Hökmsüz məhkumluq
Kabus illərin
salnaməsi
Və ya
böyük sevdanın cəzası
Bilmirəm, böyük sevda, xəlqi eşq, ümman sədaqət, ifrat pərvəriş sonda insanı hara aparır. Daha doğrusu, nə ilə və necə mükafatlandırır. Zaman-zaman bu böyük hisslərin daşıyıcıları elə məşəqqətli əzablar, elə haqsız cəzalar içində çırpınıblar ki... Nəhayətdə haqq qələbə çalıb, gecikmiş ədalət bərpa olunsa da.
Ağır illər, məhrumiyyət dolu günlər, əzab-əziyyət onun da ömrünü “bəzəyib”. İstehza, kinayə, bəzən də nifrət dolu nəzərlərin altında əzilməmək, övladlarının sual dolu baxışlarından qaçmaq, kədərlə dolu yaşlı gözlərini silmək üçün nə qədər tənha bucaq axtarıb.
Sürgünlərin, işgəncələrin, alçaldıcı hərəkətlərin, zülmün ərşə dayandığı illər, həsrətli gözləntilər də var hələ. Sevimli ömür-gün yoldaşının soyuq məmləkətlərdən gələn vətən həsrəti, övladlardan cüda, yardan nigarançılıq dolu məktublarında ovunmaq da bir iztirab. “Xalq düşməni”nin zövcəsi kimi o, nələrdən keçməyib ki...
Amma yenə
Hə, amma yenə də özünü itirməyib, hər şeyə rəğmən “Sürüklənən bəşəriyyət qadınla yüksələcək...” misraları ilə qürurlanan və beləcə bütün qadınları qürurlandıran böyük Hüseyn Cavidi yüksəltməyə çalışıb. Bu ailəni aşağılamaq, sındırıb ruhunu didərgin salmaq istəyənlərə meydan oxuyub. Daim haqq səsini ucaldıb, qorxmadan, çəkinmədən vuruşub hökmsüz keçən məhkum illərində. Böyük ədibin əbədi sevdasına layiq bir qadın, ana, şəxsiyyət olub
Mişkinaz Cavid
O da adi insanlar kimi gəldi dünyaya. 1902-ci ildə ulu
Naxçıvan torpağında doğuldu. Sakit,
qayğısız uşaqlıq, sevgi dadlı gənclik
yaşadı. Ömrü böyük ədiblə
birləşəndə o da xəlqiləşdi, məğrurlaşdı.
Artıq özünü, həyatını,
arzu və istəklərini unudub Cavid ömrünə
caladı ömrünü. Və beləcə
adı, özü, yaşantısı ilə daha bir Cavid
ömrü yaşansın deyə, illərlə
ömür-gün yoldaşının ədəbi
mirasının keşiyində durdu. Ta həyatın ona
verdiyi ömür payı kəsilənədək, 1976-cı
ilin soyuq noyabrınadək ürəyində böyük
sevdanın hərarəti ilə yaşadı.
Və yaşatdı
Təbii ki, böyük Cavidin bizlərə məlum və
naməlum irsini göz bəbəyi kimi qoruyaraq. O, Hüseyn Cavidin ilk oxucusu
olmaq, onun əsərlərinin üzünü
köçürmək kimi bir missiyanı da daim böyük
şövqlə yerinə yetirib. Təsadüfi
deyil ki, "İblisin intiqamı" pyesinin onun xətti ilə
köçürülmüş surəti olmasaydı,
böyük şair və dramaturqun repressiya qurbanı
olmuş bir sıra ədəbi nümunələri kimi, bu əsər
də itəcəkdi.
“Çarpacaq qəlbim, əgər
sussa dilim...”
Beləcə, aylar ötür, xoş günlər
bir-birini əvəz edirdi. Ədəbi mühitdə
söz qovğaları nə qədər çətin, bəlkə
də dözülməz olsa da, sevgi dolu evdə səadət
hökm sürürdü. Cavidin ölməz əsərlərinin
say sırası da genişlənir, ilhamlanan ədib durmadan
yazıb-yaradırdı. «Keçmiş günlər» və
«Bahar şəbnəmləri» kitabları, «Ana», «Maral»,
«Şeyx Sənan», «Şeyda» nəşr edilərək
yayılırdı. Əsrin ikinci onilliyində
Cavid artıq Azərbaycan ədəbi mühitində
özünü təsdiq etmişdi. 1919-cu
ildə oğlu Ərtoğrol, 1923-cü ildə qızı
Turan dünyaya gəlib ailənin həyat təqvimini daha da rəngarəng
etmişdilər.
