Boluda Koroğlu
festivalı
Oktyabrın 26-dan 29-dək Türkiyənin Bolu şəhərində türk dünyasının birlik və qardaşlıq rəmzinə çevrilən beynəlxalq Koroğlu festivalı keçirilib. Tədbirin təşkilində məqsəd türk dünyasının qəhrəmanı Koroğlunun dünyaya tanıdılmasıdır. Festivalda Azərbaycandan da nümayəndə heyəti iştirak edib.
Ecazkar təbiətə malik, mədəniyyət və sənət mərkəzi olan Bolu bu günlər həm də türk dünyasının birgə vuran ürəyi olub. Çoxsaylı qonaqlar və şəhər sakinləri türkdilli ölkələrin zəngin folklorunu, milli rəqslərini və musiqisini yaxından izləmək imkanı qazanıblar.
Festivalın açılışında Türkiyə Prezidenti Abdullah Gülün təbrik məktubu oxunub.
Türkiyə baş nazirinin müavini Bəkir Bozdağ çıxışında Koroğlunu ədalətin səsi adlandırıb. Azərbaycan Milli Məclisinin deputatı Qənirə Paşayeva türk köklərinin birliyi məsələsinə toxunaraq Koroğlunu türk dünyasını birləşdirən böyük dəyər adlandırıb. Almaniyadan millət vəkilləri Arif Ünal və Raymond Roys, digər çıxış edənlər festivalın davamlı olmasını arzulayıblar.
Beynəlxalq festivalın ən mühüm məqamlarından biri Koroğlu parkının təməlqoyma mərasimi olub. Şəhər valisi Mustafa Kamal Kəskin, bələdiyyə sədri Ələddin Yılmaz, Milli Məclisin deputatı Aqil Abbas və digər qonaqların iştirakı ilə bünövrəsi qoyulan parkın mərkəzində Koroğlunun 25 metr hündürlüyündə abidəsi ucalacaq.
Millət vəkili Qənirə Paşayevanın təşəbbüsü ilə təşkil olunmuş Azərbaycan dostluq gecəsi tədbirin qonaqları tərəfindən maraqla qarşılanıb. Bolu Ticarət və Sənaye Evinin konfrans zalında keçirilən gecədə Azərbaycan sənətçiləri milli musiqimizdən rəngarəng nümunələr təqdim edib, Azərbaycan şairlərinin şeirləri oxunub.
Festival çərçivəsində
Koroğlu simpoziumu keçirilib. AMEA-nın
Şərqşünaslıq İnstitutunun əməkdaşı,
filologiya üzrə fəlsəfə doktoru
Elmira Məmmədova “Koroğlu”
dastanının Azərbaycan,
özbək, türkmən
və uyğur variantlarında vücudnamələri”
mövzusunda məruzə
edib. Festivalın son gününün Türkiyənin Cümhuriyyət
bayramı ilə üst-üstə düşməsi
iştirakçılara xüsusi
bir ovqat bəxş edib.
Mədəniyyət.- 2013.- 1 noyabr.- S. 16.