Nəğmə dolu Sabitoğlu

 

Payızda doğulmuş... və elə payızda da köçmüş canlı bahar

 

“Payız gəldi - uçdu getdi quşlar, Sən də getdin - bax yağdı yağışlar...”

Xiffət dolu bu nəğməni harda, nə vaxt, hardan eşitdin, - əlbəəl xəyala Sabitoğlu gələr. Həmin misraları yazan şairdən də, onu ifa edən müğənnilərdən də öncə, təəssürat “təsərrüfat”ımıza Emin düşər. Necə ki, “Fər-had qa-ya ça-pan-da - yadı-na Şi-rin dü-şər”...

 

Bu sənətkar, istər “naməlum” xalq nəğmələri, istərsə də bəlli bəstəkar mahnılarının zövqlər planetimizdə yaratdığı musiqi dəryasına axmış ayrıca bir gur çay. Bu bəndə neçə-neçə huşaparan mahnı (600-dən çox) yaradan, neçə-neçə komediyaya (9) qəşşetdirən, neçə-neçə filmə (40-a yaxın) qüvvət verən musiqilər yazan fenomenal huşyar. Nəhayət (?), bu mahnı “sahibkar”ı “uzaq - yaşıl ada” və bir neçə işində müştərəklik etdiyi atasının - görkəmli bir ədibimizin əsərlərindən birinin adıyla desək, - yaxın - “yaxşı adam”...

 

Son iki ifadəni (“yaxşı adam”ı) axırda işlətməklə, istədim, musiqisevərlərlə ədəbiyyatsevərlər arasındakı zövq çəkişməsinə (nihilizm “mübarizə”sinə) bir konsensusluq gətirim. Yəni yeni - “muzukalnı” nəsillər oğul EmininUzaq - yaşıl adakimi yüzlərlə nəğməsini dinləyib “şoka düşərkən, köhnə konservatorlar da ata Sabitin “Yaxşı adamkimi onlarca əsərini xatırlayıb keyf eləsinlər. Qoy məşhur “Hicran” tamaşasında oğulun musiqi qıjovunda ləzzətlə ləngərlənənlər atanın libretto-mətn dərinliyinə də düşsünlər. O dərinlik ki, yaşından-başından asılı olmayaraq, hamını belə bir fəlsəfəyə qərq edir: təkcə istedadla hər şeyə nail olmaq olmaz. Yəni sənət, mədəniyyət xadimi olmaq üçün ayrıca bir tərbiyə iksirivar ki, onu “ailə” adlı ümummüəllimdən başqa heç bir elm, alim kəşf edə, övladın milli vətəndaşlıq kitabına nəşr edə bilməz. Siz bizim şəriksiz milli ekran şedevrimiz olan “O olmasın, bu olsun” filmində bütöv bir millətin (bəlkə də bəşəriyyətin!) bütöv bir vizual həyat şəklinin necə sənətkarlıqla yaradılmasının (və bunun vur-tut saat yarımlıq müddətə sığışdırılmasının!) fərqindəsinizmi? Əgər belədirsə, bu filmin ssenari müəllifi Sabit Rəhmanın bu qədər tərbiyəli, intellekt, məhsuldar, çevik, universal, təvazökar, milli oğul yetirə bilmək yaradıcılığının da fərqinə varmaq gərək...

 

Bir az da həyatına varaq...

 

Onun yaşam dünyasıyla bağlı toxunacağım hallar, doğrudan da vurğuyadəyər xallardır. Bəziləri ürəyə düşən xallar kimi, bəziləri gözəllərin üzlərindəki sayaq...

Məcazi xallardan başlayım.

Ömrü boyu xalqını major taktlar üstə kökləməyə çalışmış bu sənətkar tarixin minor çağlarının birində göz açıb dünyaya. Çöl-bayırlardarepressiya”, ev-eşiklərdədepressiyaterminləriningülaçdığı 1937-də. Gecəyarınəqarətli qapı tıqqıltılarını xatırladar deyə, körpələri ovundurmaq üçün stol-taburet taqqıldatmalarına tabu qoyulan dəmlərdə. Orta məktəbdə oxuyarkən bir sillə vurduğu erməni sinif yoldaşınınqədeşiləhcəylə qırıldatdığıara, məni dögürsən-dögürsən, bəs tovariş Stalini nöş sögürsən?!” şərinə görə, “ev tənbehiolaraq, ad gününün qeyd edilmədiyi 1947-ci ildən on il əvvəldə. Hamınınböyük qardaşdilində danışması dəbinə görə, məhəllələrdə Tükəzban xalalaratyotya”, Əmikişi dayılaradyadya”, Əlimərdan babalaradeduşkadeyilən çağlarda...

