə” - deyən şair “Dədə
palıd”, “Xan çinar”dan yazan qələmdaşlarından,
söyüdü barsızlıq, varsızlıq rəmzi kimi
mənalandıran Xəstə Qasımdan fərqli olaraq, onun
yarpaqlarının da sığalına ehtiyac duyurdu.
İslam
Səfərlinin yaradıcılığında Azərbaycanın
qədim-qayım yurd yerlərinin tarixi, təbiəti,
insanları səmimi və inandırıcı boyalarla tərənnüm
olunur. Onun qələmi gah Nüşabənin yurdu Bərdədən
soraq verir, Şəkinin ipəyini oxşayır, Naftalanın
dəniz mənzərəsini seyr edir, gah da
Naxçıvanın “duz yükü”nün altına
çiyinlərini verir. Ana yurdun “Sevinc müjdəsi”ni, “Durna
qatarı”nı, “Ərköyünlər”ini, “Çiçək
təranəsi”ni, “Dilsiz dəqiqələr”ini, “Ana dili”ni... nəzmə
çəkir, tarixi həqiqətləri bədii
düşüncənin “köynəyindən keçirirdi”.
Şair-dramaturq
mövzusundan asılı olmayaraq, nədən
yazırsa-yazsın, orijinal düşüncəsini, yurd
sevgisini aydın şəkildə təzahür etdirirdi.
Əgər onun şeirləri fortepianonun dilləri üzərində
dolaşaraq nəğmələşirdisə, “Göz həkimi”,
“Ana ürəyi”, “Yol ayrıcı”, “Xeyir və Şər”,
“Dədəgünəş əfsanəsi” kimi dram əsərləri
professional dramaturgiya nümunələri olaraq səhnələrin
bəzəyinə çevrilirdi. Müxtəlif vaxtlarda səhnələşdirilən
bu əsərlər aktyor heyəti və
tamaşaçılar tərəfindən rəğbətlə
qarşılanırdı. Mərhum sənətkar, Xalq artisti
Yaşar Nuri deyirdi ki, İslam Səfərli
dramaturgiyasının özündə bir poeziya var.
Oçerk,
novella, libretto, kinossenari və məqalələrində də
İslam Səfərli səmimiyyətinin yüksək səviyyəsini
müşahidə etmək olar. Onun “İki qardaş”,
“Badamlı kəndinin qızı” oçerkləri, “Təzə
qəsəbədə gülüş”, “Məzhəkəli
itki” novellaları, “İki könül bir olanda” balet-librettosu,
“Şərqin qalibləri”, “Bir stəkan çay” kinossenariləri
və çoxsaylı məqalələri dövrün aktual
problemlərinə həsr olunmuşdur.
A.Puşkin,
M.Svetlov, S.Marşak, M.Kərim, M.Tursunzadə, K.Koladze,
Y.Dolmatovski və başqalarının əsərlərindən
etdiyi poetik tərcümələr şairin bu sahədə də
mükəmməl istedadından xəbər verir.
Təbiətin şeiri
Ecazkar təbiətin
sehrindən doymayan şair fikrin poetik çalarına,
canlı danışıq dilinin incəliklərinə qədər
nüfuz edirdi. Hər qarışı bir özgə aləm
olan Vətən torpağının nəfəsini, hənirini
müqəddəs bilən sənətkar onun təbiətinin
ənginliklərini, yeraltı-yerüstü sərvətlərini,
səmimi insanlarını vəsf etməkdən yorulmurdu. Onun
şeirlərini xalq arasında sevdirən başlıca səbəblərdən
biri səmimiyyəti, şivə xüsusiyyətlərini yerli-yerində
işlətməsidir. “Batabat bulağı” şeirində bədii
düşüncənin özünəməxsus deyim-duyum tərzi
ilə qarşılaşırıq:
...Mehmanınam on beşdə mən,
beşdə mən,
Gətirmişəm basdırmanı
teştdə mən.
Neçə ocaq tüstülədib
döşdə mən,
Birini də çata-çata gəlmişəm,
Mərcan gözlü Batabata gəlmişəm.
Müəllifin
nümunədə işlətdiyi “basdırma”, “teşt” və
s. ifadələr xalqın min illərdən bəri məişətində
kök salmış adət-ənənəsinin, ifadə
özəlliyinin sənətkaranə təqdimidir.
