50 yaşın
zirvəsində
Əsası dahi Üzeyir Hacıbəyli tərəfindən qoyulan Azərbaycan bəstəkarlıq məktəbi zəngin ənənələr üzərində formalaşmışdır. Bu məktəbin yetirmələri də öz yaradıcılıqlarında həmin ənənələri davam və inkişaf etdirmişlər. Bu yerdə Üzeyir bəyin müdrik kəlamlarından birini yada salaq: «Hər bir bəstəkar bəstəkarlıq texnikasına yiyələnməmişdən əvvəl milli musiqi alətlərinin birində mükəmməl ifa etməyi bacarmalıdır».
Azərbaycan bəstəkarlıq məktəbini təmsil edən görkəmli sənətkarlarımızın bir çoxu bu tövsiyəyə sadiq qalaraq əsasən tar və kamança alətində məharətlə ifa etməyi bacarmışlar. Hətta onlar musiqiyə məhz bu alətlərlə qədəm qoymuşlar. Bu ənənəni orta nəslin bəstəkarları da davam etdirirlər. Onların nümayəndələrindən biri də Əməkdar incəsənət xadimi, Azərbaycan Milli Konservatoriyasının dosenti Vasif Allahverdiyevdir.
Ona tar alətini sevdirən dayısı - Əməkdar artist Tağı Tağıyev olmuşdur. Məhz Tağı müəllimin ifalarından ruhlanan Vasif erkən yaşlarından ulu tarımızı köksünə sıxıb onu dilləndirməyə cəhd edir. Buna nail olduqda isə onun musiqiyə məhəbbəti daha da artır. Beləliklə, Vasif Allahverdiyev musiqiçi olmaq niyyəti ilə A.Zeynallı adına Musiqi Texnikumunun (indiki Musiqi Kollecinin) tar sinfinə daxil olur. Tar ifaçılığını təkmilləşdirdikcə musiqi təfəkkürü daha da inkişaf edərək yeni istiqamətlərə yönəlir. O, bəstəkarlığa da maraq göstərir. Tar üçün kiçik pyeslər yazır, unudulmaz sənətkarımız Vasif Adıgözəlovdan bəstəkarlığın sirlərini öyrənir.
Nəhayət, öz istedadı və zəhməti sayəsində həm tarzən, həm də bəstəkar kimi fəaliyyətə başlayır. Texnikumu bitirdikdən sonra Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasına (indiki Bakı Musiqi Akademiyası) İsmayıl Hacıbəyovun bəstəkarlıq sinfinə daxil olur. Müəlliminin rəhbərliyi altında bir neçə əsər yazır. Bu sırada «Atatürk» simfoniyası, «Ömür yolu» simfonik poeması və başqa əsərlərin adını çəkə bilərik. Görkəmli sənətkarlarımız Vasif Allahverdiyevin əsərlərinə yüksək qiymət verirlər. Bu yerdə onlardan bəzilərinin fikirlərini diqqətə çatdıraq.
* * *
«Üzeyir Hacıbəylidən
başlayan bəstəkarlıq məktəbinin
ənənələri bizim nəslə gəlib
çatmış və biz bu ənənələri gənclərə ötürmüşük. Lazımdır ki, onlar bu
yolu layiqincə davam
etdirsinlər. Həmin gənclərin içərisində Vasif Allahverdiyevin
adını xüsusi qeyd
etmək istəyirəm. İndiki
dövrdə istedad hər şey
deyil. Müasirlik, müasir dünyanı dərk etmək musiqimizin inkişafı üçün
vacib olan amillərdəndir.
Bu cəhətləri Vasif
Allahverdiyev öz
yaradıcılığında düzgün
istifadə edə bilir. Onun
dahi şəxsiyyət Heydər Əliyevə
həsr etdiyi «Ömür
yolu» simfonik
poemasında bu deyilənlər tam mənada əksini tapır. Vasif Allahverdiyevə yeni uğurlar arzulayıram” (Vasif Adıgözəlov, Xalq artisti, professor. 2003-cü il).
«Musiqinin kinoda əhəmiyyəti böyükdür. Bir çox
bəstəkarlar var ki, onların kino musiqisi müstəqil
əsər kimi də səslənir.
Simfonik musiqi əsasında film isə Azərbaycan kino sənəti üçün o qədər
də səciyyəvi
deyil. Amma ulu öndərimiz
Heydər Əliyevin ömür yolundan bəhs edən filmdə gənc bəstəkar Vasif Allahverdiyevin eyniadlı simfonik poeması xüsusi əhəmiyyət
kəsb edir” (Fərhad Bədəlbəyli,
Xalq artisti, professor.
2003).
* * *
Bu fikirlərdə Vasif
Allahvediyevin yaradıcılığına
müsbət rəylər
öz əksini tapmaqla bərabər, bir əsərin adı xüsusi olaraq qeyd edilir. Bu, «Ömür yolu» simfonik poemasıdır.
