“...Qurbanın tarı - Könül dünyasının sərvəti, varı”...

 

Bu yazı işimin... (yadıma məktəblilərin “kontrol yazı işidüşdü) xatirinə bir şairin misralarının yerini dəyişməli oldum. Amma deyilənə görə, bu yazının səbəbkarı Qurban Pirimov ömrü boyu heç bir muğamın, təsnifin, mahnının heç bir xalını heç vaxt dəyişməyib, pərdəsini yanılmayıb. Həmin şairin (Famil Mehdinin) həmin bəndi isə bu:

 

Dinlə “Çahargah”ı, eşit “Qatar”ı -

Könül dünyasının sərvəti, varı,

Ələsgərin sazı, Qurbanın tarı,

Seyidin, Cabbarın avazıyam mən...

 

Qurban Pirimovun barmaqlarının heç vaxt yanılmadığını söyləyən köhnə kişilər belə bir söhbət də edirdilər ki, nakam şairimiz Mikayıl Müşfiqi hamımızın əzbər bildiyimiz məlum şeiri yazmağa ruhlandıran Qurbanın çalğıları olub və elə bəndəniz də həmin o saz-söz ustadlarının sənət duallığından ruhlanıb, lap başdakı adla başladığım bu yazını aşağıdakı ladla davam edirəm:

 

Oxu, tar...

 

...səndə ustad Qurban ruhu, Qurban şəhdi-şəkəri, Qurban lətafəti var!

Oxu, tar... Dillən, danış, ey ruhi qidalarımız içərisində təzə qaymaq, beçə bal... Ey böyük mədəniyyət alətlərimiz içrə müdrik ağsaqqal! Çal və hər dəm o ustadın xəyalına dal ki - səndə onun da təmrin-təmləri var...

...İndi, tarım, yüz illərdi şikəstələdiyimiz “...simi gözlər” ehtiyatkarlığımızın “acığına” o telləri tarzənsiz-mizrabsız bir zərbi-eşq ilə dindir. İşdir, qırılsa, çənlibelli Dəmirçioğlu demişkən, “suçunu boynuma mindir”, alınsa, duyacaqsan mənim bu eyforik hisslərimin baiskarı nədir, kimdir...

Hə, bu lirik-poetik yazımın səbəbkarına hədəf sədəflim, “ey geniş kütlənin acısı, şirini”! Sən çalmağında ol, mən də qısaca bir -

 

“Qələm təsnifi”

 

ilə bu yazını davamımda...

Hə, dədə-baba yadigarımız, cəmi aşiq-məşuqlar yarımız, oxu! Oxu, öt aradabirsəni kim unudar?!” kimi sual-nidalarına belə bir səda da qat: siz ey bu həmişəcənnət sənət-alətə hələ çerez gitara”lar baxan müasir ultraları“mız”. VaxtiləOxuma, tar! Səni sevmir proletar!” - deyə, sovet ildırımı çaxan veteran “kultura”çılarımızın çaldıqlarını yeni aranjimanda davam etdirib, modal anti-aborigenobrazavoyski”liyə inteqrasiya olunmayın!

Oxu, - bu gün ən müasir salonları, ən gənc məclisləri qocaman Şərq xəyalatına daldıran, şəbəkə-şəbəkə şöbələri, ixtiyar-ağsaqqalmayə”ləri, asta-becid keçidləri, “güli-rüxsarinə qarşugedişlərilə biziahəstəcə qandıran”, susma səni-tarı, oxu!

Çal nəinki tək elə bizlərdən, həm artıq bütün dünyadan bütün həzzi-duyğuların, zövqi-hisslərin, maddi-mənəvi əhvalların, cismi-ismi halların bu çox qədim qeyri-maddi mədəniyyət incisinə dair ən müasirtarif”-tərifini al. Sən çaldıqca biz dinləyəcək həmən biləcəyik ki, sən - səni barmaqları ilə nəinki dil-dil dilləndirən, həm gül-gül gülləndirən, əsl Azərbaycan tarının yaradıcısı olan Sadıqcandan bilavasitə dərs almış ondan “...qəlb mənzilinə axşam mehi kimi dolub, sübh şehi salanheyrəti qoparmış ustadın da yadigarısan. İslam Abdullayev, Seyid Şuşinski, Xan Şuşinski kimi sənət nəhənglərinə “...tarı sinəsinə bütöv Şərq balasıtək alan”, “mizrabıylagürzətək çalan”, “Ərəbzəngi kimi bac alankimi deyimlər dedirtmiş Qurban Pirimovu da vəsf edirsən.

