“Sənətkarlıq Paytaxtı”nda dəyirmi masa

 

Mədəniyyət və Turizm NazirliyininXalq Yaradıcılığı Paytaxtları” proqramına əsasən 2013-cü ildə “Azərbaycanın Sənətkarlıq Paytaxtı” elan olunmuş Göygöl şəhərində oktyabrın 31-də Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin təşkilatçılığı ilə dəyirmi masa keçirilib.

 

“Azərbaycanın Sənətkarlıq Paytaxtı - Göygölmövzusunda tədbirin iştirakçıları əvvəlcə rayon Mədəniyyət evində yerli sənətkarların əl işlərindən ibarət sərgi ilə tanış olubar.

Dəyirmi masanı Mədəniyyət və Turizm Şöbəsinin müdiri Şərqiyyə Hümbətova açaraq Göygölün “Azərbaycanın Sənətkarlıq Paytaxtı” elan edilməsini rayonun mədəni həyatında əlamətdar hadisə olduğunubunun gələcəkdə xalq sənətinin inkişafında, yeni istedadlı gənclərin üzə çıxarılmasında əhəmiyyətli rol oynayacağını bildirib.

Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin mədəni irs şöbəsinin müdiri Cabbar Süleymanov nadir xalq sənəti nümunələrinin yaşadılması, daha da inkişaf etdirilməsi ilə bağlı təkliflərini söyləyib.

Göygöl Rayon İcra Hakimiyyəti başçısının təhsil, səhiyyə və mədəniyyət məsələləri üzrə müavini Kəmalə İbrahimova xalq sənətinin inkişafına, gənc sənətkarlara göstərilən diqqət və qayğıdan söhbət açıb.

Dəyirmi masada AMEA Folklor İnstitutunun elmi işçisi Atəş Əhmədlinin “Xalq sənətkarlığının Gəncəbasar (Göygöl) yörəsi”, MKS-nin xidmət şöbəsinin müdiri İlhamə Sadıqovanın “Göygöldə sənətkarlığın inkişafı”, rəssam Rizvan Əliyevin “Göygöl rayonunda sənətkarlıq məktəbinin yaradılması və inkişaf etdirilməsi” mövzularında məruzələri dinlənilib.

Məruzələr ətrafında çıxışlarda xalq sənətinin daha da inkişaf etdirilməsi, yeni istedadlı gənclərin üzə çıxarılması istiqamətində işlərə aid təkliflər səslənib.

Tədbirdə bir qrup xalq sənətkarına Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin fəxri fərmanı təqdim edilib. Tədbir bədii özfəaliyyət kollektivlərinin konsert proqramı ilə başa çatıb.

 

Aytən Muradova

 

Mədəniyyət.- 2013.-  6 noyabr.- S. 7