Azərbaycan
kitabları İstanbul sərgisində nümayiş olunub
Noyabrın 2-də
32-ci İstanbul Beynəlxalq Kitab Sərgisi işə başlayıb.
TÜYAP sərgi və konqres mərkəzində
gerçəkləşən kitab
bayramına Türkiyədən və dünyanın bir çox ölkələrindən
700-dək nəşriyyat qatılıb. Tədbirdə mədəniyyət
və turizm nazirinin birinci müavini Vaqif Əliyevin rəhbərliyi ilə Azərbaycan
nümayəndə heyəti də iştirak
edir.
Mədəniyyət və Turizm Nazirliyinin və ölkəmizin İstanbuldakı baş konsulluğunun təşkilatçılığı ilə Azərbaycan kitabları da sərgidə geniş şəkildə nümayiş olunur. Milli stendimizdə ulu öndər Heydər Əliyevin zəngin həyat və fəaliyyəti, Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlardan bəhs edən nəşrlər, ölkəmizin bugünkü inkişafını, zəngin mədəniyyət və ədəbiyyatını əks etdirən, Qarabağ problemindən, Azərbaycanın tarixi həqiqətlərindən bəhs edən 300 adda 1000 nüsxəyə yaxın kitab, eləcə də ölkənin turizm potensialı barədə 20 adda 700 nüsxədən çox reklam materialları sərgilənir.
Sərginin ilk günündən Azərbaycan stendinə böyük maraq var. Müxtəlif nəşrlərlə yanaşı, turizm çap məhsulları da ziyarətçilərin diqqətini cəlb edir. Stendimizin ziyarətçilərinə həmçinin Azərbaycanda gedən böyük quruculuq işləri, Qarabağ problemi haqqında geniş məlumat verilir.
Noyabrın 3-də sərgi çərçivəsində “Sözün iki qanadı - Məhsəti Gəncəvi, Nigar Rəfibəyli” mövzusunda elmi, ədəbi-bədii tədbir keçirilib. Görkəmli şairə, mütəfəkkir Məhsəti Gəncəvinin 900 illiyi və XX əsr poeziyamızın tanınmış nümayəndəsi, Xalq şairi Nigar Rəfibəylinin 100 illik yubileyi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin imzaladığı müvafiq sərəncamlara uyğun olaraq keçirilən tədbirdə rəsmilər, millət vəkilləri, ədəbiyyat, mədəniyyət xadimləri iştirak ediblər.
Millət vəkili, Nizami adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, professor Rafael Hüseynovun aparıcılığı ilə keçirilən tədbirdə Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev, millət vəkili Qənirə Paşayeva, ölkəmizin İstanbul şəhərindəki baş konsulu Həsən Zeynalov çıxış edərək Məhsəti Gəncəvi və Nigar Rəfibəylinin həyat və yaradıcılığından söz açıblar. Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə hər iki şairənin yubileylərinin ölkə miqyasında və beynəlxalq səviyyədə geniş qeyd olunduğu diqqətə çatdırılıb. Bildirilib ki, UNESCO tərəfindən 2013-cü ildə Məhsəti Gəncəvinin 900 illik yubileyinin dünya səviyyəsində qeyd edilməsi haqqında qərar qəbul edilib. Bir-birini səkkiz əsrlik tarix ayıran bu iki şairənin əsərlərində qadın ləyaqəti və hüquqları da geniş yer alıb.
Tədbirin sonunda Əməkdar artist, xanəndə Fehruz Məmmədovun rəhbərlik etdiyi muğam qrupunun (Əməkdar artist, tarzən Əlağa Sədiyev, kaman ifaçısı Xəyyam Məmmədov və xanəndə Lalə Hüseynova) ifa etdiyi musiqi parçaları salona toplaşanların alqışları ilə qarşılanıb.
Noyabrın 4-də 32-ci İstanbul Beynəlxalq Kitab Sərgisi çərçivəsində Azərbaycan yazarlarının sərgi ziyarətçiləri ilə görüşü və imza mərasimi keçirilib. Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, yazıçı-publisist, Milli Məclisin deputatı Aqil Abbas, ədəbiyyatşünas alim, professor Rafael Hüseynov, millət vəkili Qənirə Paşayeva oxuculara klassik, müasir Azərbaycan ədəbiyyatı haqqında məlumat verib və öz kitablarını imzalayaraq onlara təqdim ediblər.
Noyabrın 5-i xarici iştirakçılar üçün sərginin son günü olub. Sərgidə nümayiş etdirilən Azərbaycan kitablarının xeyli hissəsi müəlliflərin imza mərasimində kitab sənətimizə, ədəbiyyatımıza böyük maraq göstərən ziyarətçilərə, qalanı isə ölkəmizin İstanbuldakı konsulluğuna hədiyyə olunub.
İstanbul kitab sərgisi Azərbaycan kitablarına, ədəbiyyatımıza, mədəniyyətimizə, ümumilikdə ölkəmizin bugünkü inkişafına, əldə olunan uğurlara beynəlxalq marağın artdığını bir daha əyani surətdə sübut etdi.
Qeyd edək ki,
İstanbul sərgisi yerli
nəşriyyatlar və kitabsevərlər üçün
noyabrın 10-dək davam edəcək. Sərginin
builki fəxri yazarı Osmanlı və türk tarixinə dair əsərlərin
müəllifi Taner Timurdur.
Kitab bayramının fəxri
qonağı isə Çin Xalq Respublikası idi.
Mədəniyyət.- 2013.- 6
noyabr.- S. 4.