Məclislər başı, üzüklər qaşı, ləzzət-izzət çeşməsi, məhəbbətlər hədəfi! Səninsaznan dediklərini” biz söznən deyək. Sən onun sənət hal-əhvalından, bizsə sənəd tərcümeyi-halından.

 

Ailədən aləmə...

 

Onunikilidoğuluşuna işarətdir yuxarıdakı iki kəlmə. Ayrıca bir ailə ilə bərabər, həm bir el-elata, xalqa, millətə, nəhayət, böyük sənət aləminə gəlmə hadisəsinin qısa ifadəsidir.

Özündən yüz il əvvəl nəsil-nəcabət şöhrəti doğulub bu ustadın. Babası - məşhur Aşıq Valeh XVIII əsr Azərbaycan saz-sözünün daha bir çeşməsi, gözü olub. Sonrakı yüzilin 80-ci ilində o böyük sazəndə ocağının gələcək tarzəni doğulub. Onun da sənədinə bənzərsiz sənət yurdlarımızın adı düşüb: Şuşa qəzası, Abdal Gülablı kəndi. On yaşından on üçünə qədər atası onu - çalıb irəli getdiyi bütün pərdələrdən ən azı üç dəfə geri qaytarırmış (bunu yadda saxlamalı). On dördündə - bığ yeri təzəcə tərlədiyi yaşda isə “Sudan gələn sürməli qız”ı necə çalıbsa, o çağadək ot-alafdan ( bir hər yay dağa köç zamanı Hoğa kəndindəki oğru dığalardan) savay heç çalmamış ata əlləri sürəkli bir çəpik çalıb. Hələ ardınca, niyə məhz bu mahnını bu cür havalandırmasının səbəbkarına - gündə bu qapıdan 10-15 dəfə keçərək suya gedib-sudan gələn bir sürməsiz qızcığaza yönəli - oğluna birarifigöz basıb (bunu yadda yox, segahi-ladda saxlamalı)...

Xatirələrə görə on dördündə atasının alqışını, on beşində ustadlar ustadı Sadıqcanın xeyir-duasını alan Qurban Pirimov Qarabağ toylarında pir xanəndələri müşayiət etməyə başlayır. Hərdən Azərbaycan sərhədlərindən kənarlara - Qafqazlara dəvət alır. Bu qos-qoca alət çox gənc Qurbanın kövrək sinəsində daha bir örnək-yuva tapır. O toyların birində böyük xanəndə İslam Abdullayev gələcək günlərin birində “...bu yaşda tarı sinəsinə bütöv bir Şərq balasıtək sıxıb Azərbaycan anasıtək dilləndirənheyrətilə öyəcəyi Qurbanı görüb, onu özünə daimi müşayiətçi götürür. Lakin Qurbanın gündən-günə yayımlanan şöhrəti onun simasında böyük qənimət əldə etmiş xanəndənin arzularınaqənimkəsilir. Belə ki, 1905-ci ildə Gəncə toylarının birində Qurbanın ifasına vurulan Cabbar Qaryağdıoğlu (İslam Abdullayevdən razılıq alaraq) onu özü ilə Bakıya gətirir.

O, Bakıya düşəndə bu şəhərdən tək neft iyi yox, böyük sənət qoxusu da gəlirdi. Dillər “O olmasın, bu olsundeyirdi, “Arşın mal alan”dan danışırdı, əllərMolla Nəsrəddin”i bir-birinə ötürürdü ... qədim Azərbaycan mədəniyyəti yepyeni bir sənət övladına hamilə idi. Nəhayət, 1908-ci ildə həmin əsər-övlad - “Leyli Məcnundoğuldu 28 yaşlı Qurban bu operanın ilk tamaşasında orkestrin solisti oldu.