“Qara maşın”dan sonra
Onların da həyatı alt-üst oldu, axarıyla axan
suya daş atılan kimi bulandı həyatları “xalq
düşməni” ləkəsi ilə. Yavaş-yavaş
qapılarından əl-ayaq kəsildi, yaxın-uzaqlar üz
çevirdi, yan-yörələrində dolaşmaq qorxuya
çevrildi. Unuduldu həyatın
şirinliyi, sevdanın ülfəti. Az
sonra pozuldu həyatın ritmi, ev-eşiklərindən, Cavidli
yurd-yuvalarından zorla çıxarıldılar. Soyuq küləklər əsdikcə əsdi. Dondu dodaqlardakı təbəssüm, itdi üzlərin
sevinc saçan cizgiləri, batdı şaqraq
gülüşlərin cingiltisi. Bir
özləri oldu, bir də dağdan ağır dərdləri,
ruh sıxan əzabları.
Tikə-tikə dərdləri
Dostlar kədərlənməsin, düşmənlər
sevinməsin, hər gün məskunlaşdıqları yad,
soyuq mənzilin küncləri məhəbbətlə isinib, əmanət
balaların qarnı doysun deyə çalışmaq, hər
şeyə rəğmən yıxılmadan yürümək
lazım idi. Onda nə etməli, bu kəskin münasibətlərin,
cüzamlı kimi hər kəsin qaçmağa
çalışdığı vəziyyətin içindən
necə çıxmalı?! Bu suallar gənc
ananın ürəyini sıxır, qəlbini
yaralayırdı. Günlərin birində
nigaran-nigaran ətrafı süzən baxışlar yetimləşmiş,
əşyaları belə “etibarsız” çıxmış
mənzilin küncündəki tikiş maşınına
sataşdı. Ev sahibəsi qəribə
biz sıçrayışla ora yüyürdü və əllərini
çoxdan unutduğu tikiş maşınında gəzdirdi.
Bir zamanlar ədalətsizliyə üsyan
bayrağı qaldıran ədibin “Yarəb, bu cinayət, bu xəyanət,
bu səfalət, Bulmazmı nəhayət?” misralarını
elə hey öz-özünə təkrarlayır, onları bu
zülmət gecəyə məhkum edənlərə lənət
yağdırırdı. Əksər, yox əstəğfürullah,
bütün “xalq düşmən”lərinin xanımları
kimi o da seçilmişdi. Hər yerdə
qapılar üzünə bağlı idi. Çətinliklə
də olsa, nəhayət 1938-ci ilin aprelində “Klara Setkin” adına sənaye kooperativ artelində işə
düzəldi. Ehtiyac məcburiyyəti ilə
fasilələrlə ta 1948-ci ilə qədər burada
çalışdı. Artel o vaxt işəmuzd
qaydada qəbul etdiyi qadınlara bacaracaqları qədər
sifariş verirdi. Ən adi iş üçün
bağlanan qapılar, o qapıların ardındakı dəyişən
simalar Mişkinaz xanımı çox yorduğundan buna da
şükür edib çalışır, çörək
ağacı olan dərziliyindən əl çəkmək istəmirdi.
...Şirin xatirələrdən
O
bütün çətinliklərə rəğmən həmişə
Bakıda yaşadı. Sanki Cavidin hər an
gələcəyini gözləyirmiş kimi. Böyük
şəhərdə böyük dərdlər
daşıdı ürəyində. Əslən
Şahbuz rayonunun Remeşin (indiki Qızıl Qışlaq) kəndindən
olan bu sadə el qızı böyük şairin əsl
könül hayanı idi. O, Cavidə yalnız sədaqətli,
dəyanətli bir həyat yoldaşı deyil, həm də
dost, sirdaş ola bildi. Cavid də ona sevgiylə
savad verdi, həyatı öyrətdi. Mişkinaz beləcə Hüseyn Cavidin yüzlərlə
tələbəsindən birinə çevrildi. Caviddən aldığı o savadla Mişkinaz
çox illər sonra şairin unudulmuş əsərlərini
yazıya köçürdü, onun haqqında ən
doğru xatirələri qələmə aldı.
Onun gündəliklərindən Cavidlə bağlı
bir xatirəsini seçdim. Ömrün ən
kövrək, saf məqamları var o sətirlərdə.
