TÜRKSOY-un yubiley tədbirləri
başa çatıb
Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı
- TÜRKSOY-un 20 illiyi
münasibətilə Türkiyədə keçirilən
silsilə tədbirlər başa
çatıb.
Oktyabrın 1-2-də Ankarada TÜRKSOY Nazirlər Şurasının toplantısı ilə start verilən, müxtəlif şəhərləri əhatə edən yubiley mərasimləri Türk Dünyası Mühəndislər və Memarlar Birliyinin simpoziumu ilə yekunlaşıb. Simpozium 2013-cü ilin “Türk dünyası mədəniyyət paytaxtı” olan Əskişəhərdə, habelə İstanbul və Sakaryada türk ölkələri memarlarının iştirakı ilə gerçəkləşib.
Sakaryada keçirilən mərasimdə TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Türk Dünyası Bələdiyyələr Birliyi və Türk Dünyası Yazıçılar Vəqfinin nümayəndələri təşkilatın ötən 20 ildə keçdiyi yoldan söz açıblar. “Qaşqardan Endülüsə qədər yol” mövzusunda simpoziumda türk dünyası şəhərsalma ənənələri, tarixi memarlıq və gələcək layihələr haqqında məruzələr təqdim olunub. D.Kaseinov Türk Dünyası Mühəndislər və Memarlar Birliyinin sədri Cahit Truhana TÜRKSOY-un xüsusi mükafatı olan kiçik heykəl hədiyyə edib.
Əskişəhər Osmanqazi
və İstanbul Yıldız Texniki Universitetlərində keçirilən simpoziumda Azərbaycan memarları da iştirak ediblər.
Mədəniyyət.- 2013.- 6
noyabr.- S. 3.