Bakı Caz Festivalı başa çatdı
Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Mədəniyyət
Fondunun birgə təşkilatçılığı ilə oktyabrın 23-dən
davam edən “Bakı Caz Festivalı
- 2013” başa çatdı. Musiqi bayramı
on gün ərzində
caz həvəskarlarına
zəngin təəssürat
bəxş etdi.
Festivalın son konsert proqramları da maraqlı anlarla yadda qaldı.
Oktyabrın 31-də Bakı Caz
Mərkəzində Azərbaycan
Televiziyasının estrada-simfonik
orkestrinin vibrafon ifaçısı Allahyar
Vəzirov tamaşaçılara
C.Jobimin, Carlos Sontananın
caz musiqiləri ilə yanaşı, özünün “Çikaqo”
əsərini də təqdim edib. Bakı Caz Festivalında ilk dəfə iştirak edən ifaçının
çıxışı alqışlarla
qarşılanıb.
Noyabrın 1-də Beynəlxalq Muğam Mərkəzində musiqişünas,
bəstəkar və pianoçu, Əməkdar
artist Salman Qəmbərovun
iştirakı ilə
Azərbaycan və dünya cazının nümunələri səsləndirilib. “Bakustic Jazz” qrupunun müşayiəti ilə
yüksək sənətkarlıqla
ifa olunmuş müxtəlif caz kompozisiyaları musiqi həvəskarlarında böyük
rəğbət doğurub.
Həmin gün Beynəlxalq Muğam Mərkəzində
daha bir konsert Azərbaycan müasir caz ifaçılığının ən parlaq nümayəndələrindən olan Əməkdar artist
Emil Əfrasiyab tərəfindən
təqdim olunub. Gecədə “Emil Əfrasiyab və dostları” adlı etno-caz qrupunun ifasında dünya klassik musiqi nümunələri, məşhur
caz kompozisiyaları və istedadlı cazmenin öz əsərləri səsləndirilib.
Noyabrın 2-də Heydər Əliyev Sarayında festivalın bağlanışı olub. Musiqi bayramına
amerikalı məşhur
cazmenlər Bob Ceymsin və Devid Senbornun
konserti ilə yekun vurulub.
Devid Senborn dünya şöhrətli
saksafon ifaçısı,
bəstəkar və aranjimançıdır, altı
dəfə “Qremmi” mükafatına layiq görülüb. Bob Ceyms
məşhur caz pianoçusu, bəstəkar,
“jazz fusion”, “crossover jazz”, “smoooth jazz” istiqamətlərinin əsasını
qoyanlardan biridir.
Konsertdə musiqiçilərin repertuarlarından əsərlər
səsləndirilib.
Mədəniyyət.- 2013.- 6
noyabr.- S. 5.