İncə
qəlbli şairin dünyada qəmsiz
yaşamağının əsas səbəblərinə diqqət
yetirin:
Bakı - şəhərim mənim,
Xəzər - bulağım mənim.
Dağlar - hünərim mənim,
Günəş - bayrağım mənim,
Dünyada nə qəmim var.
Burada
şairin “Bakı-Xəzər-Dağlar-Günəş”
bağlılığında, varlığında
özünü tapmasının şahidi oluruq. Fikrimizcə,
bu məfhumların simvolikasında xalqın özünütəsdiqi
təcəssümünü tapır.
Qoy Laçın yoluna baxım doyunca
Sanki
şairin ürəyinə dammışdı ki, Vətənin
dilbər guşələrindən biri - əsrarəngiz
Laçın eli mənfur düşmən əlinə
keçəcək. Ona görə də Laçının təbiətinə,
yollarına, hər daşına-qayasına doyunca baxmaq istəyən
sənətkar yazırdı:
Otlayır sürüsü göy
yaylaqların,
Durmuş şiş qayalar
çobansayağı.
Qurbanı olduğum qarlı
dağların
Üşüyür zirvəsi,
yanır ayağı...
Xoşdur, bu torpağın xoşdur
iqlimi,
Səsim dağa düşsün, dərəyə
düşsün.
Qoy süzüm ən incə təranə
kimi,
Ürəkdən süzülüb
ürəyə düşsün.
Xalqımızın
da birinci arzusudur ki, o qədim Azərbaycan yurdunun sakinləri
tezliklə doğma ocaqlarına dönüb, səsini-ününü
dağlara çatdırsın...
“Həyatı tez tərk edəcəyəm”
Böyük
sənətkar 1974-cü ilin 6 noyabrında cismən vəsf
etməkdən doymadığı Vətən torpağına
tapşırıldı. Cəmi 51 il ömür sürən
istedadlı şair sanki qısa ömür yaşayacağını
da əvvəlcədən duyub öz yaxınlarına belə
deyərmiş: “Mən canım qədər sevdiyim
torpağın vurğunuyam. Həyatı tez tərk edəcəyəm.
Sizə start meydanını qoyub gedirəm. Bu meydanı
qoruyun, gələcək nəsillərə layiqincə
çatdırın”.
İstedadlı
şair-dramaturq xalqımızın yaddaşında əbədi
iz qoyub getdi, ömrünü söz ömrünə
caladı. Dədə Ələsgər haqqında
yazdığı şeiri belə bitirirdi:
Dünyada neçə ki, saz var,
şeir var,
O da yaşayacaq dünyalar qədər!..
Onun Vətənə
vurğunluğunun nəticəsi idi ki, xalq İslam Səfərlini
hələ də qəlbində gəzdirir. Nəsillərin
onu unutması bir də
Nə vaxta qaldı...
Gilənar qızardı, ağ tut
sovuşdu,
Payını dərmədim, budaqda
qaldı.
Hamı könül verib yara
qovuşdu,
Bəs bizim toyumuz nə vaxta
qaldı?..
Ay gözəl, nə vaxta qaldı?
Qonçələr
açılıb, gülür çəmən, düz...
Hər axşam tarladan qayıdanda
biz,
Yoxsa o "sevirəm" söylədiyin
söz
Düşüb mərcan kimi bulaqda
qaldı?..
Ay gözəl, nə vaxta qaldı?
Göyləri ay gəzir, hava
bürkülü,
Eyvanda durmuşam boynu
bükülü.
Bəlkə eşqimizin sona
bülbülü
Uçub yol üstdəki qovaqda
qaldı?..
Ay gözəl, nə vaxta qaldı?
Əzəldən gözəldir
boyun, qamətin,
Olsa da qəlbini ovlamaq çətin.
Bil ki, ey gözəl qız, saf məhəbbətin
Ürəkdə yurd salıb, dodaqda
qaldı...
Ay gözəl, nə vaxta qaldı?
İslam
Səfərli öz şəxsiyyəti və dillərə
dastan yaradıcılığı ilə nə “budaqda”, nə
“qovaqda”, nə “bulaqda” qaldı, onun şeirləri yalnız
“Ürəkdə yurd salıb, dodaqda qaldı...”
Fariz Yunisli
Mədəniyyət.- 2013.- 1
noyabr.- S. 10.