Koroğlu aşığı”

 

Aşıq İmran Həsənovun 85 illik yubileyi qeyd olundu

 

Noyabrın 4-də Dövlət Mahnı Teatrında Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Azərbaycan Aşıqlar Birliyinin (AAB) təşkilatçılığı ilə klassik aşıq yaradıcılığının mahir bilicisi, ustad sənətkar, Əməkdar mədəniyyət işçisi İmran Həsənovun 85 illik yubileyi qeyd olundu.

 

Ədəbiyyat və elm adamları, İmran Həsənovun sənət dostları və yetirmələrinin iştirak etdiyi tədbirdə Aşıqlar Birliyinin sədri, Xalq şairi Zəlimxan Yaqub ustad aşığın həyat və yaradıcılığından söhbət açdı, xatirələrini dilə gətirdi. Bildirdi ki, aşıq İmran Həsənov 1928-ci ildə Qərbi Azərbaycanın Göyçə mahalının Ağbulaq kəndində dünyaya göz açıb. Böyüdüyü mühit erkən çağlardan onu bu ecazkar sənətə meylləndirib: “İmran gənc yaşlarından aşıq sənətinə böyük maraq göstərib. Bu müqəddəs sənətin sirlərini və incəliklərini əmisi aşıq Dünyamalıdan öyrənib, gədəbəyli Hüseyn Quliyev, göyçəli Məhərrəm Hacıyev, Hüseyn Dəmirçi, aşıq Əsəd və Mirzədən də yaradıcı şəkildə bəhrələnib. Zil tembrli səsə malik olduğuna görə müasirləri ona hələ sağlığında “Koroğlu aşığı” deyiblər”.

Aşıqlar Birliyinin sədr müavini, Nizami adına Ədəbiyyat İnstitutunun direktor müavini, professor Məhərrəm Qasımlı aşıq İmran Həsənovun bənzərsiz sənət dünyasından danışdı. Qeyd etdi ki, unudulmaz sənətkar yeddi saz havasının yaradıcısı, iki şeir kitabının müəllifi olub, on iki aşığa ustadlıq edib. Uzun müddət yaşayıb-yaratdığı Tovuz rayonunda aşıqlar ansamblının rəhbəri olub: “Onun yaradıcılığı çoxşaxəlidir. Aşıq şeirinin müxtəlif janrlarında qələmini sınayıb. Divani, təcnis, çığalı təcnis, qoşayarpaq, ustadnamə, gəraylı, gözəlləmə, qıfılbənd, müxəmməs və digər janrlarda maraqlı nümunələr yaradıb. Aşıq İmran həmçinin bir sıra respublika və beynəlxalq müsabiqələrin qalibi olub, birinci dərəcəli diplom və qızıl medala layiq görülüb. Ömrünün müdrik, yaradıcılığının coşqun çağlarında - 1999-cu il dekabrın 15-də dünyasını dəyişib. Bu görkəmli sənətkarın işıqlı xatirəsi onu sevənlərin qəlbində daim yaşayacaq”. Folklorşünas Elxan Məmmədli, şair Musa Ələkbərli və başqaları ustad sənətkarın özünəməxsus ifa tərzindən, aşıq sənətinə verdiyi töhfələrdən söhbət açdılar.

Tədbirdə aşığın yubileyi ərəfəsində işıq üzü görən “Sənətimin sultanıyam” adlı şeirlər kitabının da təqdimatı keçirildi.

Aşıq İmranın oğlu Firdovsi Həsənov çıxış edərək sənətkarın ailəsi adından tədbirin təşkilatçılarına və iştirakçılara minnətdarlığını bildirdi.

Sonda aşıq İmran Həsənovun lent yazıları, videogörüntüləri nümayiş olundu, tanınmış və gənc sənətçilərdən aşıq Mahmud, Dəmir Gədəbəyli, Əhliman Şirvanlı, Ədalət Dəlidağlı, Ramin Qarayev, aşıq Telli, Səlcuq Şahbazi (Təbrizli), aşıq Altay, aşıq Məhərrəm, İlham Aslanbəyli və başqalarının ifasında ustad sənətkarın bəstələdiyi havalar və şeirləri səsləndirildi.

 

Savalan Fərəcov

 

Mədəniyyət.- 2013.- 6 noyabr.- S. 4.