Azərbaycan
memarlığı yeni inkişaf
dövrünü yaşayır
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev I Bakı Beynəlxalq Memarlıq Müsabiqəsinin münsiflər heyəti ilə görüşüb
Noyabrın 1-də
mədəniyyət və turizm naziri Əbülfəs Qarayev
I Bakı Beynəlxalq Memarlıq Müsabiqəsinin münsiflər
heyəti ilə görüşdü.
Qonaqları salamlayan nazir Azərbaycanda memarlıq sənətinin keçdiyi tarixi yola nəzər saldı, tarixi əhəmiyyətə malik qədim memarlıq nümunələri barədə danışdı. Qeyd olundu ki, qədim və müasir memarlıq nümunələri yerləşdikləri məkanlara xüsusi gözəllik verir. Bu tarixi abidələrin qorunaraq gələcək nəsillərə çatdırılması istiqamətində Azərbaycan dövləti tərəfindən mühüm işlər görülür.
Bakıda və ölkəmizin regionlarında bir-birinin ardınca maraqlı memarlıq nümunələri olan binaların inşa edilərək istifadəyə verildiyini deyən Əbülfəs Qarayev bütün dövrlərdə belə tikililərin memarlıq sənətinin inkişafına töhfə verdiyini vurğuladı: “Bu gün Azərbaycan memarlığı yeni inkişaf dövrünü yaşayır. Ölkəmiz müasirləşdikcə onun abidələrinin sırasına da yeni nümunələr daxil olur. Son illər Bakıda onlarla yeni memarlıq abidəsi inşa edilib. Bu abidələr milli irsimizi, xalqımızın dünyagörüşünü özündə əks etdirir. Bu tikililər üslub və forma baxımından bir-birilə ahəng təşkil edir».
Nazir onu da dedi ki, Bakıda ilk dəfə keçirilən beynəlxalq müsabiqəyə təqdim olunan 250-dək layihənin 100-dən çoxu Azərbaycan memarlarına məxsusdur: «Bu bizi olduqca sevindirir. İnanırıq ki, bu müsabiqə yeni memarlar nəslinin yetişməsinə, formalaşmasına, tanınmasına öz töhfəsini verəcək».
I Bakı Beynəlxalq Memarlıq Müsabiqəsi münsiflər heyətinin sədri, Beynəlxalq Memarlar İttifaqının baş katibi Mişel Barmaki, münsiflər heyətinin üzvləri - Beynəlxalq Memarlar İttifaqının sabiq prezidenti Vassilis Squtas, ittifaqın vitse-prezidentləri Tomas Vonier və Hayder Ali səmimi görüşə görə minnətdarlıqlarını bildirərək, bu müsabiqənin istedadlı memarların üzə çıxarılmasında böyük rol oynayacağına əmin olduqlarını qeyd etdilər.
Qonaqlar Şərq və Qərb memarlıq üslubunu özündə yaşadan Bakıda olmalarından məmnunluqla danışdılar və paytaxtımızda aparılan quruculuq işlərini yüksək qiymətləndirdilər.
Fəxriyyə Abdullayeva
Mədəniyyət.- 2013.- 6
noyabr.- S. 3.