Ümummilli liderimiz Heydər Əliyevə həsr olunan əsərin yaranma tarixi haqda Vasif
Allahverdiyevin dediklərindən:
«Hər bir insan taleyində heç vaxt unudulmayacaq xoşbəxt məqamlar var. Mənim üçün belə xoşbəxt və unudulmaz hadisə ulu öndərimiz Heydər Əliyevlə görüşümüzdür. Bu görüşün baş
tutmasına millət vəkili, Respublika Ağsaqqallar Şurasının
sədri, görkəmli
ziyalımız Fəttah
Heydərov səbəb
olub. O vaxt Fəttah müəllim Naxçıvanda mədəniyyət
naziri vəzifəsində
işləyirdi. Əvvəlcə, mən belə bir əsər yazmaq istəyimi ona bildirdim. Fəttah müəllim fikrimi müsbət qarşıladı,
eyni zamanda, ulu öndərimizin razılığını almağı
məsləhət bildi.
Biz dahi şəxsiyyətlə
görüşdük. Mən o görüşün sevincini
və yaşadığım
həyəcanlı hisslərimi
bəlkə də heç bir sözlə ifadə edə bilmərəm.
Ulu öndərə dedim ki, «Atatürk»
simfoniyasından sonra növbəti əsərimi
Sizə həsr etmək istəyirəm.
O, məni çox diqqətlə dinlədi və məqsədimi müsbət qarşıladı.
Beləliklə, mən «Ömür
yolu» simfonik poeması üzərində
işə başladım.
Əsər 1994-cü ildə ilk dəfə səslənərək
ictimaiyyət tərəfindən
maraqla qarşılandı.
Sonra isə hörmətli Fəttah müəllimin təşəbbüsü ilə
eyniadlı ssenari əsasında ulu öndərin ömür yolunu əhatə edən film çəkilməyə
başladı. Çox təəssüflər
olsun ki, ulu öndərimiz bu filmi görə
bilmədi. Ekran əsəri
onun vəfatının
40-cı günü ictimaiyyətə
təqdim edildi. Həmin film
«Ömür yolu» simfonik poemasının sədaları altında dünyanın bir neçə ölkəsində
nümayiş etdirilib».
Vasif Allahverdiyevin
bu simfonik poema ilə ulu öndərin əbədiləşmiş ömrünə
bir musiqi ömrü bəxş edib.
Daim öz yaradıcılığı üzərində
əzmlə çalışan
bəstəkar həmişə
aktual mövzulara müraciət edir. Konservatoriyanı
bəstəkar kimi bitirən (1992) Vasif Allahverdiyev ikinci dəfə ali
tar təhsilini də alır (1994). Bu da
onun artıq peşəkar bir tarzən kimi bu alət üçün
əsərlər yazmasına
zəmin yaradır.
Bəstəkarın tar üçün
pyesləri, tar və orkestr üçün əsərləri, o cümlədən
«Qarabağnamə» əsəri
fikirlərimizə əyani
misaldır.
Vasif Allahverdiyev
yaradıcılığında vokal musiqiyə də geniş yer verir. Onun ulu öndərin xatirəsinə həsr olunan «Sənsizlik» elegiyası, «Hara gedirsən»,
«Bəlkə görüşdük»,
«Azərbaycan» mahnıları
bu qəbildəndir. Bəstəkarın vokal musiqiyə,
xüsusən də mahnı janrına münasibəti xalq mahnılarımızdan başlayır.
Belə ki, o, qardaşı - Əməkdar incəsənət
xadimi, bəstəkar Ceyhun Allahverdiyevlə birlikdə bir neçə xalq mahnı və təsniflərini yeni aranjimanda işləyib.
Üzeyir bəy ənənələrini
davam etdirən bəstəkar milli köklər zəminində
professional əsərlər yaradır. Elə Üzeyir bəyə
həsr etdiyi «Muğamsayağı» əsəri
kimi. Hazırda Hüseyn Cavidin
«İblis» əsəri
əsasında eyniadlı
balet üzərində
işləyir. Əminik ki,
o, bu janrda da uğurlu bir əsər yaradacaq. Çünki deyirlər, 50 yaş
insan ömrünün
ən kamil çağıdır. Musiqi mədəniyyətimizə
bəstəkar, pedaqoq
kimi töhfələr
verən Vasif Allahverdiyevə 50 yaşın
zirvəsində cansağlığı,
uzun ömür və yeni-yeni yaradıcılıq uğurları
arzulayırıq.
Səadət Təhmirazqızı,
sənətşünaslıq
üzrə fəlsəfə doktoru
Mədəniyyət.- 2013.- 1
noyabr.- S. 12.