“Şirin barmaqlar”ın sənət
sehri
Mədəniyyət tariximizdə həm
mahir ifaçı, həm də el havalarının kamil bilicisi kimi iz
qoyan sənətkarlar
olub. Onlardan biri də ömrünün
40 ildən çoxunu
milli musiqimizin zənginləşməsinə, təbliğinə həsr
edən tanınmış
qarmon ifaçısı
Kərbəlayi Lətifdir.
Kərbəlayi Lətif 1876-cı ildə
Şuşada dünyaya
göz açıb. Atası
Hüseyn kişi
çəkməçiliklə məşğul olsa da, qarmonda da
gözəl ifa edirmiş. Oğlanlarına da çəkməçilik
sənətini öyrədib,
musiqi ilə məşğul olmalarına
şərait yaradıb.
Lətifin qarmona xüsusi maraq göstərdiyini görən
Hüseyn kişi
onunla ciddi şəkildə məşğul
olur. Oğlu da bu sənətin incəliklərini
mənimsəyir. Sonra gözəl
səsi olan böyük qardaşı
Məhəmmədlə birlikdə
məhəllə şənliklərində
və ailə məclislərində çıxış
edir. Çox keçmir ki, böyük qardaşı
Çəkməçi Məhəmməd
adı ilə Qarabağın tanınan xanəndələrindən biri
olur, Məşədi
Zeynal, Bala Məlikov kimi məşhur tarzənlərlə
Qarabağ, Gəncə
və Tiflis məclislərində
çalıb-çağırır. Lətifin musiqi sənətinə dərindən yiyələnməsində
də böyük qardaşının ciddi təsiri olur.
Kərbəlayi Lətif uzun illər Qarabağ məclislərində qardaşı
Məhəmmədi, Malıbəyli
Cümşüdü, Keçəçioğlu
Məhəmmədi, Pəsxan
Cəlili və Qəssab Abışı qarmonda müşayiət edir. 1914-1915-ci illərdə
İrəvanda, Tiflisdə
və Bakıda məşhurlaşır, virtuoz
ifasını “Şirin
barmaqlar” deyə qiymətləndirirlər. Tezliklə “Şirin barmaqlar”ın şöhrəti Qafqazın
hüdudlarını da
aşır.
Görkəmli musiqişünas Firidun Şuşinski araşdırmalarında
göstərir ki, Kərbəlayi Lətif “Ekstrafon” aksioner cəmiyyəti tərəfindən
Kiyev şəhərinə
dəvət edilir. Orada “Şur”, “Orta mahur”, “Rast”, “Bayatı-Qacar”, “Çoban-bayatı”,
“Segah» və s. muğamları, “Qızılgül”,
“Turacı”, “Vağzalı”
kimi bir çox oyun havalarını qarmonda ifa edir və
qrammofon vala yazdırır.
1920-ci illərdə Kərbəlayi
Lətif Şuşa
şəhərində açılan
musiqi məktəbində
gənc nəslə sənətinin sirlərini
öyrədir. O, 1922-ci ildə
İrana və ərəb ölkələrinə
səyahətə çıxır,
klassik şərq musiqisi ilə yaxından tanış
olmaq imkanı əldə edir. Səfərdən qayıdandan sonra
Azərbaycanın müxtəlif
bölgələrindən, hətta qonşu ölkələrdən də
konsertlərə, məclislərə
dəvətlər alır.
İstedadlı ifaçı
kimi Şuşa,
Ağdam və digər bölgə teatrları ilə də əməkdaşlıq
edir. Respublika müsabiqələrində dəfələrlə mükafata
layiq görülür.
O, 1935-ci ilin dekabrında
Bakıda, Azərbaycanda
sovet hakimiyyətinin
15 illiyi ilə bağlı keçirilən
I bədii özfəaliyyət
olimpiadasında “Bayatı-Qacar”
və “Segah” muğamlarını məharətlə
ifa edərək yarışın qalibi olur.
1939-cu ilin oktyabrında
Moskvada xalq musiqi alətləri ifaçılarının ümumittifaq
baxışı keçirilir. Bu tədbirə professional ifaçılarla
yanaşı, həvəskar
musiqiçilər də
qatılırlar. Kərbəlayi Lətif burada milli musiqi havalarını
böyük ustalıqla
ifa edir və tərifnaməyə
layiq görülür.
Qeyd etdiyimiz
kimi, Kərbəlayi Lətif mahir ifaçı olmaqla bərabər, saysız-hesabsız
el nəğmələrinin də bilicisi olub. Bir faktı nəzərə çatdıraq
ki, məşhur rus bəstəkar və dirijoru Reynqold Qliyer “Şahsənəm” operası
üzərində işləyərkən
Şuşaya gedib orada Kərbəlayi Lətifin ifasında 30-a yaxın el mahnısını
öyrənib. Görkəmli
bəstəkar Əfrasiyab
Bədəlbəyli isə
“Qız qalası” baletini yazarkən, məşhur rəqqasə
Qəmər Almaszadə
ilə birlikdə Şuşa şəhərinə
- Kərbəlayi Lətifin
yanına gedirlər. Sənətkar onlara Şuşanın
məşhur rəqqasələrinin
oyun texnikası və milli oyun
havaları haqqında
ətraflı məlumat
verir.
O, sənətinin vurğunu,
çox təvazökar
bir insan olub. Sənətin sirlərini öyrənmək
istəyən gənclərə
qayğı ilə yanaşıb, təcrübəsini
onlardan əsirgəməyib.
Usta qarmonçu
1944-cü il dekabrın 6-da Bərdədə
vəfat edib.
Savalan Fərəcov
Mədəniyyət.- 2013.- 6
noyabr.- S. 15.