Deyirəm, bəlkə onun otuz il sonra - hələ ümumittifaq dili”nin dəc dövründə yazdığıŞirin dilmahnısı öz alovunu elə o “buz dövrü”ndən götürübmüş?..

Onun o qaraxal “37” payızındakı olumu, qədər olmaya, üzü Oluma, gələcək-görəcəyə idi. 2000-ci payızdakı ölüm olayı isə başdan-başa kədər çalarlı. Hər ikisi - 16 gün fərqlə eyni ayda - noyabrda. Hər bir əsərində həm gizli bir kədər, nostalji bir hiss yaşanan bu sənətkar - bu çiskinli-nisgilli ayın 2-də doğulub, 18-də vəfat edib.

Onun həyat sənət yollarında şad-xürrəm, oynar-gülər qismətləri az olmayıb. Atası dövrün ünlü ədibi, hər addımında hiss olunan fitri istedadı, hər biri sənətin bir sahəsində parlamaqda olan dostları konservatoriyada zamanın korifeyi Qara Qarayevin sinfi!..

Azərbaycan Dövlət Konservatoriyasında təhsil alarkən Emində o keyfiyyətləri görürlər ki, ikinci kursdan onu P.Çaykovski adına Moskva Dövlət Konservatoriyasına keçirmək qərarına gəlirlər. Oranı bitirən kimi - 24 yaşındaAzərbaycanfilmkinostudiyasında musiqi redaktoru, sonra Azərbaycan Dövlət Filarmoniyasına bədii rəhbər təyin edilir. Bir az sonra konservatoriyaya müəllim dəvət edirlər. Bu vəzifələrin, peşələrinkadr arxasındaisə biri-birindən gözəl səs-sədalar qımıldanır bütün bunlar, günlər keçdikcə, simfoniyaya, simfonik poema, simli kvartet, skripka fortepiano üçün poema kantatalara çevrilirdi.

O, hər an, hər gün tələsirmiş. Tək elə harasa gedib-gələndə yox, - gec yatıb-tez durmağa da, tamaşa, film ssenarilərini iki-üç dəfə oxumağa da, dadlı-duzlu yumorlarından, intellekt söhbətlərindən doymayan dostlarıyla az görüşüb, çox məmnunluq yaratmağa çalışanda da tələsirmiş. Milli xəyal tarixindəkiötən günlər”inə qurban vermək istədiyigələn günlər”i öz zəhmət dolu sənətilə ləbaləb doldurmaq istəyirmiş. Lakin zamanın vaxt notları onun “Dayan, zaman, dayan!” taktlarına bənd olmadan ötür, ötür, ötürmüş. Zamanın həm dahi müəllimi Q.Qarayevin bir çox postulatları kimi, bir gün tələbələrindən birinə dediyi: “Əgər gecə yarısı sizi oyadıb üç orkestr üçün iki mövzulu beşsəsli fuqa yazmağı təklif etsələr, bunun öhdəsindən gəlməlisinizsözlərisə onu daim yürüməyə səsləyirmiş...

... onun yaradıcılığının baş qəhrəmanı -

 

Mahnı...

 

Bu qənaətimin çözümünə bir jurnal məqaləsindəki gözəl bir fikirlə başlamaq istərdim. Adını unutduğum müəllifə görə, Emin Sabitoğlu öz mahnı yaradıcılığında birinci şəxsin cəmindən təkinə - “biz”dənmən”ə modulyasiya edə bilib. Yəni, ayrılıqda hər bir insanın dünyasına nəzər salaraq, onun fərdiyyətindəki təkrarsızlığı üzə çıxarmağa müvəffəq olub.

Həmin müəllifin bir rus müəllifdən gətirdiyi sitat da, hələ sağlığındaböyük, çətin əsərlərdən çəkinib, asan mahnı arxasında gizlənməkdəsuçlanılan Emin Sabitoğlunun sahədissertasiya”sını bütün müqəyyəd opponentlərindən qoruyur: “Fikrimcə, dövrümüz öz ədəbi-mədəni inikasını həm Şostakoviçin simfoniyalarında, həm Solovyov-Sedoyun mahnılarında tapmışdır”.