Sonra yaş üstünə yaş gəldi. Qurban-Məcnun həyatda öz Leylisini tapsa da, səhnədəkiLeyli Məcnunməhəbbətindən doyub-dolanmadı. 1908-i 18-ə, 28-ə, ...58caladı. Deyirlər, bu əlli ildə - min dəfə çalıb-çağırdığı o tamaşalarda bu qədim-qayım kişinin üzü heç əlli kərə gülməyib. Bir ona görə ki, qədər çalıb-çalışsa da, Leylini Məcnuna verə bilməyib...

 

Təsnif”-xatirələr

 

Yuxarıda demişdim axı, on dörd-on beşində bir yanlış xala görə atası onu dəfələrlə - səslənişi bəd çıxsa da - dala qaytarıb. yəqin elə bir buna görə səksən beşində - 1965-in 10 avqustunda Dövlət Filarmoniyasının səhnəsində 23 dəqiqə çəkənRahab”ı elə çalıb ki, tamaşaçılar onu tufan-alqışlar altında düz üç dəfə səhnəyə qaytarıblar. O isə bu dəvətlərin birincisində gülümsünüb, ikincisində qayğılanıb, üçüncüsündə isə - gah alqışçılara, gah bir səbəbkar olaraq onun özünə-üzünə mat-mat baxan gənc ifaçılardan birinin qolundan yapışaraq, üzrxahlıq minnətdarlıq dolu baxışlarla səhnəni tərk edib. Həmin anlar emosiyalarını çəpiklərlə ovudan o tamaşaçıların ağlına gəlməzdi ki, hələ görünüşcə qıvraq, mizrabı şaqraq bu ustad vur-tut 19 gündən sonra - 1965-ci il avqustun 29-da dünyasını dəyişəcək.

Amma o tamaşaçılar, bütün musiqi ictimaiyyəti belə bir mətləbin fərqindəydilər ki, çox xanəndələri müşayiət etsə , o ustadın ən çox bağlandığı Xan Şuşinski bu itkidən nələr çəkir.Tardan Ərəbzəngi kimi bac alan Qurbanonu bağrı-badaş dostluqda (səhnə heç - burada kimsə tapılır) tənha qoyub getmişdi. Daha hansısa şöbədə, keçiddə, ayaqda hansı çaları vurğulamağı qurğulayan baxışlarını göydə tutan, him-cimlərin cəmi-cümləsini murazına yetirən ustad qeybə çəkilmişdi...

Xalq artisti Canəli Əkbərovun daQurban əmisihaqda xeylisarı sim”liyi var: “Ağlım kəsəndən bu dahi tarzənin qrammofon vallarını toplayıb evimizə yığardım. Cabbar Qaryağdıoğlunun onun müşayiətilə oxuduğuHeyratı” eynilə oxumağı çoxlu məşq edib başa vurandan sonra, bunu necə olur-olsun Qurban əmiyə eşitdirmək eşqinə düşmüşdüm. Bir gün onu dənizkənarı parkın sakit bir guşəsində görüb, özümü ətrafımdakı tay-tuşlarımın qarasındagizlədərəkoxumağa başladım. səbəbdənsə, həmin gün tarını da özüylə götürmüş Qurban əmi ayaq saxladı. Ecazkar sənət alətini sinəsinə basıb, məni bir-iki şöbə müşayiət etdi. Çalğısı ilə ürəyimi vəcdə gətirən ustad, ayrılarkən dediyi sözlərilə qəlbimi dağa döndərdi: “Di hələlik, ay cavan oğlan, ay gələcəyin böyük xanəndəsi!..

Elə onun Xalq artisti adı, “Şərəf nişanı”, “Qırmızı əmək bayrağıordenləri, neçə-neçə filmoqrafiya fakturaları, adı çəkiləndə köhnə müasir sənət adamlarının təzimanə duruş-baxışları da az xatirələr söyləmir. O xatirələrə hələ deyilməmiş belə birisini qoşaq: Qurban Pirimov tardan əsrlərlə gec doğulsa da, xatirəsi, örnəkliyi tarın gələcəyi qədər yaşayacaq ki, bunu daəbədiyaşam dəstgahıadıyla bu gün bəşəriyyətin ali mədəni irs siyahısına düşmüş muğamımızın xəyali bir ailə üzvü hesab edək...

 

Tahir Abbaslı

 

Mədəniyyət.- 2013.- 1 noyabr.- S. 13.