Xalq artisti Yaşar İmanovun 80 illiyi qeyd olundu
Noyabrın 1-də Azərbaycan Dövlət
Filarmoniyasında tanınmış
bəstəkar və dirijor, Xalq artisti,
Prezident təqaüdçüsü,
professor Yaşar İmanovun
80 illiyinə həsr olunmuş yubiley gecəsi keçirildi.
Tədbiri giriş sözü
ilə açan Bəstəkarlar İttifaqının
katibi, professor Zemfira Qafarova yubilyarın ömür yolu və yaradıcılığı
haqqında danışdı.
Bildirildi
ki, istedadlı musiqiçi uzun illər ölkəmizdən
kənarda Azərbaycan
mədəniyyətinin, incəsənətinin
yorulmaz təbliğatçısı
olub. Yaşar Əbdülxalıq oğlu
İmanov 1933-cü il martın 21-də Bakıda dünyaya göz açıb. Üzeyir Hacıbəyli adına Azərbaycan
Dövlət Konservatoriyası
yanında musiqi məktəbini, Asəf Zeynallı adına Musiqi Texnikumunu bitirib. Ali təhsil
almaq arzusu ilə Moskvaya gedib. 1958-ci ildə P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının
hərbi dirijorlar fakültəsini bitirib.
Gənc musiqi Gürcüstanın
Abxaziya Muxtar Respublikasının Suxumi şəhərinə təyinat
alır. Hərbi dirijorluqla yanaşı, Suxumi Opera və Balet Teatrında P.İ.Çaykovskinin “Yevgeni
Onegin”, S.Raxmaninovun “Aleko”, Z.Paliaşvilinin “Daisi” operalarını tamaşaya qoyur. 1967-ci ildə yeni
yaradılan Abxaziya Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru təyin olunur, bir müddət Dövlət Xor Kapellasına da başçılıq edir.
Yaşar İmanov abxaz folklorundan faydalanaraq “Hilal gecəsi” operasını yazıb. Simfoniya, simfonik
poema, instrumental konsertlər,
eləcə də kamera janrlarında qələmini sınayıb,
pedaqoji fəaliyyət
göstərib.
1992-ci ildə Abxaziyada
başlanan müharibə
ilə əlaqədar
Yaşar İmanov Bakıya köçüb. Dövlət
Konservatoriyasında (indiki
Bakı Musiqi Akademiyası) professor kimi pedaqoji fəaliyyətlə
yanaşı, Azərbaycan
Televiziya və Radiosunun Niyazi adına simfonik
orkestrində dirijorluq
edib. 1994-1998-ci illərdə
Qara Qarayev adına Dövlət
Kamera Orkestrinin bədii rəhbəri və baş dirijoru olub.
Azərbaycan mədəniyyətinin inkişafındakı
xidmətlərinə görə
fəxri ad və mükafatlara layiq görülən Yaşar
İmanov bəstəkarlıq
sahəsində yeniliklərlə
zəngin olan maraqlı yaradıcılıq
irsinə malikdir.
Sonra Əməkdar incəsənət
xadimi Fəxrəddin Kərimovun dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında bəstəkarın
“Təntənəli marş”,
“3 saylı simfoniya”, xor və simfonik
orkestr üçün
“Kantata” əsərləri
səsləndirildi. Xalq
artisti Gülbacı İmanovanın rəhbərliyi
ilə Azərbaycan Dövlət Xor Kapellasının, Tural Ağasıyevin (bariton), Əməkdar incəsənət
xadimi Ülviyyə Hacıbəyovanın ifalarında
fortepiano və simfonik
orkestr üçün
“Konsert-ballada”, Günel
Kazımovanın ifasında
isə fortepiano və
simfonik orkestr üçün “Xatirə”
əsərləri səsləndirildi.
Savalan Fərəcov
Mədəniyyət.- 2013.- 6
noyabr.- S. 11.