Gənc qadının səadəti, sevgisi, ülfəti... “Biz 1918-ci ilin avqust ayında evləndik. Çox kiçik, xudmani toy məclisi oldu.
Toydan bir-iki gün sonra Cavid mənə dedi ki, axı mən hərdənbir
cızmaqara edirəm, gərək mənim ilk oxucularımdan
biri də sən olasan. Mən isə onun oxucusu ola
bilməzdim. Çünki savadım yox idi.
Cavid mənə dərs deməyə başladı...”
Uzaqları yaxın edən məktublar
İndi ümid bircə onlara idi. Ara-sıra gələn, ilk
oxucusundan, ünvanlanan Mişkinazdan əvvəl neçə-neçə
“test”dən keçmiş, hər sətri ələk-vələk,
çək-çevir edilmiş məktublara. Amma
yenə də onlar xoşbəxt idi. Hər
məktub yazılandan sahibinə çatıb oxunan anadək
qayğısız və xoşbəxt. Bunu
bütün iztirablara rəğmən hər sətirdən,
gileylərin gizləndiyi hər pərvərişdən sezmək
olur.
4 həziran, 1927. Kislovodsk.
Əziz və
sevgili Mişkinaz! İndiyə qədər
dörd-beş açıq məktub yazmışam. Ərtoğrolun otkrıtkasından başqa bir məktub
almamışam. Bilməyirəm, cavab
yazmayırsan, yaxud poçtxanamı verməyir? Hər halda, bu qədər tənbəllik yaramaz.
Desəm ki, vannalar və elektrik məndə hal
qoymamış, nəinki uzun məktub yazmaq, hətta
qısasına da ərinirəm. Daha doğrusu, Məşədi
İbad kimi adımı da özgədən soruşuram.
Vannalar bütün-bütünə əsabı
və hafizəni bərbad edir. Az
qalmış ki, tədavi proqramımı yarılayım, bugün-yarın
qulluğunuzdayam. Çocuqlardan muğayət ol! Ərtoğrola söylə ki, gözü
Turancığın üzərində olsun,
savaşmasınlar, yoxsa acıq edib bir yolluq Mərdəkana gəlmərəm.
Çocuqları mənim tərəfimdən öpərsən...
Hüseyn Cavid
30 iyun, 1927. Kislovodsk.
Mişkinaz!
Bu gün üçüncü məktubunuzu
aldım ki, Ərtoğrol ilə bərabər
yazmışdınız. Çox məmnun
oldum. Keçən gün doktorun
yanında idim. Üçüncü dəfə
müayinə etdi. Yenə narzan və
elektrik və digər ilaclar yazdı. Doktorun
fikrincə, iyulun iyirmisinə qədər tədavi bitər, sərbəst
olaram. Mən bir də doktora gedəcəyəm.
Proqrama bir şey əlavə etməsə, ayın iyirmisində
çıxacağam, çünki qəribsəməyə
başladım, tanış da çox
az... Pənah bəy də dünən yox,
srağagün gəldi. Kislovodsk
yağmurları dad-bidad eləyir. Dışarı
çıxmaq mümkün deyil. Yenə
beş-altı girvəngə kökəldim. Professor, qətiyyən yaramaz - deyə, ac buraxır.
Gündüz yatmağa heç qoymayır.
Gələn dəfə ayrıca
Ərtoğrola şəkilli otkrıtka yazacağam, bu dəfə
bağışlasın. Çocuqları
öpürəm. Ərtoğrol Həlimənin də dərslərinə
baxsın...
Baqi ehtiram, səni öpürəm.
Cavid
Onun yeri bəlli idi
İllər keçdi, bulanıq sular duruldu,
böyük Hüseyn Cavid sevgili vətənində əbədi
qərarlaşdı. Nigaran ruhlar sakitləşdi, dincəldi, təsəlli
tapdı. Və günlərin birində o
da əbədi səadətə tələsdi. “Bəni öldürsələr də, bən
yaşarım, Tərk edib xəlqi, xaliqə qoşarım” -
deyən böyük Cavidinə qoşdu. Ədibin
Naxçıvandakı məqbərəsində, ərinin və
oğlu Ərtoğrolun qəbirləri ilə yanaşı əbədi
səadət uyqusuna daldı.
Həmidə
Nizamiqızı
Mədəniyyət.- 2013.- 1
noyabr.- S. 11.