Bizim filosoflardan da biri yaxşı deyir: “Mən bilmirəm, Emin musiqidə daha çox özünü ifadə edir, yoxsa məni? Zənnimcə, onun musiqisində hamının bütün nəsillərin nəbzi döyünür”.

İndiGün keçdi”, “Ad günü”, “Dədə Qorqud”, “İstintaq”, “Qaçaq Nəbi”, “Bəyin oğurlanmasıfilmlərindəki gözəl mahnıları, musiqi parçalarını xatırlayaq. Bunların hansı biri bitkin bir simfoniya, kantata, kapriççio təsiri bağışlamır? Əgər məqsəd hər bir əsərlə dinləyicini, tamaşaçını, xalqı təkcəüzü küləyəyox, həm üzü sabahaaparmaqdırsa, onun kvartet, yaxud mahnı olub-olmamasının məsələyə dərəcədə dəxli var?

Deməliyik ki, Emin Sabitoğlu da musiqi aləminə ötən əsr ədəbi aləminin “60-cılar”ı kimi daxil olmuşdu; hər şeydə bir cəsarət, hər nüansda bir yenilik, orijinallıq, yeni baxış. Əlbəttə, bu, yenilik xatirinə yenilik deyildi. O, istedadlı idi, obrazlı düşüncə-daşınca sahibi idi. 600-ə qədər sevilən, yaddaqalan mahnı yazmış bir sənətkarın elə o qədər də - hər dəfə yeniləşən, təzə-təravətləşən ovqat “janr”ı olmalıdır. O mahnıları dinlədikcə, musiqi ilə söz arasındakı həmrəyliyi, aralarındakı “sukeçməz” yaxınlığı hiss etdikcə belə bir qənaət də hasil olur ki, Emin Sabitoğlu mətnə münasibətdə ən xoş ovqatla xatırlanıb, barmaqla sayılası bəstəkarlardandır. Onun musiqilərində, bəzən, mətnlərdəki poeziya poetikasını üstələyən notlar duyursan. Onun mahnıları öz rəngarəngliyi, mütəhərrikliyi, sədalanma aydınlığı ilə öz müəllifini dərhal nişan verir. Onun musiqilərinin hər tonu, hər çınqısı məsnəvi stilli poemalar kimi qafiyələnir, hər biri öz məzmun-ritm dəbində qiyafələnir. O, yağışdan, qardan, meşədən, hicrandan, vəfadan - nədən bəhs edirsə, dinləyici həməncə o obyekt, o mövzu, o ovqat üstə köklənir. Onun kədərli mahnıları sevinc-şadlıq şərqilərindən, komedik musiqilərindən (xronometraj baxımından) qısadır, lakin, əgər məzəli mahnıları (məsələn, “İnsaf da yaxşı şeydir”) adamın dadına çatmasa, neyləsən də saatlarla “qaş-qabağın yerlə gedər”...

İstədim bu yazını burdaca (yəni yuxarıdakı abzasdaca) bitirim. Sonra dedim, yox, bəlkə bir az da onun “Bəlkə”sindən bəhs edim. Daha sonra da qaldım məəttəl ki, belə bir incidən nə danışım, bu əsrarəngiz “fortepiano prelüdü”, heyrətamiz söz-səs düzülüşlü, gah şipşirin, gah turşməzə konfet-kuplet quruluşlu, vals ritmli, qəribə-qərib duyğular oyadan tilsimi necə açım? Nəhayət (yəni bir xəyal-macallıqdan sonra), dedim, yaxşısı budur - bu mahnının havası beynimdə (və bu ecazkar bəstəkarın bir çox mahnılarının möcüzəvi ifaçısı Flora Kərimovanın sədası da başımda) - durum düşüm sahilə sarı. Özü də, vaxtım çox, cibliyim az olsa da, məhz taksi ilə. Yəni, belə ki, gedim görüm, “Bir ax-şamm tak-si-dən dü-şüüüb payı-za...”, haraya, hayana gedə bilməməklik nə sirmiş, nə deməklik imiş?..

 

Tahir Abbaslı

 

Mədəniyyət.- 2013.- 6 noyabr.- S. 13.